Məhkəmə qərarları › İş №2-1(103)-1274/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1274/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1274/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdehnə və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı ona 20000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-6087/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-6087/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işə cəlb edilməklə ona 20000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında tikilmiş qanunsuz tikinti işlərinin aparılması nəticəsində, ona məxsus 1 otaqlı mənzilinin qəzalı vəziyyətinə düşməsi nəticəsində ona ziyan dəymişdir. Bu səbəbdən də, həmin 20000 manat məbləğində ziyanın cavabdehdən tutulması barədə hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasını bildirmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 6/Y-1/9-164 nömrəli, 18.09.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının ona maddi və mənəvi ziyan ödənilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Rayon İcra Hakimiyyəti ona maddi və mənəvi ziyan vurmamışdır. Buna görə də, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qonşusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi cavabdeh X3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, 13 nömrəli ünvanda cavabdeh S.C.Rəhimov tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov (7-ci Sverdlov döngəsi) küçəsi 13 nömrəli binada yerləşən 3 otaqlı mənzilin 1 otağı (y/s 10 kv.m) paylı mülkiyyət hüququ ilə X4 məxsusdur. Cavabdeh X6 mənzilində təmir işləri apararaq evin ümumi giriş hissəsindən İddiaçı otağına açılan qapı oyuğunu bağlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2019-cu il tarixli, 9725 nömrəli rəyindən görünmüşdür ki, ünvan 3 ünvanda yerləşən paylı mülkiyyətdə olan mənzilin texniki pasportundan kənar konstruktiv dəyişiklilərin aparılması ilə mübahisəli qapı boşluğunun (oyuğun) bağlanması və aparılmış bu dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklilər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırması Qaydaları”na uyğun deyil. Məhkəmənin sözügedən qətnaməsinə əsasən iddia təmin edilmiş, ünvan 3 ünvanda cavabdeh X6 tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2325/2020 saylı, 13.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edildi ki, iddiaçının paylı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 3 otaqlı mənzilin X2 mülkiyyətində olan 1 otağına açılan qapı oyuğunun X6 tərəfindən bağlanmasına, mənzilin texniki pasportundan kənar konstruktiv dəyişiklilərin aparılmasına Cavabdeh tərəfindən icazə verilməmiş, mənzildə aparılmış texniki pasportdan kənar konstruktiv dəyişiklilər X6 tərəfindən Rayon İcra Hakimiyyətindən razılıq alınmadan aparılmış və həmin konstruktiv dəyişikliklərə əsasən bağlanmış qapı oyuğunun X1 vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarılmışdır. Göründüyü kimi,birinci instansiya məhkəməsində işin araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanunsuz qərar, sərəncam va ya digər növ hakimiyyət tədbiri, eləcə də, hər hansı bir qanunsuz hərəkət (və ya hərəkətsizlik) nəticəsində ziyan vurulması halı öz təsdiqini tapmadığından, bununla da, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-6087/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar