Məhkəmə qərarları › İş №2-1(103)-1275/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1275/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1275/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertia və X3 hüquqi şəxsi və Cavabdeh2 qarşı “əlillik dərəcəsini və peşə xəstəliyi səbəbini dəyişdirilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10148/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertia və X3 hüquqi şəxsi və Cavabdeh2 qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh2 əlillik dərəcəsini və peşə xəstəliyi səbəbini dəyişdirilməsi barədə qərar qəbul etmək vəzifəsini cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 1971-ci ildən Bakı Kimya Əczaçılıq Zavodunda (indiki "xxxx" ASC) avtomobil sürücüsü və avtomobil yükləyicisi vəzifəsində işləmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı X8 Komissiyasının xx.xx.1999-cu il tarixli 86 saylı müayinə aktına əsasən Cavabdeh2 müddətsiz 2-ci dərəcəli peşə xəstəliyi nəticəsində əlillik təyin edilmişdir. Cavabdeh2 "xxxx" ASC-ti tərəfindən 1999-cu il tarixdən indiyənədək ikinci qrup əmək əlili kimi hər ay 160 manat məbləğində pul və müalicə üçün vəsait ödənilmişdir. Bundan başqa Cavabdeh2 bu illər ərzində müxtəlif sanatoriyalara göndərilmişdir. Bildirilmişdir ki, Cavabdeh2 müəsissədə sürücü işləyib və dərman istehsalatında iştirak etməyib. O, dərman preparatları ilə birbaşa tamasda olmayıb, dərmanların hazırlanmasında iştirak etməyib. Cavabdeh2 dərman preparatlarından zəhərlənməsi mümkün deyil, cünki onun işlədiyi iş yerinin dərman istehsalatı ilə heç bir əlaqəsi yoxdur. İddiaçı hesab edir ki, Cavabdeh2 sağlamlığın pozulmasının səbəb əlaqəsi kimi peşə xəstəliyi göstərilməsi həqiqətə uyğun deyil. Bundan başqa qanunvericiliyə görə, peşə xəstəliklərinin diaqnozunu verə biləcək xəstəxanalara Səhiyyə Nazirliyinin Milli X1 X2 Klinikası, Tibb Universiteti nəzdində olan klinikalar və Dövlət Təhsil və Araşdırma Klinikaları aiddir. Cavabdeh2 həmin xəstəxanalarında müayinə keçməsi barədə heç bir sübüt yoxdur. Klinik diaqnoz qoyularkən həmin xəstəliyin fəaliyyət sahəsi ilə əlaqəsinin olub-olmadığı da araşdırılmalıdır. Əgər bu peşə xəstəliyi olarsa, xəstəliyin səbəbinin iş yeri olduğu mütləq göstərilməlidir. Qeyd edilmişdir ki, peşə xəstəlikləri qarşısın alınması mümkün olan xəstəliklərdir. Çünki xəstəliyin yaranma səbəbi, mənbəyi aydındır. Müalicə aldıqdan sonra artıq xəstəlik uzaqlaşır, yalnızca bəzi hallarda xəstəliyin bəzi fəsadları qala bilər ki, bu da, əmək qabiliyyətinin tam itirilməsinə gətirib çıxara bilməz. İddiaçı esab edir ki, Cavabdeh2 xəstəliyin "xxxx" ASC-nin fəaliyyəti və cavabdehin çalışdığı iş yeri ilə əlaqəsi araşdırılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10148/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadı (hakim E.Əliyev) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olduğu işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əlilliyin səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü tərəfindən mübahisələndirilməlidir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh2 sağlamlığın pozulmasının səbəb əlaqəsi kimi peşə xəstəliyi göstərilməsi iddiaçı "xxxx" ASC maraqlarına toxunur. Belə ki, iddiaçıdan pulun ödənilməsi tələb olunur, lakin Cavabdeh2 sağlamlığın pozulmasının səbəb əlaqəsi kimi peşə xəstəliyin olmasının araşdırılması üçün iddiaçı tərəfindən verilmiş ərizənin baxılmasına imtina edilir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. əlavə olaraq izahatında bildirdi ki, 09 iyul 1971ci ildən Bakı kimya əczaçılıq Zavodunda insan həyatı üçün təhlükəli olan dərman hazırlanan zəhərli sexdə işləmiş, 1990-cı ildə peşə xəstəliyinə tutulmuşdur.xx.xx.1999-cu il tarixdən peşə xəstəliyi səbəbi ilə müddətsiz 2-ci qrup əlilliyi təsdiqlənmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh Dövlət Tibbi-Sosial Ekspertia və X3 hüquqi şəxsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə gəlməyən tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin, həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, iş materiallarından aydın olur ki, xx.xx.1946-cı il təvəllüdlü Cavabdeh2 xx.xx.1999-cu il tarixdən peşə xəstəliyi səbəbilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəsislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərdə qeyd edilmiş diaqnoz və ağırlaşmalar-anameestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Bundan irəli gələrək Azərbayca Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən eilməsi meyarlarına dair Əsasnaməyə” müvafiq olaraq Cavabdeh2 “peşə xəstəliyi” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının”: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. - 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. - 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. - 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Göründüyü kimi, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olduğu işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əlilliyin səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü tərəfindən mübahisələndirilməlidir. İnzibati iş materiallarından da aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya, iddiaçının nümayəndəsi və vəkilinə hüquqi yardım göstərilərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmaması izah edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı tələblə müraciət etməkdə hər hansı subyektiv hüququ mövcud olmamışdır. "xxxx" ASC-nin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertia və X3 hüquqi şəxsinə qarşı hazırkı iddia tələbi ilə çıxış edə bilməz. Həmçinin, cavabdehlərdən biri qismində Cavabdeh2 qeyd edilmişdir ki, inzibati məhkəmə icraatında "xxxx" ASC ilə Cavabdeh2 arasında hər hansı bir publik hüquq münasibətinin mövcudluğu sübuta yetirilmir. Belə olan halda fiziki şəxs cavabdeh qismində göstərilə bilməz. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 81.1, 83.1, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10148/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar