Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1278/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9879/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2004-cü il tarixli əmri ilə DSX rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı xx.xx.2004-cü il tarixdən N №-li hərbi hissənin sərhəd nümayəndəliyi bölməsinə hüquq məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası DSX N saylı hərbi hissə komandirinin N nömrəli 02 fevral 2008-ci il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, Polkovnik-leytenant İddiaçı 6-cı sərhəd dəstəsi şəxsi heyət üzrə şöbənin mənəvi- psixoloji hazırlıq üzrə baş zabiti vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyyatına buraxılmış hesab edilməsi və hərbi qeydiyyata götürülmək üçün Sabunçu rayon hərbi komissarlığına göndərilməsi əmr olunmuşdur. Polkovnik-leytenant İddiaçı 45 (qırx beş) gün növbəti məzuniyyətə buraxılmaqla 17 mart 2008-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı vəkili vasitəsilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edərək, barəsində yeni məlumat vərəqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbinin təmin olunmasından imtina edilərək məhkəməyə müraciət etməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların əmək pensiyası bilavasitə göstərilən keçirməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Onun xidməti yerdəyişmə zamanı əmrlərdə bu barədə qeydlərin olmaması səbəbindən bu bəndin şamil olunması imkan xaricindədir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində yeni məlumat vərəqəsinin tərtib edilib (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında Səfərbərlik və Hərbi xidmət üzrə şöbənin rəis müavini vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı dekabr 1994-cü ildən aprel 2004-cü ilə kimi Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə, o cümlədən 1999-cu il aprel 2004-cü ilədək Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında Səfərbərlik və Hərbi xidmət üzrə şöbənin rəis müavini vəzifəsində işləmiş və aylıq əmək haqqı 1900 manat olmuşdur. Lakin pensiyaya çıxanda son iş yeri Şəki Sərhəd dəstəsində sərhəd məsələləri üzrə hüquqşünas olduğu üçün (əmək haqqı 950 manat olmuşdur) pensiyası da bu əmək haqqına əsasən səhv hesablanmışdır. Ona görə pensiyası Dövlət Sərhəd Xidmətinin Mərkəzi aparatında Səfərbərlik və Hərbi xidmət üzrə şöbənin rəis müavinin vəzifəsinə uyğun yenidən hesablanmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı səhhəti və ya yaşı ilə əlaqədar az maaşlı vəzifəyə keçirilməmişdir. O, təşkilat-ştat dəyişikliyinə müvafiq olaraq, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamından başqa vəzifəyə təyin edilmişdir. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Qanun daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçulardan bəhs edir. Daha az maaşlı vəzifəyə, yəni xx.xx.2004-cü il tarixdə Şəki sərhəd dəstəsində sərhəd nümayəndəliyi bölməsinin hüquq məsləhətçisi vəzifəsinə təyin olunan zaman qanunvericiliyə müvafiq olaraq, İddiaçı yaşa görə əmək pensiyası hüququ mövcud olmamışdır. İddiaçı polkovnik-leytenant hərbi rütbəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Qanunvericiyə əsasən polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 48 yaş kimi müəyyənləşdirilib. Lakin xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdə aşağı vəzifəyə təyin olunanda onun 48 yaşı tamam olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9879/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Sərhəd Xidməti rəsinin xx.xx.2004-cü ildə verdiyi əmrlə o, 2006-nömrəli hərbi hissənin sərhəd nümayəndəliyi bölməsinə hüquq məsləhətçisi vəzifəsinə təyin olunmuş və bu təşkilat-ştat dəyişikliyinə müvafiq olaraq həll edilmişdir. Belə bir əmr məhkəmədə araşdırılmamış və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Hərbi xidmət keçmə haqqında" əsasnamədə və "Hərbi Xidmət haqqında” Azərbaycan Respublikasının qanununda hərbi qulluqçuların başqa işə və ya aşağı işə keçirilməsinin əsasları mövcuddur. Belə bir əsas onun şəxsi işində mövcud deyildir. İş materiallarından görünür ki, onun pensiyası Dövlət Sərhəd Xidmətinin Mərkəzi aparatında Səfərbərlik və Hərbi Xidmət üzrə şöbənin rəis müavini vəzifəsinin vəzifə maaşına uyğun hesablanmalı olduğu halda, hüququ pozularaq Şəki Sərhəd dəstəsində sərhəd məsələləri üzrə hüquqşünas vəzifəsinin maaşına əsasən hesablanmışdır. Cavabdeh hər iki vəzifə maaşı barədə məhkəməyə rəsmi sənəd təqdim etməmişdir. Ümumiyyətlə, məhkəmə ciddi araşdırma aparmadan, tələb olunan sənədləri cavabdehdən məhkəməyə təqdim olunmasını təmin etməyərək bir məhkəmə iclasında tələm-tələsik qərar qəbul edərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunması haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçının hüquqi marağı pensiyasının Dövlət Sərhəd Xidmətinin Mərkəzi aparatında Səfərbərlik və Hərbi xidmət üzrə şöbənin rəis müavinin vəzifəsinə uyğun hesablanması üçün məlumat vərəqinin hazırlanaraq pensiya təyin edən orqana göndərilməsinə yönəlmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi ilə bağlı hərəkətləri isə öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. Hazırki işdə də iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələbi “ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində yeni məlumat vərəqəsinin tərtib edilib (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında Səfərbərlik və Hərbi xidmət üzrə şöbənin rəis müavini vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi” barədədir. Bu barədə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Sonradan o, məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2004-cü il tarixli əmri ilə DSX rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı xx.xx.2004-cü il tarixdən N №-li hərbi hissənin sərhəd nümayəndəliyi bölməsinə hüquq məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası DSX-nin N saylı hərbi hissə komandirinin N nömrəli 02 fevral 2008-ci il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, Polkovnik-leytenant İddiaçı 6-cı sərhəd dəstəsi şəxsi heyət üzrə şöbənin mənəvi- psixoloji hazırlıq üzrə baş zabiti vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyyatına buraxılmış hesab edilməsi və hərbi qeydiyyata götürülmək üçün Sabunçu rayon hərbi komissarlığına göndərilməsi əmr olunmuşdur. Polkovnik-leytenant İddiaçı 45 (qırx beş) gün növbəti məzuniyyətə buraxılmaqla 17 mart 2008-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə istinad edərək iddiaçının ehtiyata buraxılarkən son tutduğu vəzifənin təminat xərcliyinə uyğun olaraq məlumat vərəqi tərtib etmiş və pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna göndərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Həmin Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən pensiyaların təyin edilməsi şərtləri Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: ... baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; ... 78-ci maddəyə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Həmin Qanunun 81-ci maddəsinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. Ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir. İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X2 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Hərbi qulluqçuların müvafiq heyətlərinin şərəf məhkəməsinin vəsatəti ilə aşağı vəzifəyə təyin edilməsi və iş həcmi az olan vəzifələrə keçirilməsi elə həmin rəislər tərəfindən yerinə yetirilir. Yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmiş hərbi qulluqçular sonradan bu Əsasnamənin 79-cu maddəsinin tələblərinin və səhhətinin vəziyyətinin uçotu ilə, intizam cəzası qaydasında vəzifəsi aşağı salınanlar isə bundan əlavə Azərbaycan Respublikası Silahlı X2 ilə müəyyən edilmiş müddət bitdikdə xidmət üzrə irəli çəkilə bilərlər. Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab verən hərbi qulluqçular, xidmət üzrə irəli çəkilmək üçün üstün hüquqa malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, qanunvericilik bir qayda olaraq təminat xərcliyinin hesablanması üçün hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə -yəni ehtiyata buraxılarkən son tutduğu vəzifəyə uyğun aldıqları vəzifə maaşı və əlavələrin məbləğindən (sonrakı artımlar da nəzərə alınmaqla) hesablamanı tələb edir. Buna müavifq olaraq Azərbaycan Respublikası DSX-nin N saylı hərbi hissə komandirinin N nömrəli 02 fevral 2008-ci il tarixli əmri ilə Polkovnik-leytenant İddiaçı 6-cı sərhəd dəstəsi şəxsi heyət üzrə şöbənin mənəvi- psixoloji hazırlıq üzrə baş zabiti vəzifəsindən azad olunmaqla ehtiyata buraxılarkən son tutduğu vəzifənin təminat xərcliyinə uyğun olaraq məlumat vərəqi tərtib edilmiş və pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Lakin hazırda iddiaçı pensiyasının Dövlət Sərhəd Xidmətinin Mərkəzi aparatında Səfərbərlik və Hərbi xidmət üzrə şöbənin rəis müavinin vəzifəsi üzrə təminat xərcliyindən hesablamanın aparılmasını tələb edir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə, hərbi qulluqçuların əmək pensiyasına əlavə, səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğinə əsasən o zaman hesablanır ki, qeyd edilən keçirilməyədək hərbi qulluqçu yaşa görə əmək pensiyası almaq hüququna malik olsun. Başqa sözlə, tələb olunan dispozisiya şərtləri baxımından iddiaçı xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməlidir, həmin vəzifəyə keçirilənədək əvvəlki vəzifədə azı bir il çalışmış olmalıdır, yeni vəzifəyə keçirildiyi günə yasa görə əmək pensiyası hüququna malik olmalıdır. Yalnız bu şərtlərin hamısının birlikdə mövcud olduğu halda, hərbi qulluqçunun əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Hazırki işdə isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2004-cü il tarixli əmri ilə Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı xx.xx.2004-cü il tarixdən N №-li hərbi hissənin sərhəd nümayəndəliyi bölməsinə hüquq məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Həmin əmrdə iddiaçının səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsinə dair hər hansı qeyd mövcud deyil. İddiaçı, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamından başqa vəzifəyə təşkilat-ştat dəyişikliyinə müvafiq olaraq təyin edilmişdir. Bu fakt iş materiallarında olan iddiaçı barəsində məlumatları əks etdirən xidmət dəftərçəsindəki qeydlərlə də təsdiq olunur (i.v. 41). Digər tərəfdən, iddiaçı daha az maaşlı vəzifəyə təyin olunan zaman qanunvericiliyə müvafiq olaraq, yaşa görə əmək pensiyası hüququ mövcud olmamışdır. İddiaçı polkovnikleytenant hərbi rütbəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Qanunvericiyə əsasən, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 48 yaş müəyyənləşdirilmişdir, lakin xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdə aşağı vəzifəyə təyin olunan zaman onun 48 yaşı tamam olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9879/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1278/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1278/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver