Məhkəmə qərarları › İş №2-1(103)-1270/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1270/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1270/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdə əlilliyinin müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyini nəzərə alaraq, aprel və may aylarının ödənişlərinin bərpa edilərək iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9646/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə əlilliyinin müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyini nəzərə alaraq, aprel və may aylarının ödənişlərinin bərpa edilərək iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9646/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyinin müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyini nəzərə alaraq, aprel və may aylarının ödənişlərinin bərpa edilərək iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9646/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik statusunu xx.xx.2021ci il tarixdə “qazanmışdır”. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə edilmiş dəyişiklik xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir və bu tarixdən sonra yaranan münasibətlərə tətbiq olunur. Belə ki, qeyd edilən səbəbdən mübahisələndirilən dövrün iddiaçıya ödənilməsi qanunun tələblərinə ziddir. xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. X1 Sisteminin Əlillik altsistemində iddiaçının İİ dərəcə əlillik müddəti xx.xx.2021-ci il tarixindən əvvəl (xx.xx.2021-ci il tarixdə) qüvvəyə mindiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan cavabdeh orqan tərəfin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyatı üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2010-cu il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq Sizə həmin tarixdən İİ dərəcə əlilliyə gorə əmək pensiyası təyin edilmişdir. Məlumat uçun bildiririk ki, X1 Sisteminin Əlillik altsistemində əlillik müddətinizin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq həmin tarixdən əmək pensiyanızın ödənişi dayandırılmışdır. Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Qeyd olunanlara əsasən bildiririk ki, xx.xx.2021-ci il tarixindən İİ dərəcə əlilliyiniz müəyyən olunmuş və buna müvafiq olaraq əlilliyə görə əmək pensiyanızın ödənişi qeyd olunan tarixdən 317,59 manat olmaqla bərpa edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 328,39 manata çatdırılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bildiririk ki, yuxarıda qeyd edilən dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, X1 Sisteminin Əlillik altsistemində İİ dərəcə əlilliyinizin müddəti xx.xx.2021-ci il tarixdən əvvəl (xx.xx.2021-ci il tarixində) qüvvəyə mindiyi üçün 01.04 2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək dövrlər üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən 01.01 2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2010-cu il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəb göstərilərək əmək pensiyanın ödənişi dayandırılmışdır. İddiaçının əlilliyi təkrar qiymətləndirilmiş, ona xx.xx.2021-ci ildə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və həmin tarixdən əmək pensiyası yenidən bərpa edilmişdir. İddiaçı tərəfindən cavabdehə ərizə ilə müraciət olunmuş və aprel-may aylarının ödənişlərinin bərpa edilərək ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə mindiyi və iddiaçının əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdən əvvəl (xx.xx.2021-ci il tarixində) bərpa edildiyi üçün qeyd olunan fərq məbləğinin hesablanaraq ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əlillik müddəti dayandırıldıqdan sonra iki ay müddətində pensiyanın bərpa edilməsi üçün müraciət etmiş, əlilliyi yenidən xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir, yəni əlillik müddətinin dayandırılmasından əlilliyin bərpa edildiyi tarixə qədər olan dövrdə də əlilliyinin olması təsdiq edilən şəxsdir, əlilliyi olan şəxslərin əlilliyə görə sosial təminat almaq hüquqlarının olması qanunvericilikdə təsbit edildiyinə və dövlət siyasətinin tərkib hissəsi olduğuna görə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək dövr üçün (2021-ci ilin aprel, may ayları üçün), lakin 6 aydan çox olmayan bir müddətdə ona əlilliyə görə əmək pensiyasının ödənilməsini tələb etmək hüququ vardır. Apellyasiya şikayətində cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının İİ dərəcə əlillik müddəti xx.xx.2021-ci il tarixindən əvvəl (xx.xx.2021-ci il tarixdə) qüvvəyə mindiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddədə göstərilmiş hal iddiaçının “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul edilməlidir və göstərilən qanun norması iddiaçıya münasibətdə şamil edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9646/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar