Məhkəmə qərarları › İş №2-1(103)-1276/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1276/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1276/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilməsi, dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilib verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilməsi, dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilib verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3714/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ASC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərəkətlərin və imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 3 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 11-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə, 19-cu mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə, 19cu mərətbədə yerləşən 91.4 kv.m sahədən ibarət olan mənzilə, 117 ədəd qaraja, 21-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə, 20-ci mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzilə, 16-cı mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzilə, 2-ci mərtəbədə yerləşən 96.3 kv.m sahədən ibarət mənzilə və 18-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə İddiaçı ASC-nin hüququnun qeydiyyata alınmaması sənədlərin qəbul edilməməsi, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi, çıxarışın və texniki pasportun verilməsindən imtinanın qanunsuz hesab edilməsi, mövcud vəziyyətdə və ümumi sahəsi göstərilməklə İddiaçı ASC-nin hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək İddiaçı ASC-yə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 4 ünvanında 0.40 ha torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasında məhkəmə qərardadına əsasən istifadələrinə və sərəncamlarına verilmiş 11-ci mərtəbədə yerləşən 91.4 kv.m. sahədən ibarət mənzil, 19-cu mərtəbədə yerləşən 91.4 kv.m. sahədən ibarət mənzil, 19-cu mərətbədə yerləşən 91.4 kv.m. sahədən ibarət olan mənzil, 117 ədəd qaraj, 21-ci mərtəbədə yerləşən 91.4 kv.m. sahədən ibarət mənzil, 20-ci mərtəbədə yerləşən 102.4 kv.m. sahədən ibarət mənzil, 16-cı mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzil, 2-ci mərtəbədə yerləşən 96.3 kv.m sahədən ibarət mənzil və 18-ci mərtəbədə yerləşən 91.4 kv.m. sahədən ibarət mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 203.020318548 saylı 14.02.2020-ci il tarixli bildirişlə yuxarıda qeyd edilmiş daşınmaz əmlakların üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-345/10 saylı 13.08.2010-cu il tarixli qərardadı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəliyin qoyulmaması, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-733/2019 saylı 02.12.2019- cu il tarixli qərarından İdarə tərəfindən apelyasiya şikayətinin verilməsi, eyni zamanda yoxlama ölçü işlərinin aparılması üçün mütəxəssislərə şəraitin yaradılmaması olmuşdur. Halbuki, bildirişdə qeyd edilənlər həqiqəti əks etdirmir. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Bank tərəfindən bütün tələb olunan sənədlər təqdim edilmiş və şərait yaradılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3714/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3714/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərarı ləğv olunmalıdır. İddiaçı ASC tərəfindən müvafiq ünvanda yerləşən mənzillərə və qeyri-yaşayış sahələrinə dair çıxarış almaq məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə 10.12.2019-cu il tarixdə müraciət edilmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən mənzillər və qeyri- yaşayış sahələri yerləşən yaşayış binasının istismarına icazə sənədi (daşınmaz əmlaklar yerləşən yaşayış binası istismara qəbul edilməmişdir) və mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağı tərəfindən verilmiş protokoldan çıxarış İdarəyə təqdim edilməmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş sənədlər “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmişdir. Bu səbəbdən də, sözügedən daşınmaz əmlaklar yerləşən çoxmərtəbəli yaşayış binası qanunvericilin tələbinə əsasən əvvəlcə “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və yalnız bundan sonra “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla, həmin torpaq sahəsi üzərində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 301 saylı 28.06.07-ci il tarixli sərəncamı və 20.08.07-ci il tarixli 0792 saylı icarə müqaviləsi əsasında 18.09.2007ci il tarixdə (qeydiyyat nömrəsi 1********) “X8” MMC-nin icarə hüququ (49 il) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, ərizəyə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/10 saylı, 13.08.2010-cu il tarixli qərardadı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə İddiaçı ASC ilə “X8” MMC arasında 02 iyun 201-cu il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Müvafiq torpaq sahəsi üzərində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-464/2016 saylı 18.04.2016-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1147/2017 saylı 01.05.2017-ci il tarixli qərardadlarına əsasən həbs qoyulmuşdur. Göründüyü kimi, Bakı İnzibati məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, İdarənin imtina məktubunda və yazılı etirazında qeyd olunanlar araşdırılmamış, həmin hallara məhkəmə tərəfindən münasibət bildirilməmiş, müvafiq daşınmaz əmlaklar yerləşən yaşayış binasının istismara qəbul edilməməsi qanunsuz olaraq nəzərə alınmamış, İdarənin həmin binanın istismara qəbul edilməsinin dəqiqləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cəlb edilməsi barədə verdiyi yazılı vəsatəti əsassız olaraq təmin edilməmiş, İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsiziliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 301 saylı 28.06.2007-ci il tarixli sərəncamı və 0792 saylı 20.08.2007-ci il tarixli icarə müqaviləsi əsasında sahəsi 4000 kv.m. olan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən torpaq sahəsi yaşayış binasının tikintisi üçün 49 il müddətinə “X8” MMC-yə icarəyə verilmiş, “X8” MMC tərəfindən həmin torpaq sahəsində hündürmərtəbəli bina inşa edilmiş, sonradan iddiaçı ilə “X8” MMC arasında yaranmış məhkəmə mübahisəsinin gedişi zamanı “X8” MMC ilə iddiaçı arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/10 saylı 13.08.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir. Sözügedən barışıq sazişinin 1-ci bəndinə əsasən “X8” MMC İddiaçı ASC-yə borclu olduğu 1.315.091 avro məbləğinin və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda 16-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 17-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 18-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 19-cı mərtəbədə sahəsi 91,4 kv metr olan 2 ədəd mənzilin, 11cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 21-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 2-cı mərtəbədə 2 ədəd sahəsi 96,3 kv metr olan mənzillərin, 13-cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 20-cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 21-cı mərtəbədə 2 ədəd sahəsi 96,3 kv metr olan mənzilin, 11-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 12-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 16-cı mərtəbədə sahəsi 102,4 kv metr olan 2 ədəd mənzilin, 17-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 18-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 19-cu mərtəbədə 2 ədəd sahəsi 102,4 kv metr olan mənzilin, 20-ci mərtəbədə 2 ədəd sahəsi 102,4 kv metr olan mənzilin, 6–cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 10-cu mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin,7-ci mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, sahəsi 117 kv metr olan qarajın, 1-ci mərtəbədə sahəsi 421,8 kv metr olan mağazanın, 2-ci mərtəbədə sahəsi 858,2 kv metr olan mağazanın iddiaçının istifadəsinə və sərəncamına verilməsini öhdəsinə götürmüşdür. İddiaçı həmin qərardad əsasında onun sərəncamına və istifadəsinə verilmiş ünvan 5 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 421 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsi və binanın 11-ci mərtəbədə yerləşən 91.4 kv.m. sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 91.4 kv.m. sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 91.4 kv.m. sahədən ibarət olan mənzilin, 117 ədəd qaraja, 21-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilin, 20-ci mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzilin, 16-cı mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzilin, 2-ci mərtəbədə yerləşən 96.3 kv.m sahədən ibarət mənzilin və 18-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilin üzərində Bankın hüququnun qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi barədə cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbi təmin edilməmişdir. Qeyd olunanlarla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiasına birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılaraq iddiası təmin edilmişdir. Belə ki, məhkəmə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni cavabdeh orqanın imtinasının əsaslarının mövcud olmamasına dair halların məhkəməyə bildirilməməsi, iddiaçının üzərində hüquqlarının qeydə alınmasını tələb etdiyi əmlaklar üzərində sahiblik və istifadə hüququnun olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadlarının olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, əvvəla Azərbaycan Respublikası MPM-nin 15.1 və 15.2-ci maddələrinin tələbinə görə məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin (mülki məhkəmə icraatı qaydasında) qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin təsdiq olunması barədə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/10 saylı 13.08.2010-cu il tarixli qərardadı icra olunmadığı təqdirdə onun icrası ilə bağlı icra vərəqəsi verilə bilər. Hazırki mübahisənin predmetini Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/10 saylı 13.08.2010-cu il tarixli qərardadı üzrə başlanılmış icra icraatında cavabdeh orqanın məhkəmə qərardadını icra etməməsi təşkil edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”mn ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili həmin mülki işin bilavasitə davamıdır və icra icraatında yaranmış mübahisələrə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə baxarkən tərəflərin bildirməsindən asılı olmayaraq iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunu xidməti vəzifəsinə görə yoxlamamış, iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını nəzərə almamışdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırki işdə mübahisəyə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının icrası qaydasında baxılmalı olduğu halda, birinci instansiya məhkəməsi düzgün olmayaraq ona inzibati məhkəmə icraatı qaydasında baxmışdır. Halbuki bunun üçün iddianın mümkünlük şərtləri mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (8.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-ci bənd). Bununla bağlı iddiaçıya izah edilir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ümumi məhkəmənin çıxardığı qərardadın icrası ilə bağlı icra icraatı qaydasında həmin məhkəməyə müraciət etmək hüququ vardır. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə, məhkəmə kollegiyası həmin dəlilləri iddianın inzibati məhkəmə icraatı qaydasında mümkün sayılmaması ilə bağlı əsassız hesab edir və qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3714/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı qərarı maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3714/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar