Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1275/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-2994/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1796/2016 saylı, 06 iyun 2016-cı il tarixli qərarı ilə onun iddia tələbi təmin edilmiş, ona 1974-cü ildən 1977-ci ilədək 50 nömrəli orta texniki peşə məktəbində təhsil müddətini, 17.10.1977-ci ildən 27.09.1979-cu ilədək hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi, habelə “Neftqaztikinti” trestinin idarələrində 11.04.1980-ci il tarixdən 01.08.1997-ci il tarixdə iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli şərtlərlə pensiya hüququ olan vəzifələrin birinci siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 01.01.2009-cu il tarixdən (50 yaş) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş pensiyanın 01.01.2009-cu ildə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq yenidən hesablanması və yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1796/2016 saylı, 06 iyun 2016-cı il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1888/2016 saylı 30 avqust 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1888/2016 saylı 30 avqust 2016-cı il tarixli qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2147/2016 saylı 30 noyabr 2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmiş və ona pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin iyun ayından ona pensiyanın verilməsi dayandırılmışdır. O, dəfələrlə müxtəlif orqanlara, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, məhkəməyə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar müraciət etmişdir. Bütün bu müraciətlərinə bir dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayevin imzası ilə göndərilən məktubla cavab verilmişdir. Həmin məktubu 17 noyabr 2020-ci il tarixdə almışdır. Məktubda göstərilir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrləri üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyası əlavələrinin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar əmək pensiyası təyinatı aparılarkən nəzərə alınmış xüsusatlar da pensiya təminatı sahəsində müvafiq qanunvericiliyin şərtləri daxilində hüquqi müstəvidə araşdırılır. Nəticəsindən asılı olaraq əmək pensiya hüququnuza müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidən baxılacaqdır”. Onun pensiya ödənişinin dayandırılması qanunsuzdur. Ona pensiya məhkəmə qərarı əsasında təyin edilmişdir, onun dayandırılması qanunsuzluq və özbaşınalıqdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarı icra olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-2994/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pensiya ödənişinin qanunsuz dayandırılması ilə əlaqədar qərarı qəbul etmiş məhkəməyə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası dayandırıldığı üçün dəfələrlə müraciət etmişdir. Sonuncu dəfə 20 sentyabr 20221-ci il tarixdə Bakı İnzibati Məhkəməsi tərəfindən məktubla bildirilmişdir ki, ərizənizə əsasən Sizə təyin edilmiş pensiyanın dayandırılıb-dayandırılmaması barədə məhkəməyə məlumat verilməsi cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən 27.08.2021-ci il tarixli **********0 saylı məktub ünvanlanaraq əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə əmək pensiyasının ödənişinin 01.07.2021-ci il tarixindən dayandırıldığı bildirilmişdir. Odur ki, pensiyanın bərpa edilməsi ilə bağlı ayrıca iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək hüququnuzun olması Sizə izah edilir”. Bakı İnzibati Məhkəməsində eyni məzmunlu məsələyə müxtəlif münasibət var. Bir hakim bildirir ki, iddiaçı məhkəmə qərarının icra olunması üçün icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə ərizə ilə müraciət etməli və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tələb etməlidir, bu baxımından hazırkı tələbə iddia icraatı qaydasında baxıla bilməz, digər hakim bildirir ki, məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın bərpa edilməsi ilə əlaqədar ayrıca iddia tələbi ilə yenidən məhkəməyə müraciət etməyi bildirir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-2994/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.11.2016-cı il tarixli 2-1(102)-2147/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1974-cü ildən 1977-ci ilədək 50 nömrəli orta texniki peşə məktəbində təhsil müddətini, 17.10.1977-ci ildən 27.09.1979-cü ilədək hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi, habelə “Neftqaztikinti" trestinin idarələrində 11.04.1980-ci il tarixdən 01.08.1997-ci il tarixdə iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin birinci siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 01.01.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş pensiyanın 01.01.2009-cu ildə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2-1(82)- 1796/2016 saylı qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasinin 30 avqust 2016-cı il tarixli iş № 2-1(103)- 1888/2016 saylı qərarı ilə birinci instansiya məhkəməsinin 06 iyun 2016-cı il tarili qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdehin apellyasiya şikayətlərinin təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.11.2016-cı il tarixli 2- 1(102)-2147/2016 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 30 avqust 2016-cı il tarixli 2- 1(103)-1888/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 24.09.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 01.07.2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. İddiaçı aid olan 173942 nömrəli pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı DSMF-nin Nizami rayon şöbəsinin 07.04.2016-cı il tarixli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçıya əmək pensiyası məhkəmə qərarına əsasən təyin edildiyi üçün həmin pensiyanın ödənişinin dayandırıldığı və ya məhkəmə qərarının hər hansı formada icra olunmadığı halda iddiaçının məhkəmə qərarının icrasını tələb etmək hüququ vardır. Yəni iddiaçı hazırki iddia tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) şikayət ərizəsi ilə müraciət etməli, məhkəmə qərarının icrasını tələb etməlidir. İşdən görünüyü kimi İddiaçı məhkəmə qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə iddiaçıya əmək pensiyasının ödənişi cavabdeh tərəfindən 01.07.2020-ci il tarixindən dayandırılmışdır “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. Bununla əlaqədar kollegiya qeyd edir ki, hazırkı işin materiallarından iddiaçının pensiyası dayandırılarkən inzibati icraatın aparılması qaydalarının tələblərinə əməl olunubolunması, dayandırlarkən hər hansı qərar qəbul edilməsi müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-2994/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1275/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1275/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver