Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1271/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X11 və X9 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndələri X3, Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X6 (3-cü şəxslər “xxxxxxxxx” MMC və Azərbaycan Respublikası Vergilər Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-482/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X6 (3cü şəxslər “xxxxxxxxx” MMC və Azərbaycan Respublikası Vergilər Nazirliyi) qarşı“kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün alınan Səbail rayonu, Dəniz küçəsində yerləşən 400 kv.m. torpaq sahəsinin kompensasiyasının, həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın, cəmiyyətin əmlakına vurulan zərər görə 697 240 manat məbləğin və əldən çıxmış faydaya görə 670 000 manat məbləğin, ümumilikdə 5 000 000 manat məbləğində pulun İddiaçı MMC-yə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X5 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə xx xxxx 2005-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində “xxxxxxxxxxx” MMC təsis edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində qeydiyyatdan keçirilmişdir. Müvafiq qaydada Səbail rayon Bələdiyyəsinə müraciət edilərək, bələdiyyənin sərəncamı ilə 400 kv.metr dəniz sahilində yerləşən torpaq sahəsi İddiaçı MMC-yə ayrılmış, tikinti başlanması üçün layihə-smeta sənədləri hazırlayaraq, aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tikintiyə başlamaq üçün Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasına Cəmiyyət tərəfindən müraciət edilmişdir. Administrasiya sənədlərlə tanış olduqdan sonra Gəmi yanalma körpüsünün inşasına razılıq vermiş, tikinti işlərini həyata keçirmək üçün investisiya layihəsi hazırlanmış və Azərbaycan Respubikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna təqdim olunmuş, investisiya layihəsinə fondun müşahidə şurasında baxılıb razılıq verildikdən sonra “xxxxxxxxxx” ASC-dən 800 000 (səkkiz yüz min) manat məbləğində kredit götürülüb tikinti başlanılmış və müvəffəqiyyətlə həyata keçirilmişdir. Sahibkarlıq fəaliyyəti günün tələbləri səviyyəsində qurularaq müəssisənin fəaliyyəti qanunvericilik çərçivəsində həyata keçirilmişdir. 2011-ci ilin sonlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X5 nümayəndəsi Cəmiyyətin təsisçisi X4 müraciət edilərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1940 nömrəli Sərəncamına əsasən, Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı işlərin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X6 tapşırılmış və bunun üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan pul ayrılmışdır. Bu səbəbdən Cəmiyyətin istifadəsinə ayrılmış 400 kv.metr dəniz sahilində yararsız torpaq sahəsinin dövlət ehtiyacı üçün alınması zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq Cəmiyyətə məxsus avadanlıqların ərazidən çıxarılması üçün vaxt veriləcəyi və kompensasiya ödəniləcəyi bildirilmişdir. Lakin tikinti və söküntü işlərini həyata keçirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X10 və Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Auditi Departamenti şöbəsinin əməkdaşları heç bir xəbərdarlıq etmədən gəmi yanalma körpüsünün bütün ərazisini, o cümlədən, tikililəri, inzibati və ofis binalarını vəhşicəsinə sökmüşlər. Nəticədə kreditlə alınmış avadanlıqlar sıradan çıxmış və istifadəyə yararsız vəziyyətə düşmüşdür. Üzən tərsanə müvəqqəti olaraq Bakı Ticarət Limanının ərazisinə yerləşdirilmiş və hazırda fəaliyyət göstərmir, onların da gələcəkdə fəaliyyət göstərib-göstərməyəcəkləri barədə heç bir məlumat verilməmişdir. Halhazırda müəssisə ciddi iqtisadi böhrana məruz qalmış və iflas halına düşmüşdür. Kreditin 550 000 (beş yüz əlli min) manat qalıq məbləğinin və ona gündəlik hesablanan faiz məbləğlərinin ödənilməsi mümkünsüz olmuş və cəmiyyətdə işsizlik yaranmışdır. Hazırkı günə qədər nə kompensasiya, nə də əmlaka vurulmuş zərər ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-482/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam xx xxxxxx 2011-ci ildə və xx xxxxx 2012-ci ildə qəbul edilmişdir, lakin məhkəmənin istinad etdiyi X5 Nizamnaməsi xx xxxx 2018-ci ildə, Yerli icra hakimiyyətləri haqqında Əsasnamə isə x xxxx 2012-ci il tarixdə Azərbyacan Respublikası Prezidentinin fərmanları ilə təsdiq edilmişdir. Beləliklə aydın olur ki, Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı işlərin görülməsini təmin etmək vəzifəsi X6 həvalə edilən zaman qərardadda istinad edilən Nizamnamə və Əsasnamə mövcud olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, sərəncamda qeyd olunur ki, genişləndirmənin aparılması ilə bağlı tədbirlər görülsün. Söküntü elə genişləndirməyə daxildir. Bulvar İdarəsinin nümayəndələrinin özləri yaxınlaşıb deyiblər ki, biz buranı sökürük. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsində iddiaçı bildirmişdi ki, söküntünü aparan “xxxxxxxxx” MMC-nin adı yazılmış şirkətin nümayəndələridir. Sərəncamda söküntü yox, genişləndirmə qeyd olunub. Genişləndirməyə abadlaşdırma və s. daxildir. X5 elə bir qüvvəsi, hakimiyyət səlahiyyəti yoxdur ki, gəlib orada əmlakı söksün. Sərəncamın icrası Nazirlər Kabinetinə, ondan da əlavə Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunub. İddiaçı özü iş materiallarına sənəd əlavə edib ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, onların da məktubu var ki, söküntü məsələləri ilə Səbail Rayon İcra Hakimiyyəti maraqlanır, çünki onun ərazisidir. Bulvar İdarəsinin elə bir hakimiyyət səlahiyyəti yoxdur ki, nə hüquqi baxımından, nə də fiziki baxımından ki, söküntü işlərini aparsın. İddiaçının subyektiv hüququ da yoxdur. X4 torpaq sərəncamla verilib. Bu gün Tərsanə tələb edir ki, həmin torpağa zərər dəyib bizə kompensasiya ödəyin. Nə olsun ki, Tərsanənin direktorudur. Fiziki şəxs kimi tələb edə bilər. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi 400 kv.m. torpaq sahəsinin kompensasiyasının, həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın, cəmiyyətin əmlakına vurulan zərər’ görə məbləğin və əldən çıxmış faydaya görə məbləğin İddiaçı MMC-yə ödənilməsi öhdəliyinin qoyulması barədədir. Birinci instansiya məhkəməsi hazırkı iddianı mümkün saymamaq barədə qərar qəbul edərkən cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X5 cavab verməli orqan olmadığı qənaətinə gəlmiş və iddiaçı tərəfə izah etmişdir ki, qaldırılmış məsələ ilə bağlı əvvəla müvafiq yerli icra hakimiyyətinə müraciət etməli, xahişi təmin edilmədiyi təqdirdə isə məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş X5 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən X10 Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Digər tərədən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.1-ci bəndinə əsasən müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini yerli icra hakimiyyətləri təmin edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmçinin qeyd edir ki, iddiaçının iddia tələbinin bir hissəsi 400 kv.m. torpaq sahəsinin kompensasiyasının, həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın İddiaçı MMC-yə ödənilməsi öhdəlinin qoyulması barədədir. İş materiallarından görünür ki, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli sərəncamı ilə Səbail rayonu Dəniz küçəsində Bələdiyyə ərazisinə məxsus 400 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında X3 adına sənədləşdirilməsi müəyyən edilmişdir. Həmçinin torpaqların alqı-satqısına dair akta əsasən 400 kv.m torpaq sahəsi X1. Kollegiya hesab edir ki, hazırda X2 400 kv.m torpaq sahəsinə görə İddiaçı MMC tərəfindən kompensasiyasının, həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsinin tələb edilməsi üçün subyektiv hüququ yoxdur. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) X4 ünvanladığı xx.xx.2013-cü il tarixli məktubunun surətində qeyd edilir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC-nin təsisçisi olaraq həmin söküntü işləri ilə əlaqədar ərizəniz xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetindən Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş, söküntü məsələləri Səbail Rayon İcra Hakimiyyətinə həvalə olunduğundan, ərizəniz aidiyyəti üzrə oraya göndərilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, Q-7 saylı məktubu ilə qaldırılan məsələyə yalnız hüquqi müstəvidə baxılmalı olduğundan, mülki mübahisəli məsələ ilə əlaqədar prosessual normalara uyğun olaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Yuxarıda qeyd edilən məktuba istinadən də müəyyən edilir ki, söküntü işləri hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X10 tərəfindən aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-482/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1271/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1271/2020
13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver