Məhkəmə qərarları › İş №2-1(103)-1273/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1273/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1273/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi (atası) X1, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı (xx.xx.1994-cü il tarixində Ağsu rayonunun Təklə kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “aylıq birdəfəlik ödəmənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-12153/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Birgə iddiaçılar X5 və İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə 17.07.2021-ci il tarixdə müraciət edərək “(COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il tarixli, 07 aprel 2020-ci il tarixli, 127 nömrəli Qərarına uyğun olaraq 190 manat verilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2-1(118)-1577/2021 nömrəli qərardadı ilə (hakim L.Mirzəyeva) iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, koronovirus pandemiyası ilə əlaqədar dövlət tərəfindən aztəminatlı insanlara 190 manat verilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər, lakin Məşğulluq Agentliyinin 8 saylı ərazi idarəsi tərəfindən onlara əsassız olaraq imtina məktubu verilmişdir. Belə ki, Sabirli İbrahimə bildirilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya sistemindən əldə edilmiş məlumata görə pay torpağı var. İddiaçı isə ümumi sözlərlə bildirilib ki, o, aztəminatlı sayılmır. Səbəbi izah edilməyib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 isə bildirilib ki, İddiaçı torpaq mülkiyyətçisi olduğuna görə, dövlət orqanlarının, təşkilatların və digər qurumların elektron informasiya ehtiyatlarından və sistemlərindən alınmış məlumatlara əsasən aztəminatlı sayılmadığına görə İ.Sabirliyə birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. X9 və onun 8 saylı Ərazi Məşğulluq Mərkəzinin imtina məktubları bir-birini təkzib edir. Bildirilir ki, Sabirli İbrahim və İddiaçı 2016-cı ildən ayrı-təsərrüfatlardır, heç bir mülkiyyəti – torpaq, ev, maşın, mal-qara, toyuq-cücələri yoxdur, işsizdirlər. Sabirli İbrahim subaydır, cəbhə bölgəsində, müharibə xəttində olub, Vətən Müharibəsi iştirakçısıdır, dövlət orqanları və digər təşkilatlarda işləməyib, işsiz kimi Ərazi Məşğulluq Mərkəzində qeydiyyatdadır, hələ də dövlət tərəfindən iş, həyatyanı torpaq, sosial ev və mal-qara ilə təmin olunmur. İddiaçı 2015-ci ildən ailəlidir, iki azyaşlı övladı var, həyat yoldaşı və özü heç bir yerdə işləmir, sosial yardım və digər müavinətlər almırlar. X13 və kiçik qardaşları Sabirli Hacıqulu uşaqlıqdan əlildirlər. Hər ikisinin çöl pay torpaqları isə 24.04.2014-cü ildə notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında satılıb. Lakin həmin hüquqların qeydə alınmaması onların təqsiri deyil. Bakı İnzibati Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “iddiaçılar X3 və İddiaçı ayrı-ayrılıqda xüsusi karantin rejiminin tətbiq olunduğu 3 aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə birgə iddiaçılar X2 və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi öhdəliyinin qoyulması” iddiası üzrə 2-1(112)- 9855/2021 nömrəli inzibati işindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi öhdəliyinin qoyulması” üzrə icraat ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-12153/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ildə 3 (üç) (mətnə uyğun) üzrə aylıq 190 manat olmaqla cəmi 570 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etdi. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin "qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X10 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-12153/2021 nömrəli qərarı ( “3 (üç)” sözlərindən sonra “aprel, may və iyul ayları” sözləri əlavə olunmaqla) dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən - 1.1. Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində (bundan sonra MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və imtina edilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, 21.06.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən “Satıcılar” X6, X7, X5 (iddiaçı), İddiaçı bir tərəfdən olmaqla Ağsu rayonunun Muradlı kəndində yerləşən 2,9559 ha torpaq sahəsini satmışlar. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsini satmışdır və daşınmaz əmlakın dövlət reyestrində torpaq mülkiyyətçisi qeydinin qalması onun məsuliyyət dairəsinə daxil deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsassızlığı sübuta yetirildiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsində düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli, 07 avqust 2020-ci il tarixli 283 nömrəli, 06 noyabr 2020-ci il tarixli 444 nömrəli qərarlarına əsasən 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COViD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq bəzi rayon və şəhərlərdə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-12153/2021 nömrəli qərarı ( “3 (üç)” sözlərindən sonra “aprel, may və iyul ayları” sözləri əlavə olunmaqla) əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-12153/2021 nömrəli qərarı ( “3 (üç)” sözlərindən sonra “aprel, may və iyul ayları” sözləri əlavə olunmaqla) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar