Məhkəmə qərarları › İş №2-1(103)-1271/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1271/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1271/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməklə 01 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8731/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməklə 01 may 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması tələbi irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8731/2021 saylı, 29.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməklə 01 may 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının 1966-cı il tarixdən 1968-ci il tarixədək, 1972-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayon “H.Aslanov adına kolxoz”da işlədiyi dövrlər üzrə əmək haqqı alması ilə bağlı arxiv arayışı mövcud olsa da, həmin illər iddiaçının əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Əlavə olaraq, iddiaçının 1968-ci il tarixədək, 1972-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayon “H.Aslanov adına kolxoz"da işlədiyi dövrlər üzrə işə daxilolma və işdən azad edilmə barədə əmrləri də mövcud olmamışdır. Həmçinin İddiaçı Cəbrayıl rayon “H.Aslanov adına kolxoz”da işlədiyi dövrlər üzrə Cəbrayıl rayon Dövlət Arxivinin bir-birilə ziddiyyət təşkil edən arayışları mövcuddur. Belə ki, Cəbrayıl rayon Dövlət Arxivinin 20 may 2021-ci il tarixli arayışında İddiaçı işlədiyi 1986-1987-ci illər üzrə müəyyən edilmiş əmək günü norması 180 gün olduğu və iddiaçının həmin dövrlərdə 313, 356 iş günü yerinə yetirdiyi geyd olunmuşdur. Lakin Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən verilmiş digər arayışda 1986-1987-ci illərdə müəyyən edilmiş əmək günü norması 200 gün olduğu və iddiaçının həmin dövrlərdə yerinə yetirdiyi iş günü 350, 356 gün kimi geyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatarını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Cəbrayıl rayon İcra hakimiyyəti Cəbrayıl rayon Dövlət Arxivinin 01.07.2021-ci il tarixli arayışına əsasən, Cəbrayıl rayon Dövlət Arxiv idarəsi tərəfindən Cəbrayıl rayon H.Aslanov adına kolxozun sabiq üzvü İddiaçı 1966-1993cü illərdə fasilələrlə 25 il (1966-1968; 1972-1993-cü illər) əmək haqqı və stajı olmuşdur. Qeyd edilən arayışa əsasən müəyyən olunur ki, 1966-1985-ci illərdə Cəbrayıl rayon H.Aslanov adına kolxozda müəyyən edilmiş minimum adam günü norması 220 gün qarşılığında İddiaçı il ərzində işlənmiş iş günü illər üzrə ən azı 234 iş günü, 1986-1993-cü illərdə müəyyən edilmiş minimum adam günü norması 180 gün qarşılığında İddiaçı il ərzində işlənmiş iş günü illər üzrə ən azı 202 gün olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Cəbrayıl rayon filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Cəbrayıl rayon “H.Aslanov” kolxozun 15 nömrəli fondda saxlanılan kolxozçunun əmək stajı və qazancının uçot kitabında kişilər üçün əmək günlərinin və ya adam günlərinin müəyyən edilmiş 1966-cı ildən 1985-ci ilə kimi 220 (iki yüz iyirmi) və 1986-cı ildən 1993-cü ilə kimi 180 minumum iş günü təyin edilmişdir. İddiaçı əmək kitabçaçının təsdiq edilmiş surətindən görünür ki, o, 04.01.1994-cü ildən 27.12.1998-ci ilə kimi Saatlı rayon Sabir adına kolxozda işləmişdir. İddiaçı 1967- 1968-ci illərdə bir il ərzində texniki peşə təhsili almışdır. İşdən göründüyü kimi, iddiaçıya əlilliyə görə 24.02.2000-ci ildə pensiya təyin edilmiş, 01.05.2020-ci il tarixdən əlilliyə görə pensiya növündən yaşa görə pensiya növünə keçirilməsinə dair 08.12.2020-ci il tarixli ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın təmin edilməsilə, yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərt – 65 yaş; fərdi hesabın sığorta hesabında toplanan pensiya kapitalı və ya 25 il staj mövcud olmalıdır. İş materiallarından görünür ki, iddiaçının pensiya təyin edilməsi üçün müraciət etdiyi vaxtda 74 yaşı olmuşdur. İddiaçının iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus ******* nömrəli kolxozçunun əmək kitabçasında 04.01.1994-27.12.1998-ci illəri əhatə edən fəaliyyət dövrü əhatə olunmuşdur. Bundan əvvəlki fəaliyyət dövrünü əks etdirən sənəd qismində isə iş materiallarında olan 01.07.2021-ci il tarixli 39 saylı Cəbrayıl rayon dövlət arxivinin arayışı təqdim edilmişdir. İddiaçının iş stajını mübahisəli hesab edən cavabdeh apelyasiya şikayətində mövqeyini əsaslandırarkən, 1966-1968 və 1968-1972-ci illər arasındakı fəaliyyət dövrlərinin əmək kitabçasında qeyd olunmadığını, həmin dövrlərə dair əmrlərin olmamasını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyinə dair qeydlərin əmək kitabçasında öz əksini tapmaması ona pensiya təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. .... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01.01.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01.01.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci, yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydaları: Bənd 117 “q”. Arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməli olması ilə bağlı məcburi göstəriş nəzərdə tutulmamışdır. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı, iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Sadalanan normaların tələblərindən də aydın göründüyü kimi, əmək kitabçasında qeyd olunmasa belə, şəxsin əmək fəaliyyəti dövrünün iş stajı olaraq nəzərə alınması üçün digər sənədlər də hüquqmüəyyənedici qismində qəbul edilir. Lazımi qaydada təsdiq edilmiş arxiv arayışı həmin hüquqmüəyyənedici sənədlərin siyahısına daxil edilmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçı tərəfindən təqdim edilmiş 01.07.2021-ci il tarixli arxiv arayışının mötəbərliyini şübhəli hesab edərək, qeyd etmişdir ki, 1966-1968 və 1972-1993-cü illər arasındakı fəaliyyət dövrünü əks etdirən fərqli arayışların birində əmək günü norması 180 gün olduğu və iddiaçının həmin dövrlərdə 313, 356 iş günü yerinə yetirdiyi, digər arayışda 1986-1987-ci illərdə müəyyən edilmiş əmək günü norması 200 gün olduğu və iddiaçının həmin dövrlərdə yerinə yetirdiyi iş günü 350, 356 gün olduğu qeyd edilmişdir. Sübut qismində məhkəməyə tarixi və nömrəsi görünməyən arxiv arayışının surətini təqdim etmişdir. AR İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilən ziddiyyyətli halın araşdırılması məqsədilə, Cəbrayıl rayon dövlət arxivinə müraciət edilərək, iddiaçının 1966-1968 və 1972-1993-cü illər arasındakı fəaliyyət dövrünə dair yeni arayışın təqdim edilməsi tələb edilmişdir. AR Milli Arxiv idarəsi Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivinin 28 mart 2022-ci il tarixli, 22 saylı arayışından müəyyən edilir ki, 1966-1985-ci illərdə Cəbrayıl rayon H.Aslanov adına kolxozda müəyyən edilmiş minimum adam günü norması 220 gün qarşılığında İddiaçı il ərzində işlənmiş iş günü illər üzrə ən azı 234 iş günü, 1986-1993-cü illərdə müəyyən edilmiş minimum adam günü norması 180 gün qarşılığında İddiaçı il ərzində işlənmiş iş günü illər üzrə ən azı 202 gün olmuşdur. Eyni məlumatlar Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş, kolxozçunun əmək stajı və qazancının uçotu kitabında da qeyd edilmişdir. Beləliklə sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının H.Aslanov adına kolxozda 1966-1968 və 1972-1994-cü illər ərzində əmək faəliyyəti ilə məşğul olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən təqdim edilmiş arxiv arayışının surəti mötəbər sübut qismində qəbul edilə bilməz. Beləliklə qeyd edilən arxiv arayışı (1966-1968;1972-1993) və iddiaçının əmək kitabçasına (04.01.1994-27.12.1998) əsasən, H.Şükrəliyevin 25 ildən çox iş stajı olduğu müəyyən edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı Həmzə Şükrəliyevə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan hər iki şərt (65 yaş; 25 ildən çox staj) ödənildiyindən cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, caabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-8731/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cəmilova Xəyalə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar