Məhkəmə qərarları › İş №2-1(103)-1270/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1270/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1270/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə Qubadlı rayonunun Sarıyataq kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) məlumat vərəqəsinin göndərilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-728/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xətti ilə Qubadlı Qarnizonunun Hərbi Prokurorun Mühafizəsi bölməsinin rəisi vəzifəsində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi (zabit vəzifəsindən) pensiya təyin olunması və məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-728/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı barəsində Qubadlı Qarnizonu Hərbi Prokurorluğu Mühafizəsi bölməsinin rəisi vəzifəsində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi (zabit vəzifəsindən) məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Hərbi Prokurorluğuna həvalə edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, İddiaçı barəsində Qubadlı Qarnizonu Hərbi Prokurorluğu Mühafizəsi bölməsinin rəisi vəzifəsində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi (zabit vəzifəsindən) məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Hərbi Prokurorluğuna həvalə edilməsi haqqında iddiasının təmin edilməsi barədə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-728/2020 nömrəli qərarının ləğv edilməsini və təqdim olunmuş sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.1993-cü il tarixli, 121 nömrəli və xx.xx.1993-cü il tarixli 251 nömrəli əmrlərdə İddiaçı hərbi qulluqçu deyil yalnız ehtiyatda olması qeyd edildiyindən onun adına məlumat vərəqəsinin tərtib edilməsi əsassızdır. Bundan əlavə müəyyən edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon şöbəsində İddiaçı əsgər hərbi rütbəsində qeydiyyatda olmaqla hər hansı zabit rütbəsində olması barədə məlumat yoxdur. Məhkəmə kollegiyası iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi hazırkı iş üzrə yekun məhkəmə qərarını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi qismən - iddiaçıya Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xətti ilə Qubadlı Qarnizonunun Hərbi Prokurorun Mühafizəsi bölməsinin rəisi vəzifəsində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi (zabit vəzifəsindən) pensiya təyin olunması hissəsində mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə (bundan sonra - Azərbaycan Respublikasının Silahlı Qüvvələri), bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əmək pensiyası təyin edilməsi ilə bağlı hər hansı səlahiyyəti qanunvericiliklə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli, 1077 nömrəli fərmanı ilə təsdiq edilmiş “ Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində nəzərdə tutduğu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xətti ilə Qubadlı Qarnizonunun Hərbi Prokurorun Mühafizəsi bölməsinin rəisi vəzifəsində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi (zabit vəzifəsindən) pensiya təyin olunması tələbi hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş inzibati orqanın səlahiyyətləri çərçivəsində olmadığından iddia tələbi bu hissədə mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 728/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbi qismən mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-728/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xətti ilə Qubadlı Qarnizonunun Hərbi Prokurorun Mühafizəsi bölməsinin rəisi vəzifəsində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi (zabit vəzifəsindən) pensiya təyin olunması və məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi filialı) göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi qismən - “iddiaçıya Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xətti ilə Qubadlı Qarnizonunun Hərbi Prokurorun Mühafizəsi bölməsinin rəisi vəzifəsində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi (zabit vəzifəsindən) pensiya təyin olunması” hissəsində mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar