Məhkəmə qərarları › İş №2-1(103)-1276/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1276/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1276/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-1(112)-13854/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, 13-cü Xrebtovı ünvanında yerləşən 81Q saylı ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 13-cü Xrebtovı ünvanında yerləşən 81Q saylı ev 1983-cü il tarixdən iddiaçının faktiki istifadəsində və mülkiyyətindədir. Qeyd edir ki, keçmiş Oktyabrski, indiki Yasamal İcraiyyə Komitəsinin X9 xx.xx.1989-cu il tarixli 10/3 saylı qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, 13-cü Xrebtovı ünvanında yerləşən 81Q saylı evdə sahəsi 35 kv.m. olan iki otaqlı mənzilin tikilməsinə X1 icazə verilmişdir. Adı çəkilən şəxs iddiaçının baldızıdır. Belə ki, Məmmədrzayeva Gərəkməz xx.xx.2004-cü il tarixli məktubu ilə həmin torpaq sahəsinin bir hissəsini iddiaçının mərhum həyat yoldaşı X8 pay vermişdir. Həmin məktub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat X3 tərəfindən xx.xx.2004-cü il tarixdə notarial qayadada təsdiqlənərək möhürlənmişdir. İddiaçının mərhum həyat yoldaşı X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lakin sözügedən ev mərhum Mahmudov Tahir rəhmətə gedənə kimi də dövlət reyestr qeydiyyatından keçməmişdir. Onun ölümündən sonra iddiaçı qanunvericiliyə uyğun olaraq vərəsəliklə bağlı müvafiq notariusa müraciət etmişdir. Lakin mərhumdan qalan miras əmlakın dövlət reyestrindən çıxarışı olmadığından müraciəti hərəkətsiz qalmış və qanun üzrə nəzərdə tutulan miras əmlakı qəbul etmək üçün prosessual müddətini də ötürmüşür. Həmçinin, nəticə etibarı ilə iddiaçı yuxarıda qeyd olunmuş səbəbdən mərhumun vərəsəsi kimi tanına bilməmişdir. Bu da onun hər baxımından hüquqlarını məhdudlaşdırır. Bundan başqa, həmin torpaq sahəsi üzrə cizgi tərtib edilmiş, iddiaçı həmin evdə uzun illərdir ki, qeydiyyatdadır, bütün elektrik, qaz, su təchizatları quraşdırılarkən qanunda nəzərdə tutulmuş qaydada müqavilələr bağlanaraq iddiaçının adına rəsmişləşdirilmişdir. Buradan da aydın görünür ki, sözügedən əmlak iddiaçının mülkiyyətindədir. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 13-cü Xrebtovı ünvanında yerləşən 81Q saylı ev üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdehin 3-21- 3-30/2-M-0509-8/2023 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır. Cavabdehin etirazında bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********37 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş texniki pasport Mamedrzayev Qaraxmaza verilmişdir. İddiaçı ilə həmin şəxs arasında əlaqəli sənəd təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 971 kv.m., faktiki olaraq 244.4 kv.m. təşkil edir. Həmçinin, İdarənin elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş texniki pasportla perimetrik ölçü və konfiqurasiyada uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə edilməsinə əsas hesab olunan sənəd hesab olunur. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-1(112)-13854/2023 saylı qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, iddiasının mümkün hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq iddia ərizəsində texniki səhvə yol verilmiş, mübahisəli torpaq iddiaçının baldızına deyil, mərhum yoldaşının mərhum bibisinə ayrılmışdır. İddiaçının mərhum yoldaşı X13 xx.xx.1958-ci il tarixdə anadan olmuş, xx.xx.2021-ci il tarixdə isə vəfat etmişdir. Mahmudov Tahirin atası X6 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X2 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş sərəncam və evə dair texniki pasportun surətindən görünür ki, (Keçmiş Oktyabrski) indiki X16 Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/3 saylı qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, 13-cü Xrebtovı ünvanında yerləşən 81Q saylı evdə sahəsi 35 kv.m olan iki otaqlı mənzilin tikilməsi X1 icarəyə verilmişdir. Məmmədrzayeva Gərəkməz xx.xx.2004-cü il tarixli məktubu ilə həmin torpaq sahəsinin bir hissəsini iddiaçının mərhum həyat yoldaşı X8 pay vermişdir. Həmin məktub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2004cü il tarixdə notarial qayadada təsdiqlənərək möhürlənmişdir. Bundan başqa, Məmmədrzayeva Gərəkməz Bakı şəhəri 19 saylı notariat kontorunda xx.xx.2004-cü il tarixli vəsiyyətnamə yazmışdır. Həmin vəsiyyətnamədə mərhum torpağının hamısını deyil, yarı hissəsini vəsiyyət etmişdir. Qərardadın əsaslandığı əsas hissə olan Məmmədrzayeva Gərəkməz ilə iddiaçı arasında əlaqəli sənədin təqdim edilməməsi əsassız yanaşmadır. İddiaçının yoldaşının bibisinin onun yoldaşına vermiş olduğu ev miras əmlak sayılır, iddiaçının əri öldüyünə görə iddiaçı ərinin vərəsəsi olduğundan sözügedən torpaq sahəsi miras əmlak sayılır və iddaçı özü uzun illərdir həmin evə sahiblik edir, orada yaşayır, orada təsərrüfat aparır. Evə dair kommunal ödənişlər də iddiaçının adına qeydə alınmışdır. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq iddiaçı iddianı vermək üçün subyektiv hüquqa malik şəxsdir. (Keçmiş Oktyabrski) indiki X16 Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/3 saylı qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, 13-cü Xrebtovı ünvanında yerləşən 81Q saylı evdə sahəsi 35 kv.m olan iki otaqlı mənzilin tikilməsi X1 icazə verilmişdir. İş materiallarına əlavə olunaraq işin bütün faktiki hallarını sübut edəcək sübutlar məhkəmə tərəfindən dərin araşdırılma aparılmadan tələsik qərar vermişdir. Bu baxımdan məhkəmənin mövqeyi ilə razı deyil. İlkin olaraq mübahisəli ev iddiaçının baldızına deyil, mərhum yoldaşının mərhum bibisinə ayrılmışdır. İddiaçının mərhum yoldaşı Mahmudov Tahirin atası X6 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X2 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Həmçinin, notariusda yazılmış ərizədə də Məmmədrzayeva Qaraqməz evini qardaşı oğluna verməsini yazmışdır. Məhkəmə işi düzgün araşdırmamış, işin faktiki halları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. İddianı iddiaçının subyektiv hüququnun olmaması səbəbi ilə mümkünsüz hesab etmişdir. Cavabdehin iş üzrə verdiyi etiraza əsaslanaraq bu cür qənaətə gəlmişdir. Halbuki, iddiaçının iddia tələbini verməkdə subyektiv hüququ mövcuddur. Ev iddiaçının ərinin bibisi tərəfindən ona verilmişdir. İddiaçının qaynatası və ərinin bibisinin ölüm haqqında şəhadətnaməsi iş materiallarına əlavə olunmuşdur. Onların bacı qardaş olmasını sübut edəcək yeganə sənəd doğum haqqına şəhadətnamədir. Həmin doğum haqqında şəhadətnaməni iddiaçı öz səlahiyyətləri xaricində olduğundan ala bilmir. Şəxsi məlumatların toxunulmazlıq prinsipinə əsaslanaraq həmin sənədləri əldə etmək mümkün deyildir. Lakin məhkəmə işə obyektiv baxmaq üçün məsələni bu baxımından araşdırılmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq adiyyatı üzrə qeydiyyat şöbəsinə sorğu və ya vəsatət verə bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək 13 fevral 2024-cü il tarixdə Lənkəran rayonunda məhkəmə iclasında iştirak edəcəyinə görə hazırkı iş üzrə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 12 oktyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Hazırkı iş üzrə iddiaçının hüquqi maragına görə o, Bakı şəhəri, Yasamal rayonu, 13cü Xrebtovı ünvanında yerləşən 81Q saylı ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı belə bir iddianı irəli sürməyə subyektiv hüquq daşıyıcısı deyildir. Belə ki, iş materiallarında olan ünvan 2 ünvanında yerləşən 86a nömrəli evin Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu Qaraqməz Məmmədrzayevanın adına tərtib edilmiş, sonuncu 13 noyabr 2006-cı ildə ölmüşdür və onun ölümündən sonra vərəsələrin müəyyən edilməsi ilə bağlı vərəsəlik işi açılmamış, iddiaçının onun vərəsəsi olması, həmçinin də təqdim edilmiş texniki pasportun məhz ölmüş şəxsə məxsus olması barədə heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə və işin yuxarıda qeyd olunan hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçı mübahisəli yaşayış sahəsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik olmadığından birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2-1(112)-13854/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar