Məhkəmə qərarları › İş №2-1(103)-1277/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1277/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1277/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X7 cəlb edilməklə, “özəlləşdirmə ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, dövlət qeydiyyatının və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs X4 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “özəlləşdirmə ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, dövlət qeydiyyatının və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-128/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardan 3-cü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özəlləşdirmə ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, dövlət qeydiyyatının və onun nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 48 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinin bir hissəsində isə qardaşı X8 öz ailəsi ilə birlikdə yaşayır. Nəsimi RİH-nin xx xxxx 1992-ci il tarixli 230/31 saylı sərəncamına əsasən sözügedən fərdi yaşayış evi qardaşı X6 və onun ailə üzvlərinin yaşaması üçün verilmiş və kirayənişlərindən biri də iddiaçı olmuşdur. İddiaçı qardaşı ilə onun arasında yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etdikdə həmin mənzilin qardaşının mülkiyyətində olması müəyyən edilmişdir. Məhkəmə sorğusu əsasında müəyyən edilmişdir ki, iddiaçı həmin evin qardaşı X5 adına özəlləşdirilməsinə razılıq vermişdir.Halbuki onun tərəfindən belə bir ərizə verilməmişdir. Belə olan halda Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 48 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair aparılmış özəlləşdirmə ilə bağlı hərəkətlər qanunsuz hesab edilməli və bununla əlaqədar aparılmış qeydiyyat və onun nəticələri ləğv edilməlidir. 3-cü şəxs X4 vəkili ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, özəlləşdirmə 1997-ci ildə aparılmışdır, iddiaçı isə hazırki tələblə 20 il keçdikdən sonra özəlləşməni mübahisələndirmişdir. İddiaçının ötən 20 il ərzində özəlləşdirmədən xəbərsiz olması inandırıcı deyildir. Belə ki, ən azından 2002-ci və 2004-cü illərdə iddiaçı uşaqlarını mənzilə pasport qeydiyyatına aldırmışdır və bu zaman mənzilin artıq özəlləşdirilməklə xüsusi mülkiyyətdə olduğunu bilməli idi. Bundan başqa iddiaçı mənzilə dair arayışlar, özünün və ailə üzvlərinin qeydiyyatı ilə bağlı sənədlər almışdır ki, bu halda isə mütləq mənzilin artıq özəlləşdirilməklə xüsusi mülkiyyətdə olmasını bilməli idi. Belə olan halda iddiaçının iddiası iddia müddəti tətbiq edilərək rədd edilməlidir. 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin 73 və 80-cı maddələrinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi iddia müddəti (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və s.ictimai təşkilatların bir-biri ilə olan iddiaları üzrə isə bir il müəyyən edilir. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün əsasdır. Üçüncü şəxsin vəkili iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X7 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Özəlləşdirmə 1997-ci ildə aparılmış, iddiaçı isə hazırkı tələblə 20 il keçdikdən sonra həmin özəlləşdirməni mübahisələndirmişdir. Belə ki, iddiaçı ən azından 2002-ci və 2004-cü illərdə uşaqlarını mənzilə pasport qeydiyyatına saldırmışdır və bu zaman mənzilin artıq özəlləşdirilməklə xüsusi mülkiyyətdə olduğunu bilməli idi. Bundan başqa, işdəki sənədlərdə müəyyən olunur ki, müxtəlif səbəblərdən o, daim dövlət orqanları ilə münasibətlərdə olmuş, mənzilə dair arayışlar, özünün və ailə üzvlərinin qeydiyyatı ilə bağlı sənədlər almışdır. Bu halda isə o, mütləq mənzilin artıq özəlləşdirilməklə xüsusi mülkiyyətdə olduğunu bilməli idi. Məhkəmənin qərarında göstərilmişdir ki, İddiaçı tərəfindən özəlləşdirilmənin mübahisələndirilməsi ilə bağlı iddia müddətinin buraxılması barədə 3-cü şəxs X5 bildirdiklərini məhkəmə əsassız hesab edir. Məhkəməyə təqdim edilmiş Nəsimi rayon Məhkəməsinin qətnamələrindən müəyyən olunur ki, iddiaçı mənzilin özəlləşdirilməsi barədə 2017-ci ildə Nəsimi Rayon Məhkəməsində Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində 48 nömrəli yaşayış evində yaşayış hüququnun tanınması və həmin yaşayış sahəsindən istifadəyə məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddia qaldırdıqdan sonra cavabdeh X8 ona qarşı Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində 48 nömrəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi haqqında qarşılıqlı iddia qaldıran zaman məlumat əldə etmişdir, X8 qarşılıqlı iddiasını mənzilin 1997-ci ildən onun mülkiyyətində olması ilə əsaslandırmışdır. İddiaçının həmin vaxtdan əvvəl mənzilin özəlləşdirilməsi ilə bağlı məlumatlı olması inzibati iş materialları ilə müəyyən edilməmişdir. İddiaçının ötən 20 (iyirmi) il ərzində mənzilin özəlləşdirilməsindən xəbərdar olmaması normal ağlabatan mühakiməyə və ümumi qəbul edilmiş həyat təcrübəsinə görə qətiyyən inandırıcı deyildir. Hətta iddiaçı mübahisəli mənzilin X5 adına özəlləşdirilməsini barədə məlumatı 2017-ci ildə əldə etmiş olsa belə, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən 30 (otuz) gün müddətində yəni (inzibati aktın təqdim olunduğu vaxtdan 30 (otuz) gün müddətində) mübahisələndirmə haqqında iddia qaldırmalı idi. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə 30 (otuz) günlük iddia müddətini ötürməklə müraciət etmişdir. Beləliklə, iddia müddəti ötürüldüyü üçün iddia mümkün sayılmamalıdır. İddiaçının digər dəlilləri iddianın əsaslılığının yoxlanılması ilə bağlı olduğundan onların araşdırılmasına və qiymətləndirilməsinə lüzum qalmır. Çünki inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı 3-cü şəxs X4 vəkili X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi İbrahim Kəlbiyev apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, İdarə tərəfindən özəlləşdirmə ilə bağlı hərəkətlər yerinə yetirilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Buna görə də cavabdehin nümayəndəsi iddianın əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarına görə iddiaçı, inzibati orqan tərəfindən 2007-ci ildə mənzilin üçüncü şəxsin adına həyata keçirdiyi özəlləşmə ilə bağlı hərəkətlərinin qanunsuz sayılmasını tələb edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 13 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 2007-ci ilin yanvar ayında baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, yaşadığı mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsindən xəbəri olmamış, yalnız qardaşı ilə onun arasında yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etdikdə mənzilin qardaşının mülkiyyətində olmasından məlumatlı olmuşdur. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma xx xxxx 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının yaşadığı mənzilin hüquqi rejimi ilə 13 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mənzilə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Çünki iddiaçının mənzildən istifadə üçün məzmununa etimad göstərdiyi (və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya və ya ictimai maraqlara ziyan vurmadığı) hər hansı inzibati akt və ya digər hüquqi əsas yoxdur. Yalnız bu cur əsas olduğu halda qəbul etmək olardı ki, iddiaçı həmin etimada əsaslanmaqla mənzilin sonrakı hüquqi rejimini araşdırmamışdır. Digər tərəfdən, iş materiallarından görünür ki, iddiaçı mübahisəli mənzilin qardaşı Qədim Haqverdiyevin adına özəlləşdirilməsi zamanı onun tərəfindən buna hər hansı razılıq ərizəsinin verilmədiyinə istinad edərək həmin ərizənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-494/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun bu iddia tələbi təmin olunub, apellyasiya qaydasında da həmin qətnamə dəyişdirilmədən saxlanılsa da, sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7394/18 saylı xx.xx.2018ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7682/2018 saylı qətnaməsi ləğv edilmiş və mübahisə inzibati məhkəməyə aid olduğu üçün iş üzrə icraata xitam verilmişdir. Bundan sonra da iddiaçı hüquqi marağına uyğun, istədiyi məqsədə nail olmaq üçün operativlik göstərmədən yalnız hazırki iddia ilə məhkəməyə xx xxx 2019-cu il tarixdə müraciət etmişdir. Göründüyü kimi, bütün bu halları birinci instansiya məhkəməsi nəzərə almamış, iddianın mümkünlük şərtlərini tam araşdırmamış, iddianın mümkün sayılmaması barədə qərar çıxarılmalı halda işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs Qədim Haqverdiyevin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X4 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar