Məhkəmə qərarları › İş №2-1(103)-1274/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1274/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1274/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının atası X4, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və xidmətə bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-326/2022 saylı 16 noyabr 2022-ci il tarixli qərardadından iddiaçının atası X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 05 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və xidmətə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-326/2022 saylı 16 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının xx.xx.2022-ci il tarixdə vəfat etməsi səbəbdən iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının atası X7 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və onun iş üzrə iddiaçının hüquqi varisi kimi tanınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 05 aprel 2023—cü il tarixdə hazırki iş üzrə X4 apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılarkən iddiaçının atası X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək onun iş üzrə iddiaçının hüquqi varisi kimi tanınmasını və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini verən şəxsin buna səlahiyyətinin olmadığını və apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. İş materiallarından görünür ki, iddiaçı olan mərhum İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia tələbi “əmrin ləğv edilməsi və onun xidmətə bərpa edilməsi” barədə olmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bu barədə AZ-İİ seriyalı 284249 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Bundan sonra birinci instansiya məhkəməsi iddiaçının ölməsi və tələbinin prosessual hüquq varisliyinə yol verilən tələb olmadığını nəzərə alaraq iş üzrə icraatı xitamlamışdır. Lakin bununla razılaşmayan iddiaçının atası həmin qərardaddan apellyasiya şikayəti vermiş və onun hazırki iş üzrə İddiaçı hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci addəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçlarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini vermiş mərhum iddiaçının atası hazırki iş üzrə tərəf olmamış və iddiaçının prosessual hüquq varisi kimi də işə cəlb olunmamışdır. Belə olan halda “proses iştirakçısı” statusunu qazanmayan şəxsin məhkəmə aktını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur. Bundan əlavə, mərhum iddiaçının atasının prosessual hüquq varisi kimi işə cəlb olunması məsələsinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya icraatında bu prosessual hərəkətin aparılması hazırki vəziyyətdə mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Hazırki işin məzmunundan müəyyən edilir ki, tələb İddiaçı özü ilə bağlı olub, yəni iddiaçı sağlığında onun barəsində verilmiş əmrin ləğv edilərək, onun işə bərpa edilməsini istəyib ki, bu tələb də şəxsin birbaşa özü ilə əlaqədar olub və hüquqi varisliyə yol verilən tələb deyildir. Bu baxımdan Kollegiya hesab edir ki, apelyant iş üzrə tərəf olmayan və işə cəlb olunmayan, buna görə də “proses iştirakçısı” statusunu qazanmayan şəxs verildiyi təqdirdə, bu hal nəticə etibarilə apellyasiya şikayətinin qeyri-mümkün sayılması üçün yetərlidir. Bu səbəbdən Kollegiya hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti qeyrimümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyrimümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARAALDİ: X7 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar