Məhkəmə qərarları › İş №2-1(103)-127/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-127/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-127/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı2 cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı (3-cü şəxs X12) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 saylı, 10.03.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar X7 və İddiaçı1 cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı (3-cü şəxs: X12) X2 Rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsini zəbt edərək fərdi yaşayış evi tikmək istədiyi torpağa dair M.Ə.X5 tərəfindən qanunsuz olaraq fərdi yaşayış evi tikintisinə dair torpağa verdiyi 25.03.2005-ci il tarixli 50 saylı qərarın və alqısatqı aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. 02.11.2020-ci il tarixli məhkəmə iclasında iddiaçı X7 əsl İddiaçı2 ilə əvəz edilmişdir. İş üzrə 17.02.2021-ci il tarixli məhkəmə iclasında iddiaçıların “X9 Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpağa fərdi yaşayış evinin tikintisinə dair verilmiş 25.03.2005-ci il tarixli 50 saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 10.03.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbi İddiaçı1 münasibətdə mümkün sayılmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, M.Ə.X5 ilə 27 may 2004-cü il tarixdə iddiaçıya məxsus olan binanın 1-ci mərtəbəsində yerləşən mənzilinin arxasında (binanın arxasında) yerləşən 150 kv.m torpaq sahəsi üçün 20 il müddətə olmaqla icarə müqaviləsi bağlayaraq həmin torpağı istifadə edir. Qeyd edir ki, X12 iddiaçıların ünvan 1 binada 4-cü blok 8-ci mərtəbədə yaşamasına baxmayaraq binanın arxasında yerləşən ünvan 1, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan İddiaçı1 bağ kimi istifadə etdiyi torpaq sahəsini (4 sota yaxın torpağı) zəbt edərək sonradan M.Ə.X3 həbs olunan keçmiş sədrindən saxta yolla guya alqı satqı ilə həmin torpağa fərdi yaşayış evi tikintisinə dair 25.03.2005-ci il tarixli 50 saylı qərar və alqı satqı aktı əldə etmişdir. Bildirir ki, X12 həmin saxta yolla əldə etdiyi Binəqədi rayon icra Hakimiyyətinə aid olan torpaq sahəsində çoxlu sayda mişar daşları tökməklə fərdi yaşayış evi tikmək istəyir və bununla əlaqədar gecə ilə iddiaçıların icarəyə götürüb bağ kimi istifadə etdikləri torpaqla onun zəbt etdiyi torpaq arasında olan turba və setkaları onalrın evdə olmasından suiistifadə edərək sökmüş və 2 metrdən artıq olaraq onların icarəyə götürüb bağ kimi istifadə etdikləri torpağa keçərək zəbt etmişdir. İddiaçılar dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq X12 öz qanunsuz əməllərini davam etdirir. Belə ki, zəbt edərək fərdi yaşayış evi tikdiyi torpağa giriş çıxışı hasara almaq yolu ilə bağlamaqla binanın zirzəmisinə giriş-çıxışı və binanın telefon qovşağına giriş olan saxlanc yerinə girişçıxışı, digər komunal xətlərə giriş-çıxışı bağlamaqla gələcək yaranan təhlükəli və fövqalədə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışı və binanın telefon qovşağına giriş olan saxlanc yerinə giriş-çıxışı, digər komunal xətlərə girişçıxışı mümkün olmayacaqdır. Bildirir ki, X12 zəbt edərək mənzil tikmək istədiyi torpaq Binəqədi Rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsidir və həmin torpaq sahəsi binaya tam yapışıq vəziyyətdədir. Cavabdeh X12 tərəfindən tikinti və şəhərsalma qaydaları pozularaq qanuna zidd tikinti işləri aparılır. Cavabdeh fərdi yaşayış evinin tikintisini başlamaqla ünvan 1 ünvanda yerləşən binada bir çox mənzildə yaşayan ailələrin hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 saylı, 10.03.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 saylı, 10.03.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqi-satqı yolu ilə onun mülküyyətinə satılması haqqında bələdiyyənin 25.03.2005-ci il tarixli, 50 saylı qərarı və 25.03.2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair bağlanmış Akt” barədə iddia qaldırması üçün İddiaçı2 heç bir subyektiv hüququ yaranmamış və belə bir halın mövcudluğu imkanına kifayət qədər hüquqi təminatın təstiqlənməsi nəzərə alınmamış və beləliklə də qeyriobyektiv üsul və vasitə ilə baxılaraq iddianı təmin edən məhkəmə aktı çıxarılmışdır ki, onunla da razılaşmaq mümkün deyildir. Belə ki, Məhkəmənin hakimi hazırda Apellyasiya verilən qərarla belə bir nəticəyə gəlir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyənin yox, dövlət torpaq fonduna aid hesab edilir. Belə olan halla razılaşsaq, hansı ki, bu qeyrimümkündür, onda iş üzrə İddiaçı2 subyektiv hüququnun olmaması və yaranmaması qeyri - şərtsiz öz təstiqini tapır və əsl olmayan şəxs kimi də başqa bir orqan və təşkilatın yerinə iddia ərizəsi ilə çıxış etməsi bələdiyyənin qanuni və əsaslı qərarını Məhkəmədə mübahisələndirərək onu etibarsız etdirməsi yolverilməzdir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikası Milli Elimlər Akademiyası alimləri üçün tikilmiş kooperativ yaşayış binasına ayrılmış yerdə tikilmiş evə 1988-ci ildə köçüb yaşamağa başlamışlar. Həmin vaxtdan da tam yarasız halda olan mübahisələndirilən 250 kv.metr torpaq sahəsi X13 tərəfindən yararlı hala salınaraq istifadəsinə keçmiş və nəhayət Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən 25.03.2005-ci il tarixli, 50 saylı qərarla və Alqı-satqı aktı ilə onun adına rəsimləşdirilmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.X3 25 mart 2005-ci il tarixli X6 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün alqi-satqı yolu ilə mülküyyətinə satılması haqqında 25.03. 2005-ci il tarixli 50 saylı qərarı “Torpaqların alqı-satqısına dair bağlanmış Akt - Qanuni və əsaslı olub, bütün məzmunu ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunveriçilik norma və prinsipləri nəzərə alınaraq icrası təmin edilmişdir. Üçüncü şəxs Bələdiyyənin mülkiyyətində olan 250 kv. m. torpaq sahəsinin bazar satış qiymətini hesablaşma-hesabına tam şəkildə ödəmişdir. 25 mart 2005-ci il tarixdən bu günədək qəbul olunmuş torpağın alqı-satqısına dair Qərarın hüquqiliyinə, qanunvericiliyin tələbinə uyğun nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrin işləri üzrə Departamentinin yoxlamaları zamanı heç bir qanunsuzluq və pozuntusu halı müəyyən edilməmişdir. Üçüncü şəxsin uzun müdddət istifadəmdə olan torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün alqi-satqı yolu ilə mülküyyətimə satılması haqqında 25.03. 2005-ci il tarixli 50 saylı Qərar və 25.03.2005- ci il tarixli “Torpaqların alqı-satqısına dair bağlanmış Akt” barədə onu mübahisələndirilərək etibarsızlığına dair məhkəmədə iddia qaldırması barədə iddiaçının heç bir subyektiv hüququ yaranmamış və belə bir halın mövcudluğu imkanına kifayət qədər hüquqi təminatın təstiqlənməsi nəzərə alınmamışdır. Mübahisələndirilən ərazi üzrə keçirilmiş ekspertiza mötəbər deyil. Belə ki, mütəxəssis tərəfindən mübahisələndirilən əraziyə baxış keçirilməmişdir. Mütəxəssis rəyində mübahisələndirilən torpaq sahəsi hasara alınmış, içərisində yaşayış evi mövcud olmaqla faktiki sahəsi 196 kv.m. təşkil edir (Mübahisıələndiriln həyətyanı torpaq sahəsisinin koordinatlarını və digər texniki parametrlərini əks etdirən sxemlər əlavə edilir) kimi verildiyi halda faktiki olaraq növbəti səhifədəki halda kosmik foto şəkildə (Gooğle Earth) isə həmin ərazi tam boş halda, növbəti səhifə verilmiş sxemdə isə ərazinin “dönğə nöqtələrinin koordinatları" verilməklə, ərazinin sahəsi 266 kv.m. kimi göstərilmişdir. Hansı ki, əraziyə məhkəmə heyəti tərəfindən baxış zamanı ərazidə hər hansı bir tikilmiş yaşayış evinə rast gəlinməmişdir. Ərazinin döngə koordinatları Binəqədi rayonu, M.Ə.X5 tərəfindən bu gün də saxlanılan dəmir mıxçaları tərəfimizdə göstərilsə də sənəddəki cədvəldə tamam başqa rəqəmlər qeyd etmişlər. Hansı ki, Qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş sənəddə ərazi tam düzbucaqlı şəkilində olmaqla sahəsi 250 kv.m.-dir (Sənəd təqdim olunur). “Mütəxəssis rəy”ində mübahisələndirilən ərazinin yerləşdiyi sahənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə institutu tərəfindən 1987-ci ildə verilmiş 4331 saylı “Eskiz - layihə (Sənəd təqdim olunur) sənədlərində həmin ərazinin binanın abadlaşdırma sahəsinə uyqun olduğu fakti nəzərə alınmamış, hər tərəfi icarəyə verilmiş onlarla bələdiyyə torpaqlari əhatəsində olan çəmi 250 kv.m. sahəsi olan bir sahəyə “yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə Dövlət mülkiyyəti torpağıdır “ pəyinin verilməsi tam şəkildə uydurmadan ibarətdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətlərin təmin olunmamasını xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıda verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 07.09.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 3 ünvan da yerləşən 1 nömrəli mənzil İddiaçı2 Tariel qızının xüsusi mülkiyyətindədir. - Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 50 nömrəli 25.03.2005-ci il tarixli Qərarının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. - Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli 25.03.2005-ci il tarixli Qərarına əsasən ünvan 3, mənzil 69-da yaşayan X1 M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsində yaşadığı 57 saylı binanın yaxınlığında yerləşən, daş hasara alaraq uzun müddət bağ sahəsi kimi istifadə etdiyi 250 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə verilməsi barədə 05.03.2005ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının 23.03.2005-ci il tarixli rəyinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.m. torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə X1 mülkiyyətinə verilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmənin sorğusuna cavab olaraq 29.12.2020-ci il tarixli **********12 nömrəli məktubla mütəxəssis rəyi məhkəməyə göndərilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir: “Mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmışdır. Mübahisələndirilən həyətyanı torpaq sahəsi hasara alınmış, içərisində yaşayış evi mövcud olmaqla faktiki sahəsi 196 kv.m təşkil edir (mübahisələndirilən həyətyanı torpaq sahəsinin koordinatlarını və digər texniki parametrlərini, eləcə də elektron kadastr məlumatlarını əks etdirən sxemlər əlavə edilir). - Elektron kadastr məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi 25.03.2005-ci il tarixə kimi və hal-hazırdada yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə Dövlət mülkiyyəti torpağıdır. - Mütəxəssis rəyində göstərilənlərlə yerində müayinə zamanı müəyyən edilənlər arasında (tikili ilə bağlı) ziddiyyət mövcud olduğundan, mütəxəssis rəyini vermiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi İ.Şərifovun məhkəmə iclasında iştirakının təmin edilmişdir. Birinci instansiya məhkəməsinin keçirdiyi yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.metr torpaq sahəsi hasara alınmış sağ tərəfdə fərdi yaşayış evi tikilmiş. Arxa tərəfdə isə doqquzmərtəbəli yaşayış binası mövcuddur. Ərazidə heçbir tikili mövcud deyildir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə iclasında iştirak edən mütəxəssis rəyini vermiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi İ.Şərifov öz izahatında bildirmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 29.12.2020-ci il tarixli **********12 nömrəli mütəxəssis rəyinin bir hissəsində texniki yalnışlığa yol verilmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin içərisində tikili (yaşayış evi) mövcud deyildir. Digər hissələrdə hər hansı yalnışlığa yol verilməmişdir. Belə ki, araşdırma təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmışdır. Mübahisələndirilən həyətyanı torpaq sahəsi hasara alınmış, faktiki sahəsi 196 kv.m təşkil edir. Elektron kadastr məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi 25.03.2005ci il tarixə kimi və hal-hazırdada yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Həmçinin, mütəxəssis bildirmişdir ki, torpaq sahəsinin ölçülərini müəyyən etmək üçün vurulan dəmir mıxçaların yerinin, həmin torpaq sahəsinin ətrafında müəyyən ölçüdə dəyişdirilməsi torpaq sahəsinin mülkiyyət növünün dəyişməsinə səbə ola bilməz, çünki həmin torpaq sahəsi və onun ətrafında yerləşən torpaq sahələri ümumilikdə elektron baza məlumatlarına əsasən dövlət mülkiyyəti torpağıdır. Birinci instansiya məhkəməsi işin hallarına “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2, 58.1, 65.1.2, 65.2, 65.3-cü maddələrini, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 33cü maddəsini, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 4, 6.2-ci maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsini, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 19, 21-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, ƏBinəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli 25.03.2005-ci il tarixli qərarı etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 2-ci bəndinə əsasən bu Qaydalar yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğu ünvanlanaraq Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 25.03.2005-ci il tarixli, 50 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X6 mülkiyyətinə verilmiş ünvan 5 ünvanında yerləşən binanın yaxınlığında yerləşən 250 kv.m. torpaq sahəsinin kimin balansında olmasına dair məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 28.01.2022-ci il tarixli, **********21 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, mövcud arxiv məlumatlarına əsasən ünvan 5 ünvanında X6 mülkiyyətində olan 0,025 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar olunmamışdır. Eyni zamanda məhkəmə tərəfindən İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “X11 və Ekspertiza Mərkəzi” MMC-yə həvalə edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. ünvan 5 ünvanında yerləşən bina ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 25.03.2005-ci il tarixli, 50 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X6 mülkiyyətinə verilmiş 250 kv.m. torpaq sahəsinin ara məsafəsi nə qədərdir?

2. Qeyd olunan ara məsafəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli, 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”-a uyğundurmu? Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən bina ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 25.03.2005-ci il tarixli, 50 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X6 mülkiyyətinə verilmiş 250 kv.m torpaq sahəsinin ara məsafəsi 2,10 metr müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla qeyd olunan ara məsafəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli, 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a uyğun deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsi əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması, həmin torpaq sahəsi ayrılarkən digər daşınmaz əmlaklarla, yəni iddiaçıların mükiyyətçi olduqları mənzillərin yerləşdiyi bina ilə qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsinin gözlənilməməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən X10 ayrılan torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, 25.03.2005-ci il tarixli 50 saylı qərar Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, mübahisələndirilən qərar etibarsız hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı2 isə yuxarıda qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İ.Dağıstanlı küçəsi 57 saylı binanın sakini və həmin binada yerləşən mənzilin mülkiyyətçisi olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının sakini olduğu binanın yaxınlığında müvafiq ara məsafəsi gözlənilmədən ayrılmış torpaq sahəsinə dair inzibati aktın mübahisələndirilməsi üçün subyektiv hüququ mövcuddur. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi və üçüncü şəxs X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 saylı, 10.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar