Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1272/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı «iddiaçnın adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-9394/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı «iddiaçnın adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 845731 saylı 29 iyul 1992-ci il tarixli diploma əsasən müəyyən olunur ki, iddiaçının əvvəlki adı, soyadı və atasının adı X1 qeydiyyata alınmışdır. 17 dekabr 1992-ci il tarixli 260539 nömrəli şəhadətnaməyə əsasən isə, onun adı “Adəm”dən “Aydın”a dəyişdirilmişdir. Həmin sənəd əsasında doğum haqqında şəhadətnamədə müvafiq dəyişiklik edilmişdir. İddiaçı adındakı bu dəyişikliyin gələcəkdə sənədləşmələrdə, o cümlədən vərəsəlik işlərində ciddi çətinliklər yaradacağı ehtimallarını nəzərə alaraq, cavabdeh Bakı şəhəri Cavabdehnə adın dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh 22 aprel 2022-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və İPM-nin 2-ci maddəsinə əsaslanaraq, iddiaçının adının “Aydın”dan “Adəm”ə dəyişdirilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-9394/2023 saylı qərarı (hakim R.Kərimli) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1992-ci il tarixli 260358 saylı şəhadətnaməyə əsasən onun adı “Adəm”-dən “Aydın”-a dəyişdirilmişdir. Onun adının dəyişdirilməsi sənədləşmə işlərində, gələcəkdə vərəsəlik işlərində problem yaradacağını düşünərək bununla bağlı əvvəlki adına keçməsi müraciət etsə də, cavabdeh orqan imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və cavabdeh orqanın hərəkətsizliyi onun hüquq və azadlıqlarının müdafiəsinə, eləcə də gələcəkdə əmlaka dair mülkiyyət hüquqlarından istifadə etməyə maneə törədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9394/2023 saylı xx.xx.2023-cü il saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əvvəlki adı X3 olmuşdur, müraciətinə əsasən Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi (hazırkı qeydiyyat şöbəsi) tərəfindən onu adı “Adəm”dən “Aydın”a dəyişdirilmiş və bu barədə 17 dekabr 1992-ci il tarixli İ-ЖГ 260538 nömrəli şəhadətnamə verilmişdir. Hazırda iddiaçı əvvəlki adının, yəni adının “Adəm”ə qaytarılmasını istəyir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsinin iddiaçının adının dəyişdirilməsi barədə qərarı – aktı ləğv edilməmişdir və qüvvədədir, onun hazırkı istəyi mahiyyətcə adın ikinci dəfə dəyişdirilməsini ehtiva edir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri, xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24 – 6.28-ci bəndlərinə görə: - (6.24) Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; - (6.25) Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; - (6.26) Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; - (6.27) Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; - (6.28) Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiqlənmiş Qaydalarla müəyyən edilmiş konkret hallarda yol verilir. Lakin hazırkı işin halları həmin Qaydaların 6.3, 6.24 – 6.28-ci bəndləri ilə nəzərdə tutulan hallardan hər hansı birinə müvafiq deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının adının dəyişdirilməsi barədə müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunazidd deyildir. Belə ki, Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsinin iddiaçının adının dəyişdirilməsi barədə qərarı – aktı ləğv edilməmişdir və qüvvədədir. O cümlədən doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Apelyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar, o cümlədən qanunvericilik normaları sadalanmışdır ki, həmin qeyd olunanlar birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsi üçün əsas deyildir. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-9394/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1272/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1272/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver