Məhkəmə qərarları › İş №2-1(103)-1274/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1274/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1274/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb olunmaqla) qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2-1(112)-13983/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********417300 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, sonradan iddiaçı tərəf iddianın həcminin artırılması barədə ərizə verərək məhkəmədən cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********417300 saylı qərarının və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 131097/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonr iddiaçı iddianın həcminin azaldılması barədə ərizə verərək məhkəmədən cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-131097/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-131097/2024 saylı qərarı ilə İddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Həmin qərarda müəssisənin riskli vergi ödəyicisi hesab olunmasının əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicilərinin Meyarları”nın 2.1.2-ci yarımbəndinə istinad olunmuşdur. Həmin yarımbəndin mətni aşağıdakı kimidir: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Yəni, vergi nəzarəti tədbiri ilə faktiki olaraq mal (iş, xidmət) təqdim edilmədən əməliyyat aparılması şəxsin riskli vergi ödəyicisi kimi tanınması əsaslarından biridir. Lakin qeyd olunan bəndin İddiaçı fəaliyyəti ilə hər hansı əlaqəsi yoxdur. Müəssisənin fəaliyyəti tam rəsmi şəkildə qanunvericiliyə uyğun formada həyata keçirilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda qeyd olunan yanaşmaya dair hər hansı əsaslandırma aparılmamış, İnzibati icraat haqqında Qanunun 61-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin Qanunun 61.1ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Mübahisələndirilən qərarın mətnindən göründüyü kimi, cavabdehin yanaşmasında hər hansı dəlilə istinad olunmamışdır. Yəni, hansı əməliyyatın hansı əsaslara görə əmtəəsiz hesab olunduğu, bunun hansı vergi nəzarət tədbiri ilə müəyyən edildiyi göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarda qeyd olunur ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Mübahisələndirilən qərarın qəbul edilməsi zamanı göründüyü kimi aparılmış vergi nəzarət tədbirləri çərçivəsində ödəyicinin əmtəəsiz əməliyyatlar aparılması aydın olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı (VÖEN:**********) Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 43 ünvanında yerləşən **********-15001 kodlu, ünvan 1 ünvanında yerləşən **********-15002 kodlu və ünvan 2 Biləcəri-Bakı dəmiryolu, PK 3,4 rayon, 2650 km ünvanında yerləşən **********-10002 kodlu təsərrüfat subyektlərinin müşahidə aparılmışdır. Müşahidə zamanı obyektlər üzrə aşağıdakılar müəyyən edildi: Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 43 (obyektin kodu:**********-15001) ünvanında yerləşən təsərrüfat subyektinin ofis olduğu müəyyən edildi; ünvan 1 (obyektin kodu:**********-15002) ünvanında yerləşən təsərrüfat subyektinin anbar olduğu müəyyən edildi; ünvan 2 Biləcəri-Bakı dəmiryolu, PK 3,4 rayon, 2650 km (obyektin kodu: **********-10002) ünvanında yerləşən təsərrüfat subyektinin beton zavod olduğu müəyyən edildi. xx.xx.2024-cü il tarixdə iddiaçının qanuni təmsilçisindən, yəni hazırkı iddia ərizəsinin müəllifindən cavabdeh tərəfindən alınmış izahatdan aydın olur ki, direktor bütün sualları cavablandırmaqdan imtina etmiş və apardığı milyon məbləğlərlə ölçülən əməliyyatlar barəsində məlumatlı olmadığını bildirmişdir. Xüsusilə qeyd olunur ki, iddiaçının qanuni təmsilçisi izahatda işçilərilə bağlı verilmiş suala da məlumatsız olması barədə cavab vermişdir. Eləcə də iddiaçının təqdim etməsi ilə bağlı məlumatlardan görünür ki, iddiaçının 2023-cü ildə 14379517,91 manat, 2024-cü ilin ilk 5 ayında 15666096,34 manat məbləğində təqdim etməsi olmuşdur. Həmçinin, etiraza əlavə edilən cədvəl məlumatlarından da görünür ki, iddiaçının qeyd olunan həcmdə işləri görməsi üçün texnikası, nəqliyyat vasitəsi mövcud olmamışdır. İddia ərizəsilə bərabər iddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müracət edilmiş və ərizə təmin edilmişdir. İşin gedişatında iddiaçının faktiki rəhbəri də öz təşəbbüsü ilə iclasda iştirak etmiş və cavabdehin nümayəndəsi tərəfindən verilmiş suallara cavab verməmiş, yuxarıda qeyd olunmuş məbləğdə apardığı əməliyyatları xatırlamadığını bildirmişdir. Eləcə də faktiki rəhbər də işçiləri ilə bağlı məlumatlı olmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilən iclasda iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə və iddiaçının faktiki idarəçi kimi bildirdiyi X1 məhkəmə icraatına cəlb edilmişdir. Hər iki şəxsə cavabdehin nümayəndəsi tərəfindən suallar ünvanlanmışdır. Belə ki, gördüyü işlər barədə məlumat verilməsi, qarşılıqlı əməliyyat apardığı ödəyicilərdən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə apardığı əməliyyatlar barəsində, həmin müəssisənin rəhbəri, iş görülən şəxslər, işin görülməsi üçün alınan avadanlıq, texnikanı necə əldə etmələri barədə hər hansı məlumatı nə qanuni təmsilçi, nə də iddiaçı tərəfindən faktiki rəhbər kimi təqdim edilən şəxs məhkəməyə verə bilməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmə yerində baxış keçirilməsi barədə qərardad qəbul etmiş və baxışı xx.xx.2024-cü il tarixə təyin etmişdir. Baxışın keçirilməsi Bakı şəhəri, Abay Kunanbayev küçəsində salınmış parkda həyata keçirilmişdir. Belə ki, baxış zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən parkın salınmasına dair işlərin görülməsi yəni parkın salınması müəyyən edilsə də, həmin əməliyyatın məhz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparıldığı qəti şəkildə təsdiqini tapmamışdır. Belə ki, yerində baxışda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təsisçi və direktoru iştirak etmişdir. Təsisçiyə cavabdehin nümayəndəsi tərəfindən işlərin görülməsi məqsədilə İddiaçı ilə müqavilə bağlanarkən Məhdud Məsuliyyətli Cəmiyyətindən kimin iştirak etdiyi, ümumiyyətlə işlərin görülməsi zamanı İddiaçı hansı əməkdaşı ilə mütəmadi əlaqə saxladıqlarına dair suallar verilmişdir. Qeyd olunan suallar "xxxx"un təsisçisi tərəfindən cavablandırıla bilməmiş, sonda sadəcə Elçin adında şəxslə əlaqə saxladıqlarını bildirə bilmişdir. Ümumiyyətlə, Elçin adlı şəxs cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçınə məxsus əmək müqaviləsi bildirişləri arasıda müəyyən edilməməkdədir. Yəni ki, İddiaçı belə bir əməkdaşının olması müəyyən edilməməkdədir. Eləcə də, məhkəməyə təqdim edilmiş məlumatlardan görünür ki, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 3339400,00 manat məbləğində əməliyyat aparılmışdır. Lakin görünən odur ki, hər iki müəssisənin rəhbər şəxsləri bu məbləğdə aparılmış əməliyyata dair birlikdə iş gördükləri şəxslərdən yəni əlaqəli müəssisələrdən heç də məlumatlı deyildirlər. Xüsusilə vurğulanmalıdır ki, baxış zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən bildirilmişdir ki, işlərin görülməsi ilə əlaqədar müqavilə Bakı şəhəri İcra Hakimiyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Görünən odur ki, sözügedən yüklü məbləğ dövlət büdcəsindən iş və xidmətlərin görülməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilmişdir. Hesab olunur ki, bu məbləğlə əlaqədar adı çəkilən müəssisə xüsusilə məsuliyyətli davranmalı və bütün görülən işlərə görə ödəniş etdiyi şəxsləri, müəssisənin rəhbərini, işlərin görülməsində məsul şəxsləri tanımalı idi. xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış zamanı hakim və cavabdehin nümayəndəsi tərəfindən verilmiş suallara "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər və təsisçisi tərəfindən verilmiş cavablardan görünən odur ki, əməliyyatlar İddiaçı və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında aparılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-13983/2024 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-131097/2024 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-13983/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh məhkəmə qərarında göstərilənlərə münasibətdə göstərmişdir ki, məhkəmə iclasına hüquqi şəxsin qanuni nümayəndəsi cəlb edilmiş, eləcə də iddiaçının öz təşəbbüsü ilə faktiki rəhbər də həmin iclas da iştirak etmişdir. "xxxx" MMC-nin apardığı əməliyyatlarla bağlı nə hüquqi, nə də faktiki rhbərin heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş dəlillər kifayət qədər araşdırılmadan iddiaçının tələbi təmin olunmuşdur. Belə ki, məhkəmə bildirir ki, “Hazırkı inzibati mübahisənin mahiyyəti hüquqi şəxsin rəhbərinin reallıqda kim olması, faktiki gəlirlərin və işlərin kim tərəfindən görülməsi ilə bağlı olsa, göstərilən arqumentlər üzrə araşdırma əsaslı hesab edilə bilər. Lakin, hazırkı inzibati mübahisənin mahiyyəti əmtəəsiz əməliyyatların aparılıb-aparılmaması ilə əlaqədardır. Başqa sözlə, hüquqi rəhbərin kim olmasından, onun işlərdən məlumatlı olub-olmamasından asılı olmayaraq faktiki işlər görülmüşdürsə riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın qanuniliyindən söhbət gedə bilməz”. Cavabdeh tərəfindən “İnzibati İcraat haqqında” Qanuna əsasən inzibati icraat aparılmış və əməliyyatlarda şübhəli hallara rast gəlinmişdir. Təhvil verən tərəf İddiaçıdir. Təhvil alan tərəf isə "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tender elan edilmişdir. Görüləcək işlərin ərazisi isə Nərimanov metrosunun çıxışındakı park və Hüseyn Cavid parkıdır. Həmin ərazidə də təmir işlərinin aparılması nəzərdə tutulurdu. Tenderdə qalib gələn şirkət işi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ötürmüşdür. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti isə işləri İddiaçınə həvalə etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və İddiaçı arasında fakturalar əsasında müəyyən əməliyyatlar aparılmışdır. Sonradan isə həmin əməliyyatların əmtəəsiz aparıldığı müəyyən olunmuşdur. İddiaçınə bununla bağlı olaraq uyğunsuzluq məktubu göndərilmişdir. İddiaçı rəhbəri inzibati orqana dəvət olunaraq izahat vermişdir. xx.xx.2024cü il tarixində İddiaçı rəhbərindən alınmış izahatda o, bütün sualları cavablandırmaqdan imtina etmiş və apardığı əməliyyatlar barəsində məlumatlı olmadığını bildirmişdir. Daha sonra məhkəmə icraatı gedişində Elçin adlı şəxs əməliyyatları özünün apardığını bildirmişdir. Suallar ona da ünvanlanmışdır, lakin o da eyni şəkildə suallara cavab verməmişdir. Şirkət saxta bir şirkətdir. Çünki faktiki olaraq əməliyyatlar aparılsa belə şirkətin rəhbərinin aparılan əməliyyatların heç birindən xəbəri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, keçirilən yerli baxışın nəticəsi olaraq işlərin həyata keçirilməsi mübahisə predmeti deyil. Cavabdeh inzibati orqan iddia edir ki, görülən işləri İddiaçı deyil, xəyali olaraq başqa bir şəxs icra etmişdir. Lakin bu halı inzibati icraatı həyata keçirən inzibati orqan araşdırmalı və müəyyən etməli idi. İşlərin hər biri yüksək səviyyədə icra edilmişdir. Misal olaraq bildirilə bilər ki, Bakı şəhəri, Abay Kunanbayev küçəsində salınmış parkın açılışı zamanı “İDEA” ictimai birliyinin rəhbəri Leyla Əliyeva da iştirak etmişdir. Cavabdeh inzibati orqan tərəfindən sadəcə olaraq ehtimallara əsaslanan fikirlər irəli sürülür. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Riskli vergi ödəyicisi hesab edilmə barədə 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması səbəbindən iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir.Belə ki, vergi nəzarət tədbiri zamanı təqdim edilmiş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. - 05 may 2023-cü il tarixli, EL-351/2023 nömrəli Lisenziyadan görünür ki, iddiaçıya tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin görülməsinə icazə verilmişdir. - Sifarişçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında Bakı şəhəri, Nərimanov adına parkda abadlıq işlərinin görülməsi barədə qəbul aktında işlərin görülməsi, məbləğ və miqdarla bağlı məlumatların görülməsi və təhvil-təslimin həyata keçirilməsi qeyd edilmişdir. - Sifarişçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında məhkəmə tərəfindən baxışda keçirilmiş ünvan 5 ünvanda abadlıq işlərinin görülməsi barədə qəbul aktında işlərin görülməsi, məbləğ və miqdarla bağlı məlumatların görülməsi və təhvil-təslimin həyata keçirilməsi qeyd edilmişdir. - Sifarişçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonunda yerləşən Hüseyin Cavid parkında abadlıq işlərinin görülməsi barədə qəbul aktında işlərin görülməsi, məbləğ və miqdarla bağlı məlumatların görülməsi və təhviltəslimin həyata keçirilməsi qeyd edilmişdir. - 06 fevral 2023-cü il tarixli müqavilədən görünür ki, sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, baş podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, subpodratçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında işlərin görülməsi ilə əlaqədar podrat müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinə müvafiq olaraq, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)”. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən təhvil-təslim aktında işlərin görüldüyü iddia edilən yerə də baxış həyata keçirilmiş və ünvan 5 ünvanda yerləşən məhlələrdə abadlıq işlərinin həyata-keçirilib-keçirilməməsinə dair baxış zamanı binaların fasadlarında və həyətyani geniş ərazidə təmir, yenidən qurma işlərinin görüldüyü, yaşıllıq və binaların ortasında park, kiçik ölçüdə futbol meydançasının salındığı, aidiyyəti üzrə parklıq ərazidə digər işlərin görüldüyü müşahidə edilmişdir. Baxışda iştirak edən “Bilgə” Qrup” QSC-nin direktoru və təsisçisi həmin işlərin faktiki olaraq iddiaçının cəlb edilməklə görülməsi barədə məlumat vermiş, aparılan abadlıq işlərinin dövlət layihəsi çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin müqavilə üzrə sifarişi ilə həyata keçirildiyinə istinad etmişdir. İş materiallarında olan müqavilədən də göründüyü kimi “Bilgə” Qrup” QSC-nin subpodratçı kimi tərəf olduğu müqavilənin sifarişçisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2019-cu il tarixli, 32 nömrəli Qərarı ilə yaradılmış Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan təsərrüfat hesablı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Apellyasiya şikayətinin hüquqi şəxsin rəhbərinin aparılan işlərdən və s. məlumatlı olmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi qərarında bu məsələyə ətraflı münasibət bildirmiş və göstərmişdir ki, “ ... hazırkı inzibati mübahisənin mahiyyəti əmtəəsiz əməliyyatların aparılıb-aparılmaması ilə əlaqədardır. Başqa sözlə, hüquqi rəhbərin kim olmasından, onun işlərdən məlumatlı olubolmamasından asılı olmayaraq faktiki işlər görülmüşdürsə riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın qanuniliyindən söhbət gedə bilməz. Real və hüquqi rəhbər barədə araşdırma işin faktiki görülməsinə müdaxilə xarakteri daşımadığı müddətdə hazırkı vəziyyət üçün hər hansı əhəmiyyət daşımır. Başqa sözlə, hüquqi rəhbər faktiki rəhbər olmasa belə, işlərin görülməsi reallığı dəyişmirsə, həmin hala əmtəəsiz əməliyyat baxımından istinad yolverilməz hesab edilməlidir”. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-13983/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar