Məhkəmə qərarları › İş №2-1(103)-1277/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1277/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1277/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6507/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022ci il tarixli **********6832 saylı və **********6835 saylı qərarların ləğv edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2-1(112)-6507/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********6832 saylı və **********6835 saylı qərarların ləğv edilməsi” tələbi üzrə inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********6835 saylı qərarın ləğv edilməsi” tələbi üzrə icraat ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6507/2022 saylı qərarı ilə “xx.xx.2022-ci il tarixli **********6832 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddia rədd edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanına və məhkəmədə icraat davam edən zaman iddiaçı tərəfindən malların alınması barədə yük gömrük bəyannamələri və həmin bəyannamələrə əsasən gətirilmiş malların ümumiləşdirilmiş cədvəlləri təqdim edilmişdir. Həmin cədvəllərdə fərqin yaranmasına səbəb olmuş mallar qeyd edilmiş və olnlar barədə elektron qaimə və yük gömrük bəyannamələri də mövcuddur. Bakı şəhəri Nərimanov rayonu, Dəməgül şossesi 3-cü köndələn küçəsində yerləşən obyektdə 521248.83 manat məbləğində malların sənədlərlə öz əksini tapmadığı göstərilmişdir. Faktiki olaraq Sənədsiz mal müəyyən edilməmişdir. Bütün YGB və e-qaimələr açıqlamaları ilə birlikdə cədvəldə göstərilən ad və çeşidlər üzrə məhkəməyə təqdim edilmiş, lakin, məhkəmənin ədalətli araşdırma aparmadığı üçün Hakimə etiraz ərizəsilə məhkəməyə müraciət edilmişdir. Lakin etirazlar qəbul edilməmişdir. Məhkəmə qərarında malların üzləşdirmə aktı əsasında araşdırıldığı göstərilmişdir. Lakin belə bir üzləşdirmə aktı yoxdur. Elektron qaimələr və digər sənədlər vəsatətlə birlikdə iddiaçı tərəfindən təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən bu kimi hallar nəzərə alınmamış, yalnızca cavabdeh orqan tərəfindən verilmiş sübutlar mötəbər sübut kimi hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9744 nömrəli qərara əsasən ADİS AZERBAİJAN MMC-yə məxsus olan AZ1029 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şössesi 3-cü Köndələn küçəsi 2090-cı məhəllədə obyektin adı (Anbar: 140598371-15001) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim ediməsi üçün malların təsərrüfat subtektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi, vergi nəzarətinin vergi xidməti müşaviri X4 və 2-ci dərəcəli müfəttiş X3 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, iddiaçıya məxsus 15001 Anbar; ünvan 1 ünvanında xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə operativ vergi nəzarəti keçirilməlidir. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№001856 nömrəli nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə qeyd edilən obyektdə (ünvan 1 ünvanında) mallar sayıldı, alış qismətinə əsasən 654825,24 manatlıq malın olduğu müəyyən olundu. YGB invoysları, alış aktları və elektron-qaimə fakturalarına əsasən üzləşmə aparıldı, həmin mallardan 521284,83 manatı sənədlərlə öz təsdiqini tapmadı. Bununla əlaqədar, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 52124,88 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - ünvan 1 ünvanında anbarda Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və elektron qaimə-faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tətrib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2021-ci il tarixli DVX№001356 siyahısına əsasən müxtəlif ölçülərdə yapışqanlı faner müəyyən olunmuşdur. - İddiaçı MMC-nin icraçı direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti nəzarəti zamanı təqdim edilmiş siyahıya əsasən ünvan 1 ünvanında yuxarıda qeyd edilən cədvələ uyğun olaraq müxtəlif ölçüdə cəmi 16288,09 m3 mal olduğu qeyd edilmişdir. - Beləliklə, qeyd edilən cədvələ uyğun olaraq elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi 2-ci sırada Yapışqanlı faner 4 mm adlı malüzrə dəyəri 10259,38 manat, 5-cü sırada yapışqanlı faner 5 mm adlı mal üzrə dəyəri 3006,66 manat, 11-ci sırada yapışqanlı faner 11,4 mm adlı adlı mal üzrə dəyəri 106496,20 manat, 12-ci sırada yapışqanlı faner 12 mm adlı mal üzrə dəyəri 82971,07 manat, 17-ci sırada yapışqanlı faner 15 mm adlı mal üzrə dəyəri 67880,79 manat, 24-cü sırada yapışqanlı faner 21 mm adlı mal üzrə dəyəri 2472,53 manat, 26-cı sırada yapışqanlı faner 25 mm adlı mal üzrə dəyəri 1349,29 manat, 27-ci sırada yapışqanlı faner 27 mm adlı mal üzrə dəyəri 1108,84 manat, 29-cu sırada yapışqanlı faner 35 mm adlı mal üzrə dəyəri 1174,15 manat, 35-ci sırada plitə (OSB) 9 mm adlı mal üzrə dəyəri 14313,35 manat, 37-ci sırada yapışqanlı faner 12 mm adlı mal üzrə dəyəri 147562,47 manat, 38-ci sırada yapışqanlı faner 11,1 mm adlı mal üzrə dəyəri 8497,46 manat, 40-cı sırada balka H20 dirək profil 2,5 mm adlı mal üzrə dəyəri 19133,02 manat, 41-ci sırada balka H20 dirək profil 2,9 mm adlı mal üzrə dəyəri 24280,41 manat, 42-ci sırada balka H20 dirək profil 2 mm adlı mal üzrə dəyəri 13143,90 manat, 44-cü sırada balka H20 dirək profil 3,6 mm adlı mal üzrə dəyəri 12029,06 manat, 45-ci sırada balka H20 dirək profil 1,95 mm adlı mal üzrə dəyəri 5606,25 manat olmaqla cəmi 521284,83 manatlıq mal müəyyən edilmişdir. - Operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№001856 nömrəli akta uyğun olaraq Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6832 nömrəli qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 52128,48 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşmır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından aydın olduğu kimi, cavabdeh tərəfindən iddiaçı MMC-yə mübahisələndirilən qərarla sanksiya hesablanarkən, vergi ödəyicisinin sahibliyində olan 521248,83 manat dəyərində mallara dair sənədlərin (elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi, təhvil-qəbul aktı və s.) olmamasına əsaslanılmışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair yekun mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, «... cavabdeh tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas olan sənədlərin surətləri, cədvəllər və fotoşəkillər məhkəməyə təqdim edilmişdir (Sənədlərin həcmi böyük olduğu disk iş materiallarına əlavə edilmişdir). Qeyd edilən mallara dair iddiaçı tərəfindən təqdim edilən sənədlər cavabdeh tərəfindən təqdim edilən diskdəki cədvəllərlə müqayisəli nəzərdən keçirilmiş və xx.xx.2021-ci il tarixli DVX№001356 siyahı və ona uyğun xx.xx.2021-ci il tarixli DVX№001856 nömrəli nömrəli aktda qeyd edilən məlumatlarda uyğunsuzluq müəyyən edilməmişdir. Odur ki, elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi cəmi 52128,48 manatlıq mal müəyyən edilməsinə dair cavabdeh qurumun qənaətini təkzib edən hal yoxdur.» Apelyasiya şikayətində iddiaçı mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, vergi orqanına və məhkəmədə icraat davam edən zaman iddiaçı tərəfindən malların alınması barədə yük gömrük bəyannamələri və həmin bəyannamələrə əsasən gətirilmiş malların ümumiləşdirilmiş cədvəlləri təqdim edilmişdir. Həmin sənədlər sübut qismində şikayətə əlavə edilmiş və apelyasiya baxışı zamanı, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdehin əsaslandığı sənədsiz malların iş materiallarında mövcud olan bəyannamələrlə uyğunluğuna dair izah verilmişdir. Beləliklə, apelyasiya baxışı zamanı, iş materiallarından və tərəflərin izahatlarından aydın olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən təqdim edilmiş sənədlər (gömrük bəyannamələri, e-qaimə və s.) tam nəzərə alınmamışdır. AR İPM: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. AR MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kollegiya qeyd edir ki, məhkəmənin əsaslandığı cavabdeh tərəfindən təqdim edilən sənədlərin surətləri, müvafiq diskdəki cədvəllərdə əks olunan məlumatlar - elektron qaimə fakturalar, idxal olunmuş mallar, satış elektron-qaimə fakturalar və kassa-satış barədə məlumatlardan ibarət olmuşdur. Diskdə qeyd olunan məlumatların doğruluğu xüsusi biliyə malik ekspert və yaxud da mütəxəssis tərəfindən yoxlanılmamış və bununla bağlı heç bir araşdırılma aparılmamışdır. Apelyasiya baxışı zamanı AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 9/2566 №-li ekpert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “... təqdim edilmiş iş materiallarında xx.xx.2021-ci il tarixli aktda göstərilən mallar üzrə alış sənədləri (e-qaimə faktura, idxal yük gömrük bəyannamələri və sair) öz əksini tapmışdır. Təqdim edilmiş həmin sənədlər nəzərə alınmaqla İddiaçı MMC-yə məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı müəyyən edilmiş və yoxlamanın nəticəsi haqqında tərtib edilmiş xx.xx.2021-ci ii tarixli aktda göstərilən 521.284,83 manat məbləğində malların alışına dair sənədlərin mövcudluğu müəyyən olunur.” Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyinin əksinə xx.xx.2021-ci il tarixli aktda göstərilən iddiaçı MMC-nin sahibliyində olan mallar üzrə alış sənədləri həqiqətən mövcud olmuş, lakin cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. AR “İnzibati icraat haqqında” qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; AR İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. Lakin, məhkəmə araşdırması zamanı, cavabdeh orqan tərəfindən qeyd edilən vergi borcunun hesablanması əsasına dair digər sübut və dəlillər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, ekspertiza rəyinin yekun hissəsində qeyd edilmişdir ki, “... xx.xx.2021ci il tarixli aktla rəsmiləşdirilmiş, İddiaçı MMC-yə məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman mütəxəssis cəlb etmədən, yerində yoxlama aparılarkən malların müvafiq ad, növ, çeşid və ölçüsünün müəyyən edilməsinin mümkün olub-olmamasına dair məsələ məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Lakin qeyd edilir ki, müvafiq inşaat materiallarının ölçü, növ, çeşidi həmin sahəni bilən mütəxəssis tərəfindən müəyyən edilə bilər.” AR “İnzibati icraat haqqında” qanununun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. AR VM-in 23.1.14-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanın hüququdur. Kollegiya hesab edir ki, qoyulan sual üzrə dəqiq ekspert münasibəti bildirilməsə də, hər bir halda inzibati orqan tərəfindən mübahisənin ədalətli həlli üçün müvafiq mütəxəsssis cəlb edilə və iddiaçının sahibliyində olan malların təqdim edilmiş sənədlərə uyğunluğu dəqiq müəyyən edilə bilərdi. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi dəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan aldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqın-da” xx.xx.2003-cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11 -ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Hazırki mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı MMC tərəfdən vergidən yayınma hallarına həqiqətən yol verilmiş olması faktı öz təsdiqini tapmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilən qanunvericilik normalarının tələblərindən də aydın göründüyü kimi, rəsmi və mötəbər hesab edilə bilən məlumatlar əsasında qəbul edilməmiş və lazımi qaydada əsaslandırılmamış inzibati akt qanunsuz əlverişsiz akt kimi qiymətləndirilir. AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2022-ci il tarixli **********6832 saylı qərarı əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ləğv edlməli, iddia tələbi təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6507/2022 nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********6832 saylı qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar