Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1273/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat subyektinin əməkdaşı hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9646/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun kəşfiyyat subyektinin əməkdaşı hesab olunmasına barədə müvafiq qərarın qəbul edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N saylı hərbi hissənin kəşfiyyat bölmə rəisi kimi xidmət keçərkən vəzifə borclarına görə döyüş tapşırıqları yerinə yetirilərkən düşmənin hava fəaliyyəti haqqında məlumatların toplanılmasına, təhlilinə rəhbərlik etmişdir. Ondan sonra tutduğu ştat vəzifəsinə təyin olunmuş zabit kəşfiyyat subyektinin əməkdaşı hesab olunur, lakin bu ona şamil olunmur. Cavabdeh iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı Müdafiə Nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları təsdiq edilir. Yuxarda qeyd olunanlardan aydın olur ki, əməkdaşların siyahıları və onların vəzifələrinin müəyyən edilməsi Müdafiə Nazirinin diskresion səlahəyətidir və Müdafiə Nazirinin əmri ilə təsdiq edilir. İddia təmin edildiyi təqdirdə, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li Fərmanının tələblərinin yerinə yetirilməsinə dair Müdafiə Nazirliyi tərəfindən verilən əmr və qərarlarının ləğv edilməsi anlamına gəlir və xidmətdə olan hərbi qulluqçular tərəfindən verilən əmr və qərarların yerinə yetirilməsinə şübhə ilə yanaşmasına gətirib çıxara bilər. İddia təmin edilsə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də halhazırda xidmətdə olan hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9646/2024 saylı saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı kəşfiyyat subyektinin əməkdaşı hesab olunmasına dair müvafiq qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmaqlarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş məktubu və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14 yanvar 2025-ci il tarixli, 8/125 nömrəli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat subyektinin əməkdaşı hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9646/2024 saylı qərarı icra olunmuş, N nömrəli hərbi hissədə iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edilib-edilməməsinə dair araşdırma aparılmış, araşdırma nəticəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab olunmadığı müəyyən edilmişdir. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən – İddiaçı kəşfiyyat subyektinin əməkdaşı hesab olunmasına dair müvafiq qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması cavabdeh tərəfindən təmin edildiyindən (icra edildiyindən) artıq tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, İPM-in 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarı icra olunduğundan, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 87 və 90 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat subyektinin əməkdaşı hesab edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1273/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1273/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver