Məhkəmə qərarları › İş №2-1(103)-1278/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1278/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1278/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-406/2021 nömrəli iş üzrə 21 yanvar 2021-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İcabari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Ağstafa rayon Mərkəzi Xəstəxanası) məhkəməyə müraciət edərək, 2019-cu ilin yanvar ayından etibarən dayandırılmış 2-ci qrup əlilliyinin yenidən bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21.01.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, işğal olunmuş torpaqların erməni işğalçılarından azad olunması məqsədilə döyüş əməliyyatları bölgəsində qarşı tərəfdən atılan artileriya mərmiləri nəticəsində sağ-bud çanaq, sağ baldır və bədənin müxtəlif nahiyyələrindən çoxnömrəli mərmi “qəlpə” yaraları almışdır. O cümlədən, Naxçıvan sərhəd dəstəsində zabit qismində xidmətdə olarkən 21-ci sərhəd zastavasında ezamiyyətdə olduğu müddətdə dövlət sərhəddində baş vermiş hadisənin qarşısının alınması məqsədilə hadisə yerinə hərəkət edən zaman “sol diz” oynağından xəsarət almış, aldığı xəsarət səbəbindən 14.11.1997-ci ildə Dövlət Sərhəd Xidmətinin Hərbi Hosbitalında cərrahiyyə əməliyyatı olunmuşdur. Aldığı çoxnömrəli (qəlpə) yaraları və xəsarətlər səbəbindən səhhətində yaranan hər iki ayağının diz oynağında hərəkətin məhdudluğu yerişin pozulması, sağ pəncənin parezi, hər iki aşağı ətraf əzələlərin hipotrofiyası, hər iki diz oynağının postravmatik deformasiyaedici artrozu, bel fəqərələrinin asteoxandrozu və sair səbəblərdən 2003-cü ilin aprel ayından etibarən könüllü ərizə ilə silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Səhhətində illər ötdükcə yaranan ağırlaşmalar səbəbilə 2016-cı ilin dekabr ayında Ağstafa rayon mərkəzi xəstəxanası tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra yazılmış (forma 088) rəsmiləşdikdən sonra 2017-ci il yanvar ayının 27-də ona 2-ci qrup əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti nəticəsində Baş prokurorluq yanında Korrupsiya idarəsi tərəfindən aparılan araşdırma yoxlamalar nəticəsində DSX MHHK-nın onun umumi aldığı xəsarətlərin səbəb əlaqəsinin təyin edilməsində barəsində verdiyi 2013-cü ildən indiyədək müxtəlif tarixlərdə başqa məzmunlu 3 ayrı arayışlarda uyğunsuzluğun olduğu təyinatın düzgün təyin edilməməsi müəyyən edilmişdir. Bu səbəbdən 27.01.2017-ci ildə ona təyin edilmiş 2-ci qrup əlillik dayandırılmışdır. Lakin 22.05.2019-cu ildə DSX MHHK-nin 2003-cü ildən hazırki vaxtadək barəsində verdiyi ayrıayrı illərdə 3 başqa məzmunlu ziddiyyət yaradan qərarlar məhkəmədə mübahisələndirilmişdir. Məhkəmə prosesləri zamanı DSX MHHK-nın məsul şəxsləri barəsində verdiyi qərarlara yenidən baxacağı öhdəlik götürərək, aldığı xəsarətlərin səbəb əlaqəsini yenidən müvafiq sənədlərə xəstəlik epiqrizlərinə əsaslanaraq 21.09.2019-cu ildə barəsində 541 nömrəli düzgün qərar vermişdir. Korrupsiya İdarəsinin araşdırması zamanı nəzarət qaydasında müayinə üçün Tibbi Ekspertizaya, oradan isə Travmatalogia İnstitutuna göndərişlə göndərilərək, müayinə olunmuş, aldığı xəsarətlər səbəbindən səhhətində yaranan bütün fəsadlar bir daha öz əksini tapmışdır. Lakin dayandırılmış 2-ci qrup əlilliyinin yenidən bərpası ücün aidiyyəti üzrə dəfələrlə Tibbi-sosial Ekspertiza və Reabiltasiya Xidmətinə müraciət etmiş, Ağstafa rayon mərkəzi xəstəxanasından səbəb əlaqənin dəyişilməsi və əlilliyin bərpası üçün yazılmış Forma-088 aidiyyəti üzrə təqdim olunsa da, əlilliyi bərpa olunmamışdır. Odur ki, qeyd edilən faktları nəzərə alaraq 2019-cu ilin yanvar ayından etibarən dayandırılmış 2-ci qrup əlilliyinin yenidən bərpası üçün ədalətli qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0221003AAEWM nömrəli göndərişi əsasında 27.01.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini ilə bağlı qərar verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən ünvanlanmış 21.12.2018-ci il tarixli K/11/2238 nömrəli məktubunda bidirilir ki, sabiq hərbi qulluqçu, kapitan İddiaçı adına tərtib olunmuş 16.05.2016-cı il tarixli 1060 nömrəli arayışın əslində olan birinci diaqnozun mətnindən “Funksiyaların cüzi dərəcədə pozulması ilə” və “Sol tərəfli posttravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyri-sabitliyi" cümlələrindən müvafiq olaraq "cüzi dərəcədə" və “cüzi” sözləri çıxarılmış, qərar hissəsində ikinci diaqnoza uyğun olan "Hərbi xidmətə yararlıdır” sözləri “Sıradankənar hərbi xidmətə yararlıdır” sözləri ilə, üçüncü diaqnozda “Funksiyaların pozulması olmayan yayılmış lipomatoz” sözləri “Funksiyaların pozulması ilə yayılmış lipomatoz” sözləri ilə və “Mülayim dərəcədə ifadə olunmuş” sözləri “ciddi dərəcədə ifadə olunmuş” sözləri ilə dəyişdirilmişdir. Bununla əlaqədar şəxsin Əlillik altsistemində müayinəsi ləğv edilmişdir. 22.07.2019-cu il tarixdə iddiaçı Xidmətdə əyani müayinə edildi. Xəstənin hazırkı vəziyyətinin dəqiqləşdirilməsi üçün ətraflı müayinə üçün göndərişlə X2 və Ortopediya İnstitutuna göndərildi. X2 İnstitutu tərəfindən verilmiş 22.07.2018-ci il tarixli a/k-472 nömrəli arayışda xəstəyə “Odlu silah yaralanmasından sonra hər iki bud-çanaq oynağının koksartrozu yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası, hər iki diz oynağının deformasiyaedici artrozu. Sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası. Əzələ atrofiyası. Sağ diz oynağının tış səthində, sağ baldırın aşağı 1/3-nin səthində çapıq toxumaları. Neyropatık ağrılarla, dayaq hərəkət funksiyasının pozulması. Bel fəqərələrinin osteoxondrozu. Daimi kəskin ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. X2 və Ortopediya İnstitutunun müayinəsində səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş “Spastik hemiplegiya, sağ pəncənin parezi. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, hər iki aşağı ətraf əzələlərinin hipotrofiyası” diaqnozları təsdiqini tapmamışdır. ET Travmotologiya İnstitutu tərəfindən verilmiş 22.07.2018-ci il tarixli a/k-472 nömrəli arayışda qeyd edilmiş diaqnoz Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlilliyin təyininə əsas vermir. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0221003AAHJR nömrəli göndərişi əsasında 06.12.2019-cu ıl tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişdə diaqnozda qeyd edilmiş ağırlaşmalar köməkçi diaqnostik müayinələrlə təsdiq edilmir, oynaqda hərəkət həcmi barədə məlumat qeyd edilməmişdir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq göndərişin natamam dodldurulması barədə qərar verilmişdir. İmtina qərarı ilə bağlı iddiaçı şikayətlə cavabdehə müraciət etmişdir. Müraciətlə bağlı 25.12.2019-cu il tarixdə iddiaçı əyani müayinə edilmiş, müayinə zamanı şəxsdə əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Belə ki, obyektiv müayinə zamanı xəstənin hazırkı vəziyyəti AR DSX Mərkəzi Hərbi Həkim Komissiyasının 21.09.2019-cu il tarixli 541 nömrəli qərarında qeyd edilmiş “Odlu silah yaralanması (1994). Sağ bud-çanaq və sağ baldır nahiyyəsinin qəlpə yaralanmasından sonrakı köhnə dəri çapıqları. Sol diz oynağının içəri meniskinin cırılmasına görə aparılmış “Açıq üsulla total meniskektomiya əməliyyatının (14.11.1997) uzaq qalıq əlamətləri. Soltərəfli posstravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyri-sabitliyi, təkrarlanan sinoviti, meniskokalsinoz” diaqnozu ilə eynilik təşkilik edir, qeyd edilən diaqnoz Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Məhkəmə tərəfindən məhkəmə tibb ekspertizası təyin edilmiş, tərtib edilmiş məhkəmə tibb ekspertizasının T 309/2020 nömrəli 20.11.2020-ci il tarixli rəyinin nəticə hissəsində müəyyən edilmiş diaqnozun AR DSX Mərkəzi Hərbi Həkim Komissiyasının 21.09.2019-cu il tarixli 541 nömrəli qərarında göstərilən diaqnozla natamam olmasının qeyd olunmasına baxmayaraq, Məhkəmə qərarda həmin rəyə istinad edərək, iddianı qanunsuz olaraq təmin etmişdir. İddiaçının 1994-cü ildə aldığı travmadan sonra qısamüddətli müalicə alaraq hərbi xidmətini davam etdirməsi onun hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın qeyri-ciddiliyindən xəbər verir. İddiaçının 1997-ci ildə hərbi xidmət dövründə sol diz oynağından meniskin cırılması ilə nəticələnən travmanın əlilliyə əsas verən dəyişikliklərə səbəb olması qeyri-realdır. İddiaçının adına tərtib olunmuş 16.05.2016-cı il tarixli 1060 nömrəli arayışda qeyd olunmuş məlumatların saxtalaşdırılması onda iddia olunan səbəbdən əlilliyin olmamasını təsdiq edir. Belə vəziyyətdə əlilliyi olmayan, saxta sənədlər əsasında əlilliyin təyin edilməsinə nail olmuş şəxsin ləğv edilmiş əlilliyinin bərpa edilməsi öhdəliyinin məhkəmə tərəfindən cavabdehin üzərinə qoyulması yolverilməz və qanunsuzdur. Ona görə qeyd olunan Məhkəmə qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdən müəyyən edilir ki, AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata görə, 0221003AAEWM nömrəli göndərişlə göndərilmiş 088 nömrəli arayış əsasında 27.01.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 2-ci dərəcəli əlillik dərəcəsi təyin olunmuş, əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti 27.01.2022-ci il tarixə qədər müəyyən olunmuş, əlillik səbəbi kimi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik göstərilmişdir. Ağstafa Rayon Mərkəzi X1 Komissiyasının 0221003AAHEJ nömrəli 11.10.2019-cu il tarixli bildirişinə əsasən, Komissiya tərəfindən iddiaçı müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasının göndərişlərin reyestri”nə daxil edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 nömrəli 27.11.2019-cu il tarixli məktubda bildirilmişdir ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0221003AAHEJ nömrəli göndərişi əsasında 28.10.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş (Forma 088) rəsmiləşdirildiyi halda Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş T 309/2020 nömrəli (ekspertizanın başlanma tarixi 29.10.2020-ci il, başa çatma tarixi 20.11.2020-ci il) rəydən görünür ki, ekspertlərin gəldiyi nəticəyə görə, iddiaçıda “odlu silah yaralanması (1994), sağ bud-çanaq və sağ baldır nahiyyəsinin qəlpə yaralanmasından sonrakı hər iki bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcıuzaqlaşdırıcı kontrakturası solda yaxınlaşma 15°, uzaqlaşma 35°, sağda uzaqlaşma 45°, yaxınlaşma 10°-dır, sol diz oynağında bükmə-150°, açma-160°, sol diz oynağının içəri meniskinin cırılmasına görə aparılmış açıq üsulla total meniskektomiya əməliyyatının uzaq qalıq əlamətləri (14.11.1997), spastik hemiplegiya, sağ pəncənin parezi, hərəkətin və yerişin pozulması, əzələnin təsnif olunmayan atrofiyası, hər iki aşağı ətraf əzələlərinin hipotrofiyası, bel fəqərələrinin osteoxondrozu, hər iki diz oynağının postravmatik deformasiyaedici artrozu, sağ diz oynağının tış səthində, sağ baldırın aşağı 1/3-nin səthində, sol diz oynağının iç səthində çapıq toxmaları, radikulopatiya, kəskin kökcük ağrıları ilə” soltərəfli postravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən sonra yaranan cüzi qeyri-sabitliyi, hərəkət məhdudluğu, təkrarlanan sinovit, meniskokalsinoz” diaqnozu müəyyən edildi. Müəyyən edilmiş diaqnoz AR DSX Mərkəzi Hərbi Həkim Komissiyasının 21.09.2019-cu il tarixli 541 nömrəli qərarında qeyd edilmiş 21.09.2019-cu il tarixdə Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasında göstərilən diaqnozla natamam, Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müəyinəyə dair 27.01.2017-ci il tarixli 0221003AAEWM nömrəli göndərişində qeyd edilən diaqnozla isə tam eynilik təşkil edir ki, bunlar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda və məhkəmə-tibbi ekspertiza zamanı aparılmış müayinələrlə bir daha öz təsdiqini tapmışdır. AR Dövlət Sərhəd Xidməti tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 21.12.2018-ci il tarixli K/11/2238 nömrəli məktubda göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq qulluqçusu kapitan İddiaçı adına tərtib olunmuş 16.05.2016-cı il tarixli 1060 nömrəli arayışda birinci diaqnozda “Funksiyaların cüzi dərəcədə pozulması ilə” sözləri “Funksiyaların pozulması ilə” sözləri ilə əvəz edilmiş, “Sol tərəfli posttravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyrisabitliyi” cümləsində “cüzi” sözü çıxarılmışdır. Qərar hissəsində ikinci diaqnoza uyğun olan “Hərbi xidmətə yararlıdır” sözü “Sıradankənar hərbi xidmətə yararlıdır” sözləri ilə dəyişdirilmişdir. Üçüncü diaqnozda “Funksiyaların pozulması olmayan yayılmış lopomatoz” cümləsi “Funksiyaların pozulması ilə yayılmış lopomatoz” cümləsi ilə dəyişdirilmişdir. “Mülayim dərəcədə ifadə olunmuş” sözləri “ciddi dərəcədə ifadə olunmuş” sözləri ilə dəyişdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun: 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.1-ci bəndinə görə, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər; 4.1-ci bəndinə əsasən, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. AR Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin: 1.3-cü bəndinə görə, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən, əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə görə, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə görə, səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X5 ötürülür; 4.9-1-ci bəndinə görə, TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə görə, qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən, hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə görə, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə görə, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçının ikinci dərəcə əlilliyi səhiyyə orqanının 0221003AAEWM nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə 27.01.2017-ci il tarixdə qıymətləndirılməklə müəyyən edilmiş, daha sonra AR Dövlət Sərhəd Xidmətinin 21.12.2018-ci il tarixli məktubuna əsasən onun barəsində rəsmiləşdirilmiş göndəriş etibarsız sayılmış, bundan sonra, yəni əlilliyin təyininə əsas verən hüquqi sənəd (0221003AAEWM nömrəli göndəriş) əsassız hesab edildiyinə gorə iddiaçının əlillik müayinəsi (27.01.2017-ci il tarixdə ona müddətsiz İİ dərəcəli əlillik təyin edilməsi) Əlillik altsistemində cavabdeh tərəfindən haqlı olaraq ləğv edilmişdir ki, bütün bunlar da apellyasiya şikayətinin dəlillərinin əsaslılığına dəlalət edir. Belə ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinin təhlili göstərir ki, dövlət səhiyyə müəssisələrinin göndərişləri olmadan TSEK-də əlilliyin qiymətləndirilməsi aparıla bilməz, başqa ifadə ilə, dövlət səhiyyə müəssisələrinin göndərişləri yoxdursa, TSEK-də əlilliyin qiymətləndirilməsinin nə mümkünlüyündən, nə də mövcudluğundan bəhs oluna bilər. Hazırkı işdə də dövlət səhiyyə müəssisəsi olan Ağstafa RMX-nın AR Dövlət Sərhəd Xidmətinin 16.05.2016-cı il tarixli 1060 nömrəli arayışına istinadən tərtib etdiyi göndərişi, 16.05.2016-cı il tarixli arayış DSX-nin tərəfindən tərəfindən etibarsız sayıldığından, mötəbərliyini itirmiş sənəd kimi artıq hüquqi nəticə doğurmur. Lakin iddiaçı dövlət səhiyyə müəssisəsinin sözügedən göndərişinin etibarsız hesab edilməsini (qüvvədən düşürülməsini) mübahisə etmədən, bu etibarsızlığa istinad edən cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirmişdir. İddianın rədd olunmasının ən əsas dəlili isə ondan ibarətdir ki, iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin bərpa olunması və əlilliyinin bərpa edilməsi üçün onun barəsində dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan mötəbər (etibarlı, qüvvədə olan) göndəriş olmalıdır ki, iş üzrə də belə bir göndərişin artıq olmadığı, sonradan etibarsız sayıldığı mübahisəsizdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbuluna cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir yaxud da belə sənədlər mövcuddur. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin işdən məlum olur ki, qanunla tələb olunan belə bir sənəd (dövlət səhiyyə müəssisəsinin göndərişi) artıq mövcud deyil və bununla da iddiaçı İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinası normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə belə hüquqi aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Bundan əlavə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (İPM-in 33.1-ci maddəsi). Bu qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (İPM-in 33.2-ci maddəsi). Məcburetmə haqqında iddiaya baxan məhkəmənin yekunda hansı qərarları qəbul edə biləyəcəyi İPM-in 73-cü maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən: 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İşdən görünür ki, hazırkı mübahisə əliilliyin təyini, yəni inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunma ilə əlaqədardır (İPM-in 73.3.2-ci maddəsi). Bu halda isə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Belə ki, həm əvvəl qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”, həm də hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq, şəxsin əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Başqa sözlə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında (Forma 088) daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Lakin cavabdeh konkret hallara istinad edərək, sonuncu göndərişin tam və düzgün doldurulmadığını bildirir. Demək ki, qanunvericilik əlilliyin tibb müəssisələrinin göndərişi əsasında aparılmasını, əlilliyin qiymətləndirilməsinin isə məhz bu göndəriş əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilməsini imperativ qaydada tələb etdiyindən, məhkəmə də qərar qəbul edərkən bu iradəni rəhbər tutmalıdır. Yəni, “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişi qiymətləndirərək, əlilliyi təyin etmək səlahiyyəti TSEK-lərə verildiyindən, sonuncular da bu qiymətləndirməni yalnız sözügedən göndərişlər əsasında həyata keçirə bildiyindən, digər sənədlər, hətta hazırkı işdə tərtib olunan tibbi ekspert rəyləri adıçəkilən sənədləri əvəz edə bilməz. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, normativ hüquqi akta əsasən müəyyən sənədlə təsdiq edilməli olan işin konkret faktiki halı, belə əhəmiyyətə malik sübutlarla təsdiq olunmayan iddiaçının əlilliyinin bərpa edilməsinin qanuniliyi iş üzrə təsdiqini tapmadığı halda, maddi hüquq normalarını pozaraq, iddianı təmin etməklə, nəticədə səhv qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının əlilliyin bərpa edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd olunmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-406/2021 nömrəli iş üzrə 21 yanvar 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2019-cu ilin yanvar ayından etibarən dayandırılmış 2-ci qrup əlilliyinin yenidən bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar