Məhkəmə qərarları › İş №2-1(103)-1278/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1278/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1278/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11829/2022 saylı 11 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə iddiaçıya hüququ yarandığı vaxtdan əmək pensiyasını təyin etmək vəzifəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.2005ci il tarixədək Bakı Zeytun Emalı zavodunda işləmişdir. Əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Ona pensiyanın təyin olunmasından imtina olundu. İmtina məktubu ona xx.xx.2022-ci il tarixdə rəsmi verildi. İmtinanı qanunsuz hesab edir, belə ki, tələb olunan 25 il əmək stajını toplamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11829/2022 saylı 11 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya əmək pensiyası almaq hüququ yarandığı xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə “əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - qanun) 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X5 və X6 vəsatət təqdim edərək, iddiaçının iddia tələbinin inzibati orqan tərəfindən təmin edildiyini və şəxsə pensiya təyin olunduğunu bildirdilər, bununla bağlı iş üzrə icrata xitam verilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçıya cavabdeh inzibati orqan tərəfindən pensiya təyin olunmasından məlumatsız olduğunu bildirdi və belə təyinatın aparıldığı halda işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “Zeytun” ATSC-də olan iş stajı nəzərə alınmaqla, 25 ildən artıq sığorta stajının olmasının işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmasına, 25 il sığorta stajının öz təsdiqini tapdığı üçün sığorta kapitalı tələbinə zərurət qalmamasına, cavabdehin inzibati orqanın imtinasının əsassız hesab edilməli olmasına, iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri iddiaçı barəsində “əmək pensiyasının təyin edilməsi haqqında” **********6 saylı xx.xx.2023-cü il tarixli qərarı, həmçinin vəsatət təqdim edərək iddiaçıya artıq müvafiq pensiyanın təyin olunduğunu və buna görə də iddiaçının tələbi təmin olunduğu üçün tərəflər arasında artıq mübahisənin qalmadığını bildirmiş, bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçıya yaşa görə əmək pensiyası təyin olunduğu üçün artıq cavabdehə qarşı iddia tələbinin olmadığını və buna görə də iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar