Məhkəmə qərarları › İş №2-1(103)-1278/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1278/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1278/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlığı olmayan şəxsin sənədinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(112)-3323/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 2497/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya Azərbaycan Respublikası hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Daha sonra xx xxxxxx 2020-ci il tarixdə iş üzrə qəbul edilmiş qərardadı ilə, cavabdehin ərizəsi təmin edilmiş, iş üzrə icraat yeni açılmış hallar üzrə təzələnmiş, 3-cü şəxs qismində işdə iştirak etmək üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3323/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya Azərbaycan Respublikası hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində şəxsin vətəndaşlığı olmayan şəxslərə dair müvafiq sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Azərbaycan Respublikası hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur və oranın vətandaşı olmuşdur. Milliyyətcə azərbaycanlıdır, valideynlərinin hər ikisi də Gürcüstan vətəndaşıdır. Peşəkar idmançı olduğundan legioner idmançı kimi xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasını xarici yarışlarda təmsil etmək üçün ona Azərbaycan Respublikasının ümumvətəndaş pasportu verilmişdir. Gürcüstan Respublikasının vətəndaşı olsa da, Azərbaycan tərəfinin də ona təqdim etdiyi ümumvətəndaş pasportu ilə Azərbaycan bayrağı altında yarışlara qatılırdı. Bundan xəbər tutan Gürcüstan tərəfi o Azərbaycanda olduğu zaman başqa dövlətin vətəndaşlığını qəbul etməyi ilə bağlı Gürcüstan Prezidentinin xx.xx.2013-cü il tarixli, 360 nömrəli əmri ilə onun Gürcüstan vətəndaşlığını dayandırmışdır. O hazırda Gürcüstan vətəndaşı olaraq Gürcüstana daxil ola bilmir. Azərbaycan tərəfinə etdiyi müraciətə cavab olaraq isə ona bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşı olmağı müəyyən edilməmişdir. Belə olan halda o vətəndaşlığı olmayan şəxs hesab edilir və ona vətəndaşlığı olmayan şəxs olduğuna dair müvafiq sənəd təqdim edilməlidir. Belə ki,onun heç bir sənədi olmadığı üçün Gürcüstan Respublikasına daxil olaraq vətəndaşlığın bərpa olunmasına dair heç bir addım ata bilmir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 2-ci bəndinə əsaslanmışdır. əsas kimi o göstərilmişdir ki Əsasnaməyə görə iddiaçı 1992-ci ilin yanvarın 1-dək daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxs olmadığından müvafiq sənəd ona verilə bilməz. Belə olan halda bir məsələ öz həllini tapmamış qalır. İddiaçı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 6-cı, 7-ci, “İnzabati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci, 15.2-ci, 19.2-ci, 24-cü maddələrinə istinad edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı xx.xx.1991-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonu, Alqeti kəndində doğulmuşdur, atası X6, anası X1 qeyd eidlmişdir. 10BA6831 nömrəli, xx xxxx 2011-ci il tarixdə verilmiş Gürcüstan Respublikasının pasportunun surətinə əsasən İddiaçı Gürcüstan Respublikasının vətəndaşıdır. Azərbaycan Kiqboksinq Federasiyasının Gürcüstanın Azərbaycandakı Səfirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, KF-005 nömrəli məktubunda göstərilmişdir ki, Gürcüstan vətəndaşı olan İddiaçı legioner idmançı kimi xx.xx.2011-ci il tarixdə ölkəni xarici yarışlarda təmsil etmək üçün ümumvətəndaş pasportu verilmişdir. Azərbaycan Respublikasında Gürcüstan səfirliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli, 05/00006745/2019-2 nömrəli arayışa əsasən “Gürcüstan vətəndaşlığı haqqında” X5 32-ci maddəsinin, 1-ci bəndinin “d” yarımbəndinə müvafiq olaraq başqa dövlətin vətəndaşlığını qəbul etməsi ilə bağlı Gürcüstan Prezidentinin xx.xx.2013-cü il tarixli, 360 nömrəli əmri ilə onun Gürcüstan vətəndaşlığı dayandırılmışdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, K/E-861 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.2018-ci il tarixli müraciəti əsasında onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti araşdırılmış və “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli, xx.xx.2018-ci il tarixli arayışında göstərilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən olunmuşdur. “Qızıl Əlcək” İdman Klubunun xx.xx.2018-ci il tarixli, Ç-01/191 nömrəli arayışına əsasən İddiaçı 2000-ci ildən 2015-ci ilə qədər “Qızıl Əlcək” İdman klubunda idmanın kikboks növü ilə məşğul olmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbayan Respublikası ərazisində vətəndaşlığı olmayan şəxs kimi digər hallarda sənədləşmə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edildiyindən və həmin səlahiyyətlər Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirildiyindən aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. Arayışa əsasən, Əminaqarov Elvinin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün(xx.xx.2011-ci il tarixdən xx.xx.2016-ci il tarixədək) əsas əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi olmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşı olaraq 2011-ci ildə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsini almışdır. xx xxx 2013-cü il tarixdən iddiaçının Gürcüstan Respublikasının vətəndaşlığı dayandırılmışdır. Azərbaycan Respublikasına məxsus iddiaçının adına verilmiş ümumvətəndaş pasportu xx.xx.2018-ci il tarixdə AR DİN tərəfindən Dövlət Miqrasiya Xidmətinin məktubu əsasında fəaliyyətsizləşdirilmişdir. İddiaçı onun Gürcüstan Respublikasının vətəndaşlığının bərpası üçün həmin dövlətin Azərbaycan Respublikasında olan səfirliyə müraciət etmədən, cavabdehə müraciət edərək vətəndaşlığı olmayan şəxsin sənədinin ona verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddia ilə bağlı aşagıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin preambulasına əsasən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. Həmin Məcəllənin 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs; Həmin Məcəllənin 3.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Həmin Məcəllənin 3.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Həmin Məcəllənin 3.0.17-ci maddəsinə əsasən sərhədkeçmə sənədi – xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi kitabçası (vəsiqəsi), qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və ya digər sərhədkeçmə sənədləri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 74.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən və xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli 421-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xüsusi sənədlər verilir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən xüsusi sənədlərin aşağıdakı növləri vardır: a) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi; b) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi; c) Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi; d)Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.Bu maddənin “a” və “b” bəndlərində göstərilən sənədlər yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına verilir. Həmin Əsasnamənin 24-cü bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsi 18 yaşına çatmış, müstəsna hallarda təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış vətəndaşlığı olmayan şəxsə onun valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı, müvafiq təşkilatların vəsatəti əsasında həmin vəsiqənin verilməsi barədə onun xüsusi forma üzrə doldurulmuş ərizəsi (3 saylı əlavə) əsasında bu barədə müraciət olunduğu vaxtdan ən geci bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 2 il müddətinə verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizənin düzgün doildurulmasını yoxlamalı və bu məqsədlə aşağıdakı sənədləri tələb etməlidir: vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini; Beləliklə, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi üçün, vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin olması əsasdır. Lakin işin faktiki hallarından göründüyü kimi, iddiaçı 2011-ci ildə Azərbaycan Respublikasına gəldiyi vaxt onun Gürcüstan Respublikasının vətəndaşlığı olmuşdur. Buna görə də iddiaçı vətəndaşlığı olmayan şəxs sayıla bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır, həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər,68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3323/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar