Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1271/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-7048/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi işə cəlb edilməklə 10.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə və 18.02.1994-cü il tarixdən 12.055.1994-cü il tarixinədək atəşkəs elan edilənə qədər DİNin Daxili Qoşunarın sıralarında N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissədən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi və qərardan irəli gələn ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı 10.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə arxiv arayışının verilməsi Daxili Qoşunların Baş İdarəsinin səlahiyyətlərinə aid olmadığından, bu məhkəmə tərəfindən nəzərə alınaraq, cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz olunmalıdır. Həmçinin, X3 verilmiş 361 nömərli, 29.10.2020-ci il tarixli arayışdan məlum olur ki. İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumatın aşkar olunmaması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bundan əlavə, İddiaçı 10.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, eyni zamanda həmin tarixlərə daxil olan vaxtlarda, yəni 18.02.1994-cü il tarixdən 12.05.1994-cü il tarixədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olu ki, İddiaçı daxili qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmadığından cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı iddiası təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-7048/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən onun xidməti barədə məlumat verilməsinə dair Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin sədrinin sorğusuna verilmiş arayış (məktubu) mübahisələndirərək, 10.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azəbraycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə və 18.02.1994-cü il tarixdən 12.05.1994-cü il tarixinədək atəşkəks elan edilənə qədər DİN-in Daxili Qoşunları sıralarında N saylı hərbi hissədə bütün xidmətləri barədə tələb olunan əmrlər əsasında arxiv arayışının verilməsini tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakmiyyət tədbirdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən, aralıq inzibati akt – konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun)“inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Göründüyü kimi inzibati aktın əsas səciyyəvi cəhətlərindən biri də onun hüquqi nəticələr yaratmasıdır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı barəsində verilmiş 15.09.2020-ci il tarixli arxiv arayışını mübahisələndirirək, ona xidməti barədə ətraflı arxiv arayışı verilməsini xahiş etsə də, həmin arayış məlumat xarakterli olub, arxivdə olan məlumatlar əsasında iddiaçıya verildiyindən, həmin arxiv arayışı inzibati akt kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi, həmçinin, qeyd etmişdir ki, iddiaçı 10.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidmət keçməsi barədə arxiv arayışının verilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsindən tələb etsə də, iddiaçının həmin illərdə xidməti barədə arayışın verilməsi Daxili Qoşunların Baş İdarəsinin səlahiyyətinə aid ola bilməz. Bu səbəbdən də, iddia üzrə həmin hissədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi ümumiyyətlə cavabdehlik daşıya bilməz. Bundan başqa, apellyasiya baxışı zamanı təqdim edilmiş sənəddən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən 03 iyun 2021-ci il tarixli 190 saylı arxiv arayışı verilmiş, həmçinin arayışda qeyd edilmişdir ki, arxiv sənədlərində İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmadı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-7048/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1271/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1271/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver