Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1276/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarın ləğv edilməsi və həmin qərar əsasında iddiaçıdan pulun tələb edilməsinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-9365/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 17 fevral 2021-ci tarixli 106 nömrəli artıq ödənilmiş əmək pensiyasının qaytarılması haqqında qərarının ləgv edilməsi və pensiya məbləğinin yenidən hesablanması və ödənilməyən məbləğin ödənilməsi vəzifəsini cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxxxx 1948-ci il tarixdə Zaqatala rayonun Əliabad qəsəbəsində doğulub. Əmək fəaliyyəti Zaqatala rayonu Əliabad qəsəbəsində kolxozda hələ məktəbdə şagird ikən yəni 1962-ci ildən başlamışdır. Bu əmək günü haqqı barəsində qeyd etdiyi ildən əmək kitabçasında yazılmışdır. Sonralar əmək fəaliyyəti institutu bitirdikdən sonra kalxozda baş iqtisadçı, Bakı şəhərində Mərkəzi Statistika İdarəsində Baş iqtisadçı, Azərbaycan X2 İnstitutunda kiçik elmi işçi vəzifələri olub. Sonralar fəaliyyətini Azərbaycan Dövlət İqtisad Universitetində əyani aspiranturada oxuyaraq dissertasiya müdafiə edərək iqtisad üzrə elmlər namizədi, baş laborant, müəllim, baş müəllim və dossent vəzifəsində müəllimlik kimi davam etdirib. 2004-2008-ci illərdə isə 0,5 ştat vahidi üzrə Azərbaycan Kooperasiya Universitetində dossent vəzifəsində müəllimlik edib. Bu illər ərzində istər Dövlət İqtisad Universitetində və istərsə də Kooperasiya Universitetində aldığı əmək haqqı yüksək olmuşdur. Həmin illər ərzində pensiyanın baza hissəsinə ödəniş çox olmuşdur. 2012-ci ildən pensiyaya çıxıb və 16 noyabr 2020-ci ilədək Kooperasiya Universitetində kafedra müdiri işləyib və dərs deyib. Hazırda öz ərizəsilə işdən azad olub. 45 ildən çox pedoqoji staja malikdir. 2019-cu ildə onun pensiyası düzgün hesablanmadığına görə ərizə ilə Binəqədi rayon Dövlət Sosial Müdafiə Şöbəsinə müraciət edib. Şöbədə sənədləri yoxlanmış və səhvə yol verildiyi ona bildirilərək pensiyası 640,25 manata artırılmışdır. 2020-ci ildə pensiya hesablanarkən 640,25 x 16,5 = 746 manat təşkil etmişdir. Qeyd olunan bu məbləği 2021-ci il yanvar ayınadək alıb. Lakin bunlara baxmayaraq 2021-ci ildən pensiyalar yenidən hesablanarkən illik inflyasiya səviyyəsi 11,4% nəzərə alınmamış və ona DSMF tərəfindən telefonuna aşağıdakı məzmunda sms ismarıcı almışdır: “İlkin pensiya təyinatı zamanı pensiya sığorta kapitalının düzgün müəyyən edilməməsi səbəbindən 01.02.2017-ci il tarixindən 31.03.2021 ci il tarixinədək pensiya ödənişində artıq ödəmə müəyyən edilmişdir. Onların hesablamalarına görə o hər ay 271 manat az pensiya almalıdır. Pensiyasının nəyə görə azaldılması barədə ona məlumat verilməmişdir. Qeyd olunanlar düzgün müəyənləşdirilməmiş və səhvə yol verilmişdir, çünki o, ərizəsilə pensiyanın düzgün hesablanmaması barəsində 2019-cu ildə müraciət edib və pensiyasını artırmışdılar. İndi isə nədənsə onun pensiyasını azaldaraq bildirilir ki, guya 2017-ci ildən 2021-ci ilədək səhv hesablanmışdır, yəni o, 7423,5 manat ödəməlidir. Pensiyanın düzgün hesablanaraq, ödənilməmiş məbləğin ödənilməsi barədə müraciət edib. Lakin cavabdeh orqan tərəfindən xahişinin təmin olunmasından əsassız formada imtina edilmişdir. Eyni zamanda bildirir ki, pensiya təyinatı orqanı tərəfindən mənim pensiya ödənişinin azaldılması və ondan tutulmalar olmasına dair qərar qəbul edilmişdir. Həmin qərarda yaşı 73 deyil 68 kimi verilmişdir. Yəni inzibati orqanın qərarında kobud səhvlik olaraq doğulduğu ili 1948 deyil 1953 kimi qeyd ediblər. Cavabdeh inzibati orqanın bu cür cavabının qanunsuz və əsassız hesab edir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır və hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmənin 18.11.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının17.02.2021-ci il tarixli, 106 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının ləğv edilməsi və həmin qərar əsasında İddiaçı 7423,05 manat pul məbləğinin tələb edilməsinin qanunsuz hesab edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 08.09.2011-ci il tarixdən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. İddaçının 11.02.2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə müraciəti əsasında onun əmək pensiyası Mərkəzi Filialın 17.02.2021-ci il tarixli **********88 nömrəli qərarına əsasən 01.11.2017-ci il tarixdən yenidən hesablanmışdır: Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-9365/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının İddiaçı münasibətdə artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında 17.02.2021-ci il tarixli, 106 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında İddiaçı 7423,05 manat pul məbləğinin tələb edilməsinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında 17.02.2021-ci il tarixli qərara əsasən, 13.03.1953-cü il tarixində ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilmiş 01.11.2017-ci il tarixindən 31.03.2021 -ci il tarixinədək 7423,05 manat (yeddi min dörd yüz iyirmi üç manat beş qəpik) hər ay əmək pensiyasından tutulmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı 01.11.2017-ci il tarixindən 31.03.2021-ci il tarixinədək 7423,05 manat (yeddi min dörd yüz iyirmi üç manat beş qəpik) məbləğində əmək pensiyasının artıq ödənilməsinə dair sənədləri nəzərdən keçirərək Xidməti yoxlama zamanı vətəndaşın 01.11.2017-ci il tarixində pensiyasının hesablanması zamanı sığorta kapitalının düzgün hesablanmaması nəticəsində artıq ödəmə aşkarlanmışdır. Nəticədə 7423,05 manat (yeddi min dörd yüz iyirmi üç manat beş qəpik) artıq ödəmə məbləği aşkarlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati orqan Vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. İddiaçının 27.01.2021-ci il tarixli müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq 01.01.2021-ci il tarixdən 717,97 manata çatdırılmışdır. İddiaçının Azərbaycan Respublikasının X1 müraciətləri ilə iş şöbəsindən daxil olmuş 02.04.2021-ci il tarixli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında müraciətinə cavabdeh tərəfindən 09 may 2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Məlumat üçün bildiririlmişdir ki, onun 22.02.2021-ci il tarixli müraciətiniz əsasında əmək pensiyanız yenidən hesablanmışdır və 01.11.2021-ci il tarixində ona pensiya sığorta kapitalının səhv hesablanması nəticəsində artıq ödəmə aşkarlanmışdır. Nəticədə 01.11.2017-ci il tarixindən 31,03.2021-ci il tarixinədək 7423,05 məbləğində artıq ödəmə məbləği müəyyən edilmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 17.02.2021-ci il tarixli, 106 nömrəli qərarına əsasən sizə ödənilmiş 01.11.2017-ci il tarixindən 31.03.2021ci il tarixinədək 7423,05 manat bölünərək hər ay əmək pensiyasından tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına ödəniləcəkdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bildirilmişdir ki, İddiaçı 11.02.2021-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması barədə” müraciəti əsasında onun əmək pensiyası Mərkəzi Filialın 17.02.2021-ci il tarixli, **********8 nömrəli qərarına əsasən 01.11.2017-ci il tarixindən yenidən hesablanmışdır. Yenidən hesablama zamanı İddiaçı əmək pensiyasının pensiya kapitalının səhv hesablanması nəticəsində ona 01.11.2017-ci il tarixindən 31.03.2021 -ci il tarixinədək 7423,05 (yeddi min dörd yüz iyirmi üç manat, beş qəpik) manat məbləğində artıq pensiya məbləği ödənildiyi müəyyən edilmişdir. Artıq ödənilmiş pensiya məbləği İddiaçı əmək pensiyasından hər ay 139,99 manat məbləğində tutularaq Fondun hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır X9 Məhkəməsinin presedent hüququna əsasən: Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X3rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; 15.09.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı xx.xx.1948-ci il təvəllüdlüdür, 73 yaşı var, pensiya təyin olunarkən iddiaçının təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan əmək pensiyaçısının razılığı olmadan birtərəfli qaydada artıq ödənilmiş əmək pensiyasının tutulmasını təmin edən qərar qəbul edərək onun icra etmişdir. İddiaçı həmin qərardan hətta yuxarı inzibati orqana şikayət versə belə, qərar ləğv edilməmişdir. Mübahisələndirilən qərar qanunsuz əlverişsiz inzibati akt olduğundan hər bir halda ləğv edilməlidir. Qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığından həmin qərar əsasında iddiaçıdan pul məbləğinin tələb edilməsi qanunsuz hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-9365/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1276/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1276/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver