Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1275/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İİddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13478/2023 il 23 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçının piket keçirməsinə icazə verilməsinə dair inzibati akt qəbul etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anadan olduğu və təhsil aldığı Yardımlı rayonunun Horavar kəndinə qaz çəkilməməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin qarşısında piket keçirmək üçün 07 avqust 2023-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətdə deyilir: “Bir qrup Yardımlı rayon Horavar kənd sakini Azərbaycan Respublikası Konstitusiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulan “X4” haqqında Azərbaycan Respublikası Qanununun 1-5-ci və digər müvafiq maddələrində verilmiş hüquqlardan istifadə etməklə, 16 avqust 2023-cü il tarixdə, saat 15:00-dan 16:00dək ünvan 3 ünvanında, “Azəriqaz” İstehsalat Birliyi qarşısında, 50 metrlik məsafədə “Azəriqaz” rəhbərliyinə istefa”, “İnsanları incitməyə son”, “Dağ rayonlarına dövlət qayğısı” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırlar. Bu barədə məlumat verməklə piketin keçirilməsi üçün lazımı şərait yaradılması və təhlükəsizliyin təmin edilməsi xahiş edilmişdir. Ümid edilir ki, “X4 haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə müvafiq olaraq aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış müraciətə müsbət cavab veriləcəkdir. Azərbaycan Respublikası Konstitusiyası, “X4” və “X1 haqqında” Qanunların tələblərinə müvafiq olaraq, keçirilməsi planlaşdırılan piketlə bağlı “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinə məlumat verilməsi xahiş edilmişdir.” Yardımlı rayonunun 85 kəndindən cəmi15 kənd qazlaşdırılmışdır. 70 kənd, o cümlədən, Horavar kəndi qazlaşmamışdır. Halbuki Horavar kəndinin 200 metr yaxınlığından qonşu kəndə qaz xətti keçir və heç bir çətinlik olmadan bu xəttən gedən qazla 650 nəfərlik kəndi qazlaşdırmaq mümkündür. 14 avqust 2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti elektron poçt vasitəsi ilə müvafiq məzmunda əsassız bir cavab göndərmişdir: “Piket keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmışdır. Piket keçirilməsi üçün qeyd edilən ərazi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piket keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaqdır. Eyni zamanda, “X4 haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsi nəzərə alınaraq, 16 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasının qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13478/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsi özünün 2-1(112)-13478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbini mümkün saymamışdır. Məhkəmə çıxarmış olduğu tam əsassız qərarında qeyd edir ki, “İddiaçıların(?) müraciəti üzrə cavabdeh inzibati orqanın cavab məktubu “piket keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti və müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Cavabdeh öz hüququndan istifadə edərək iddiaçıya piketin keçirilməsinin məqsədəuyğun olmaması barədə mövqeyini bildirmiş, X4nın qadağan edilməsinə və ya məhdudlaşdırılmasına dair hər hansı inzibati akt qəbul etməmiş və ya hərəkətə yol verməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə olan halda iddia mümkün sayılmamalıdır. Birincisi, qərardaddan misal gətirilən bir abzasda iki dəfə iddiaçılar yazılır, halbuki, bu iş üzrə iddiaçılar yox, iddiaçı vardır. İkincisi, qərardadda göstərilir ki, “Cavabdeh öz hüququndan istifadə edərək iddiaçıya piketin keçirilməsinin məqsədəuyğun olmaması barədə mövqeyini bildirmişdir.” Təəssüf ki, hakim cavabdehin qanunsuz hərəkətinə qanuni don geyindirmək üçün cavabdehin olmayan hüququndan bəhs edir, belə ki, keçirilən etiraz piketinin məqsədəuyğun olub-olmaması cavabdehin səlahiyyətinə daxil deyildir, bu, yalnız təşkilatçıların hüququdur. Üçüncüsü, cavabdeh səlahiyyətinə aid olmayan, tutarlı arqumeti olmadan tədbirin keçirilməsinə mane olduğu halda, bu sərbəst toplaşmaq hüququnun pozulması deyilmi? Dördüncüsü, “X4 haqqında qanununda birbaşa göstərilmişdir ki, icra orqanı mitinq, piket keçirilməsi üçün hər çür şərait yaratmağa borcludur. Beşincisi və ən başlıcası, bu gün Azərbaycanın ən böyük faciələrindən biri də odur ki, məhkəmələrdə hakimlər müstəqil olmadıqlarına görə bir çox hallarda bütün vasitələrlə, bəhanələrlə dövlət orqanlarının qanunsuz hərəkətlərini müdafiə etməli olurlar. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında tərəflər iştiraklarını təmin etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 14-2/2-M-17xx-xx/2023-2155 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qazlaşma tədbirləri “Azərbaycan Respublikası Regionlarının Sosial-X6 Proqramı”na uyğun olaraq mövcud maliyyə imkanları çərçivəsində mərhələli şəkildə həyata keçirilir. Müraciətdə qeyd olunan kəndin və digər yaşayış məntəqələrinin qazlaşdırılması məsələsinə növbəti mərhələdə maliyyə imkanlarından asılı olaraq baxılacaqdır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 3-52/2-M-449/3-003/3t/1/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, piket keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmışdır. Piket keçirilməsi üçün qeyd edilən ərazi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piket keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaqdır. Eyni zamanda, “X4 haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsi nəzərə alınaraq, 16 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasının qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. Hazırda iddiaçı cavabdehin cavab məktubu ilə razılaşmayaraq iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qeyri-mümkün sayılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən X4nın həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarının təmin olunmasına borcludur. Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə X4 vardır. (İ) Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. (İİ) “X4 haqqında” Qanunun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə X4 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət X4nın həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 7-ci maddəsinə əsasən X4 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş X4nın məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş X4nın məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. X4 yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli məktub müstəqil hüquqi nəticə yaratmadığı üçün, yəni İnzibati Prosessual Məcəllədə nəzərdə tutulan “inzibati akt” əlamətlərinə cavab vermədiyindən inzibati akt hesab olunmur. Habelə, həmin məktubun məzmununa görə iddiaçının tələbinin təmin olunmasından birdəfəlik qaydada imtina da olunmamışdır. Belə olan halda iddiaçı hüquqlarının məhz cavabdeh inzibati orqanın qanunsuz hərəkəti və ya qəbul etdiyi qərar əsasında pozulduğunu əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13478/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13478/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1275/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1275/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver