Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1270/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «borca görə siyahıya alınmış əmlakın satılması»na dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9019/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı «borca görə siyahıya alınmış əmlakın satılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun işsizlikdən sığorta fonduna borcu yaranmşdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 2 fevral 2023-cü il tarixli qərar çıxarmışdır. Həmin qərar əsasında vergi ödəyicisinin 2 fevral 2023-cü il tarixə yaranan 1.402,05 manat borcuna görə onun 14.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 6 fevral 2023-cü tarixli **********59 nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 2 fevral 2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən İşsizlikdən sığorta fonduna 1.402,05 manat borcu qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-1, 52, 77, 78, 85-ci maddələrinə, İPM-in 2.1, 2.2.7-ci maddələrinə əsaslanaraq, Cavabdeh MMC-nin 3 fevral 2023-cü il tarixə İşsizlikdən sığorta fonduna ödənilməmiş 1.402,05 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 14.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9019/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı (hakim R.Kərimli) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh MMC-nin vergi öhdəliyini qanunla müəyyən edilmiş vaxtda yerinə yetirmədiyinə görə öhdəliyin ödənilməsinin təmini üsulu kimi onun əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********59 nömrəli xx.xx.2023-cü il tarixli “Əmlakın siyahıya alınması haqqında” protokol tərtib edilərək vergi ödəyicisinə məxsus olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, F.Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirqasımov küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən, sahəsi 18 kv.metr olan qaraj siyahıya alınmışdır. Siyahıya alınma prosesində vergi ödəyicisi özü iştirak etmiş, protokol və akt onun tərəfindən imzalanmış, eyni zamanda siyahıya almaya təqdim edilmiş qarajın müəssisəyə məxsus olması barədə arayış təqdim edilmişdir. Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən, əmlak siyahıya alınarkən protokol tərtib edilir və siyahıya alınan əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Göründüyü kimi, əmlak siyahıya alınarkən onu əks etdirən zəruri cəhətlər protokolda əks olunmalıdır və məhkəmənin icraatında olan işlə bağlı həmin cəhətlər də, yəni əmlakın dəqiq adı və qiyməti əks olunmuşdur. Beləliklə, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması prosesində pozuntuya yol verilməmişdir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən müvafiq sorğuya cavab olaraq alınmış xx.xx.2023cü il tarixli məktuba əsasən, Cavabdeh MMC-nin adına Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, F.Qasımzadə, M.Qaşqay və Ak.Mirqasımov küçələrinin kəsişməsində yerləşən tikilinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməməsini bildirərək siyahıya alınmış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasının həmin qaraj sahəsinin satılmasının mümkünsüzlüyü nəticəsinə gəlməyə əsas verdiyini, beləliklə də cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədilə həmin qaraj sahəsinin satışının həyata keçirilməsinin mümkünsüzlüyünü əsas gətirib iddianı rədd etmişdir. Lakin, bununla bağlı bildirilir ki, Cavabdeh MMC barəsində tərtib edilmiş “Əmlakın siyahıya alınması haqqında” protokolda qeyd olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, F.Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirqasımov küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qaraj sahəsinin vergi ödəyicisinə məxsus olması barədə vergi ödəyicisinin rəhbəri S.A.Səməd-zadədən imzalanıb möhürlənmiş arayış alınmış, bina təhvil verilmədiyinə və həmin qaraj sahələrinin çıxarışı olmadığına görə onların Cavabdeh MMC-yə məxsus olması barədə hər hansı digər sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 90-cı maddəsinin 3.3.9-cu bəndinə əsasən tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri vergi orqanının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) hərracı keçirməsi üçün ünvanladığı sifarişə əlavə edilməlidir. Qeyd olunan maddənin məzmunundan məlum olur ki, əmlakın satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə minəndən sonra həmin qərarı icra edən vergi orqanı siyahıya alınmış əmlakın satışını həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) sifariş verərkən məhkəmə qərarı ilə birlikdə yuxarıda qeyd olunan sənədləri də əlavə edir. Qanunvericiliyin tikintisi başa çatmamış obyekt üzərində hüququn satılması üçün hansı sənədlərin lazım olduğunu xüsusi vurğulamağı onu deməyə əsas verir ki, vergi orqanının Cavabdeh MMC-yə məxsus əmlakın satılması ilə bağlı məhkəmədə qaldırdığı iddia əsaslıdır. Belə ki, qanunvericilik siyahıya alınmış əmlakla bağlı sənədlərin məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra təqdim edilməli olmasını tənzimləmişdir və xüsusi olaraq tikintisi başa çatmamış obyektlər üzərində hüququn satılması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətlərinin sifarişə əlavə edilməli olmasını qeyd etmişdir. Məlumdur ki, tikintisi başa çatmayan obyekt daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmır və onların məhz qeyd olunan maddədə göstərilən sənədləri olur. Məhkəmə tikintisi başa çatmamış əmlak üzrə yuxarıda qeyd olunan sənədlərin mövcudluğunu yoxlamalı olduğu halda yanlış olaraq həmin əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığını araşdırmışdır. xx.xx.2023-cü il tarixdə **********7 nömrəli “Əmlakın siyahıya alınması haqqında” protokol üzrə Cavabdeh MMC-yə məxsus olmaqla siyahıya alınmış Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, F.Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirqasımov küçələrinin kəsişməsindəki yaşayış binasının zirzəmisində yerləşən hər biri 18 kv.metr olan 2 ədəd qaraj sahəsinin hərracda satılması və satışdan əldə edilən vəsait hesabına büdcəyə olan borcun ödənilməsi haqqında Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 9173/2023 nömrəli qərarı vergi orqanına daxil olmuş və qərarın icrası ilə bağlı həmin siyahıya alınmış əmlakların hərracda satılması üçün tədbirlər görülməkdədir. Qeyd edilən xx.xx.2023-cü il tarixli **********7 nömrəli “Əmlakın siyahıya alınması haqqında” protokol, **********9 nömrəli protokolla eyni vaxtda tərtib edilmiş və vergi ödəyicisinin rəhbərinin təqdim etdiyi arayışdan başqa hər hansı bir sənəd əlavə edilmədiyi halda, Bakı İnzibati Məhkəməsi əmlakın hərracda satılması barədə qərar qəbul etmişdir. Lakin göründüyü kimi, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan halları nəzərə almamışdır. Məhkəmə kifayət qədər araşdırma aparmamış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş, Cavabdeh MMC-nin adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilməməsi barədə məktubu iddianın rədd edilməsi üçün yetərli saymışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 17 yanvar 2023-cü il tarixli **********511800 nömrəli bildirişdən görünür ki, Cavabdeh MMC-nin 17 yanvar 2023-cü il tarixə ümumilikdə 1.402,05 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 1.276,98 manat, faizlər üzrə 125,07 manat vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” 2 fevral 2023-cü il tarixli **********9 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh MMC vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün onun əmlakının siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” 21 iyun 2022-ci il tarixli ********** nömrəli protokoldan görünür ki, vergi ödəyicisi kimi Cavabdeh MMC-nin İşsizikdən sığorta fonduna ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə nümayəndəsinin iştirakı ilə ona məxsus 18 kv.m ölçüdə qaraj sahəsi (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, F.Qasımzadə, M.Qaşqay və Ak.Mirqasımov küçələrinin kəsişməsində siyahıya alınmışdır. Bu barədə 6 fevral 2023-cü il tarixdə akt tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən müvafiq sorğuya cavab olaraq alınmış 29 avqust 2023-cü il tarixli məktubda bildirilir ki, Cavabdeh MMC adına Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, F.Qasımzadə, M.Qaşqay və Ak.Mirqasımov küçələrinin kəsişməsində yerləşən tikilinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Barəsində soruşulan daşınmaz əmlaklara dair ətraflı və dəqiq məlumat (tikilinin nömrəsi, sahə və koordinat göstəriciləri və s.) təqdim edildiyi təqdirdə, sorğuya yenidən baxıla bilər. Beləliklə işdən müəyyən olunur ki, Cavabdeh MMC vergi ödəyicisi kimi İşsizlikdən sığorta fonduna olan 1.402,05 manat borcunun ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, həmin borcun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borcunun ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən, 2 fevral 2023-cü il tarixdə cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun əmlakının siyahıya alınması barədə qərar qəbul olunmuşdur. Bundan sonra 6 fevral 2023-cü il tarixdə həmin qərarın icrası üzrə vergi ödəyicisinə məxsus əmlak kimi ona məxsus olan 18 kv.m ölçüdə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, F.Qasımzadə, M.Qaşqay və Ak.Mirqasımov küçələrinin kəsişməsində yerləşən qaraj sahəsi siyahıya alınmışdır. Hazırda iddiaçı həmin qaraj sahəsinin siyahıya alınmış əmlak kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasını tələb edir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının: 6.10-cu bəndinə əsasən siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir: 6.10.5 Vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. 6.19-cu bəndinə əsasən əmlakın siyahıya alınma prosesində bir neçə mütəxəssis iştirak edirsə, Protokolun və Siyahının müvafiq sətirlərində prosesdə iştirak edən hər mütəxəssisin soyadı, adı, atasının adı qeyd edilir və Protokol ilə Siyahı hər bir mütəxəssis tərəfindən ayrıca imzalanır. Daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir. Siyahıya alınmış əmlakın vergi ödəyicisinin mülkiyyətində olduğunu sübut etmək vəzifəsi, yəni sübut etmək yükü hazırkı halda iddiaçının üzərinə düşdüyü halda, iddiaçı siyahıya almanı həyata keçirərkən 2020-ci il 14 fevral tarixli Qaydaların 6.19-cu bəndində nəzərdə tutulmuş sənədləri əldə etməmiş və həmin sənədləri sübut qismində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarına əsasən “Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.” Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı)”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 10.0. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: 10.0.1. bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər; 10.0.2. bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər; 10.0.3. Azərbaycan Respublikasının dövlət vergi orqanları; 10.0.4. Azərbaycan Respublikasının gömrük orqanları; 10.0.5. bu Məcəllə ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları; 10.0.6. bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər. 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqları sırasında göstərilmişdir. 52.1. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, vergi ödəyicisi kimi hazırkı Cavabdeh MMC-nin müvafiq borcu olsa da, həmin borcun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmalı əmlakın seçimini münasib etməmişdir. Belə ki, iddiaçının siyahıya alınmış əmlakı qaraj sahəsidir, yəni daşınmaz əmlakdır. Lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, həmin qaraj sahəsinin satılması mümkünsüzdür. Odur ki, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədilə həmin qaraj sahəsinin satışı həyata keçirilə bilməz. Əmlakın hərracda satışı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hərracı vergi orqanın sifarişi əsasında həyata keçirir. Vergi orqanın sifarişi ilə daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilməlidir. Lakin hazırkı işdə qeyd olunan sənədlər mövcud deyildir. Belə ki, siyahıya alınmış qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən qeydiyyatdan keçməmiş və müvafiq çıxarış verilməmişdir. İddiaçı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh MMC-nin balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, F.Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirqasımov küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən, sahəsi 18 kv.metr olan qarajın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbini irəli sürsə də, həmin qeyri-yaşayış sahəsinin cavabdehin mülkiyyətində olması və yaxud cavabdehin həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, siyahıya alınmış və mülkiyyət hüququ təsdiq olunmayan daşınmaz əmlak hərracda satıldığı təqdirdə, alıcı həmin tikiliyə mülkiyyət hüququnu əldə edə bilməyəcək və nəticədə hərrac baş tutmayacaq. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, o cümlədən siyahıya alınan əmlakın cavabdehin mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş və hazırki iş üzrə qərar qəbul edərkən və siyahıya alınmanı həyata keçirərkən MM-in 139, 140, VM-in 89, 90-cı maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının tələbləri pozulmuşdur. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili məhkəmənin kifayət qədər araşdırma aparmaması, vəzifəsi olduğu halda zəruri sübutlar toplamaması, məhkəmənin yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək qərar qəbul etməsindən ibarətdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vergi orqanı siyahıya almanı həyata keçirərkən daşınmaz əmlak siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə etməlidir. Halbuki, vergi orqanı siyahıya alınmış daşınmaz əmlakın Cavabdeh MMC-nin mülkiyyətində olmasına dair hər hansı sübutu siyahıya əlavə etməmiş, o cümlədən məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi kifayət qədər araşdırma apararaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 24 iyul 2023cü il tarixli sorğu verərək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, F.Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirqasımov küçələrinin kəsişməsində yerləşən tikilinin (bina, qeyriyaşayış sahəsi və s.) daşınmaz əmlakın dövlət qeydiyyatına alınıb-alınmaması öyrənilmiş və sorğuya verilən cavaba əsasən müəyyən edilmişdir ki, qeyd olunan tikilinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ümumi sözlərdən istifadə edilməklə əsaslandırılmağa çalışılmış, hansısa əsaslı dəlil, sübut göstərilməmişdir. Şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9019/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə