Məhkəmə qərarları › İş №2-1(103)-1272/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1272/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1272/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11866/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 21 oktyabr 2021-ci ildən 01 may 2022-ci il tarixədək müddət üçün əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11866/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair 2-1(112)-11866/2022 nömrəli iş üzrə icraata xitam verilmişdir (iddiaçı vəfat etidiyi üçün). Qərardaddan narazı qalan X2 şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11866/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında X2 iştirak edərək atasının ölüm kağızını və özünün doğum kağızını məhkəməyə təqdim edərək işə hüquqi varis kimi cəlb edilməsini xahiş etmişdir. Məhkəmə isə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmiş və qərardadını MPM-nin 261.0.7-ci maddəsi ilə əsaslandırmışdır. Bu mübahisə atasının sağlığında almalı olduğu, lakin qanunsuz olaraq ona ödənilməyən pensiya məbləğinə dair mübahisə ilə bağlıdır. Atasının bu hüququ sağlığında yaranmış, atası vəfat etdiyi üçün həmin məbləğə vərəsəlik hüququ varisə keçməli idi. Bu səbəbdən bu mübahisə hüquq varisliyinə yol verən mübahisədir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, X2 məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11866/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2022-ci ildə poçt vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddia tələbi isə 21 oktyabr 2021-ci ildən 01 may 2022-ci il tarixədək müddət üçün əmək pensiyasının ödənilməsi tələbidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra vəfat etmişdir və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının hüquq varisini müəyyən etməli və iddiaçını hüquq varisi ilə əvəz etməli idi. Lakin birinci instansiya məhkəməsi iddiaçının hüquq varisi ilə əvəz edilməsi məsələsinə qiymət verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Bundan başqa, iş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixdə Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən aidiyyət məsələsinə də münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11866/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ləğv olunmalı, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11866/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar