Məhkəmə qərarları › İş №2-1(103)-1279/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1279/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1279/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “akt və qərarların ləğv edilməsi, qanunsuz olaraq hesabdan silinmiş pul vəsaitinin və Vergilər Nazirliyi tərəfindən tutulmuş pul vəsaitinin hesaba geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “akt və qərarların ləğv edilməsi, qanunsuz olaraq hesabdan silinmiş pul vəsaitinin və Vergilər Nazirliyi tərəfindən tutulmuş pul vəsaitinin hesaba geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X10 İdarəsi tərəfindən qanunsuz və əsasssız olaraq tətbiq edilən maliyyə sanksiyaları və onların tətbiq edilməsinə səbəb olmuş akt və qərarların ləğv edilməsi, qanunsuz olaraq hesabdan silinmiş 45509 manat pul vəsaitinin, Vergilər Nazirliyi tərəfindən tutulmuş 47570.38 manat pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq 10.01.2018-ci il tarixdə 2017-ci ilin 3-cü rübü üzrə MDSS haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılması) görə 7404,41 manat, 2017-ci ilin 4-cü rübü üzrə 26.04.2018-ci il tarixdə və 2018-ci ilin birinci rübü üzrə 12.07.2018-ci il tarixdə eyni əsasla, müvafiq olaraq 15361,47 manat və 17484,26 manat, 13.11.2018-ci il tarixdə guya MDSS ilə əlaqədar hesabat və maliyyə sənədlərinin təqdim edilməməsi əsası ilə 2018-ci ilin 2-ci rübü üzrə hesablanmış 25894,22 manat rüblük hesablanmış haqqın 10 faizi həcmində, 2589,42 manat, 2018-ci ilin 3-cü rübü üzrə hesablanmış 26674,22 manatın 10 faizi həcmində 2667,42 manat, cəmi 45509 manat cəmiyyətə maliyyə sanksiyaları tətbiq edilmişdir. Maliyyə sanksiyalarına səbəb olmuş aktın və qərarın surəti isə bu günədək onlara təqdim edilməmişdir. Eyni zamanda 2018-ci ilin 3cü rübündə həmin əsas üzrə DSMF tərəfindən 5149,90 manat bank hesabından silinmiş, 12.12.2018- ci il tarixdə isə 40872.50 (manat pul vəsaitinin silinməsi barədə yeni sərəncam qoymuşdur. İddiaçı MMC-yə tətbiq edilən maliyyə sanksiyaları qanunsuz və əsassızdır. İddiaçı MMC hesabat dövrü ərzində hesabatı və hesablanmış əmək ödənişi və gəlir növləri barədə maliyyə hesabatını qanunvericiliyə uyğun surətdə DSMF-yə təqdim etmiş, bu günədək məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsi (sosial sığorta haqqının azaldılması) hallarına yol verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdi ki, hesabdan qeyri-qanuni pul tutulması səbəbindən vergi və sosial ödəmələrin vaxtında ödənilmədinə görə Vergilər Nazirliyi tərəfindən hesaba yeni sərəncamlar qoyularaq 05.03.2019-cu il tarixdə 44 manat, 07.03.2019-cu il tarixdə manat, 30.04.2019-cu il tarixdə 369.26 manat, 08.05.2019-cu il tarixdə 687.27 manat, 19.07.2019-cu il tarixdə 9669 manat, 24.07.2019-cu il tarixdə 1101.92 manat, 30.07.2019-cu il tarixdə 43.80 manat, 29.08.2019cu il tarixdə 9645.58 manat, 15.08.2019-cu il tarixdə 345.67 manat, 465.23 manat, 33.72 və 9362.98 manat, 11.09.2019-cu il tarixdə 6564.34 manat, 30.09.2019-cu il tarixdə isə 1584.39 manat, ümumilikdə isə 47570.38 manat məbləğində pul tutulmuşdur. Bakı İnzibati Məhkəməsi qərardad qəbul edərkən ona əsaslanmışdı ki, iddiaçı tərəf maliyyə sanksiyalarının tətbiq edilməsinə əsas olmuş akt və qərarları məhkəməyə təqdim etməmişdir. Lakin bu barədə dəfələrlə tərəflərə müraciət edilməsinə baxmayaraq və eyni zamanda Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X10 İdarəsi tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maliyyə sanksiyasının hesablanma qaydası barədə məlumatın və hesablama üçün əsas olan sənədlərin surətlərinin təqdim edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X10 İdarəsnə 26.05.2019-cu il tarixində müraciət etmiş, lakin Fond tərəfindən heç bir sənəd təqdim edilməmiş və Fondun elektron bazasında olan məlumata əsasən sanksiya tətbiq edildiyi bildirilmişdir. İnzibati orqanlar məhkəmənin tələbini yerinə yetirməmiş və nəticədə heç bir sənəd təqdim etməmiş və sənədlərin olmamasını əsas gətirərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 28.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X10 İdarəsi tərəfindən qanunsuz və əsasssız olaraq tətbiq edilən maliyyə sanksiyaları və onların tətbiq edilməsinə səbəb olmuş akt və qərarların ləğv edilməsi, qanunsuz olaraq MMC-nin hesabından silinmiş 45509 manat və Vergilər Nazirliyi tərəfindən tutulmuş 47570.38 manat pul vəsaitlərinin geri qaytarılması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbinin konkret olmamasına, mübahisələndirilən inzibati aktların tarix və nömrələrinin qeyd olunmamasına, eyni zamanda iddiaçıya iddia tələbini dəqiqləşdirilməsinin təklif edilməsinə baxmayaraq, bu barədə müvafiq ərizənin verilməməsinə istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu 01 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 9-1.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC-nin sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsinə 01.01.2019-cu il tarixə (ödəmə tarixi 01.10.2018-ci il olmaqla) sosial sığorta üzrə 17.942,21 manat əsas, 35.852,03 manat penya məbləği saldo ilə keçmişdir. Cavabdeh orqan iddiaya dair etirazında bildirmişdir ki, qanunvericiliyin tələblərini rəhbər tutaraq, (AR Vergi Məcəlləsi, AR “Sosial sığorta haqqında" Qanunu, “Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları) qeyd olunan borc məbləğləri ilə əlaqədar vergi ödəyicisinin bank hesablarına 01.03.2019-cu il tarixdə sərəncamlar göndərilmiş və bank hesablarına qoyulmuş sərəncamlar sosial sığorta üzrə borcu olmadığı üçün 03.10.2019-cu il tarixdə geri çağırılmışdır. Habelə iddiaçı “xxxx” MMC-nin silinməsini tələb etdiyi maliyyə sanksiyasının hesablanması qaydası barədə məlumatın və hesablama üçün əsas olan sənədlərin surətlərinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi ilə bağlı 26.05.2019-cu il tarixli müraciətə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 27.05.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, fondun elektron məlumat bazasında olan məlumatlara əsasən "İddiaçı" MMC-nin 2017-ci ilin İİİ rübü üçün 59.235,27 manat, İV rübü üçün 61,445,89 manat və 2018-ci ilin İ rübü üçün isə 69.937,01 manat vergi orqanları ilə Dövlət Sosial Müdafiə Fondu arasında fərq yaranmışdır. Belə ki, cəmiyyət göstərilən müddətlər uçun vergi orqanlarına muzdlu işlə əlaqədar gəlir mənbəyindən tutulan vergi ilə əlaqədar hesabat təqdim etmiş, lakin DSMF orqanına müvafiq vahid rüblük hesabatları təqdim etməmişdir. Yaranmış fərqlərin aradan qaldırılması üçün cəmiyyətə 2017-ci ilin 21 dekabr, 2018-ci ilin 27 mart və 04 iyul tarixlərində hesabat məlumatlarında olan uyğunsuzluqların aradan qaldırılması barədə müraciət elektron qaydada göndərilmişdir. Həmin müraciətdə göstərilən fərqlərin 5 (beş) iş günü ərzində aradan qaldırılması və dürüstləşdirilmiş hesabatların təqdim olunması təklif edilmiş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi bildirilmişdir. Cəmiyyət göstərilən müddətdə dürüstləşdirilmiş hesabatları təqdim etməmişdir. Bununla əlaqədar cəmiyyətə qanuna uyğun olaraq, 2017-ci ilin İİİ rübü üçün 14.808,82 manat məcburi dövlət sosial sığorta haqqı və buna müvafiq olaraq 50 faiz həcmində, yəni 7.404,41 manat maliyyə sanksiyası, 2017-ci ilin İV rübü üçün 15.361,47 manat məcburi dövlət sosiai sığorta haqqı və 100 faiz həcmində, yəni 15.361,47 manat maliyyə sanksiyası, 2018-cı ilin İ rübü üçün isə 14.484, 26 manat məcburi dövlət sosial sığorta haqqı və 100 faiz həcmində, yəni 14.484, 26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə cəmiyyət 2018-ci ilin İİ və İİİ rübləri üçün vahid rüblük hesabatlarını da vaxtında təqdim etməmişdir. Belə ki, cəmiyyət tərəfindən hesabatlar 12.11.2018-ci il tarixində elektron qaydada göndərilmişdir. Cəmiyyətə vahid rüblük hesabatları vaxtında təqdim etmədiyi üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının 10 faizi miqdarında, yəni 2018-ci ilin İİ rübü üçün 25.894,22 manat dövlət sosial sığorta haqqına 2.589,42 manat, İİİ rüb üçün isə 26.674,22 manat məcburi dövlət sosial sığorta haqqına 2.667,42 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Cəmiyyət sonradan 08.11.2018-ci il tarixdə elektron qaydada vergi orqanı ilə fərq yaranmış vahid rüblük hesabatlarını təqdim etmişdir. Hesabatlar təqdim edildikdən sonra cəmiyyətin şəxsi vərəqəsindən kameral qaydada bərpa edilmiş 47.654,55 manat məcburi dövlət sosial sığorta haqqı azaldılmışdır. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş cədvələ əsasən müəyyən edilmişdir ki, iddiaçı "İddiaçı" MMC tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlara əsasən 2018-ci il 01 oktyabr tarixinə sığortaedənin Dövlət Sosial Müdafiə Fonduna 0111 fəaliyyət kodu üçün 65.596,76 manat məcburi dövlət sosial sığorta haqqı üzrə, 35.852,03 manat maliyyə sanksiyası (o cümlədən penya) üzrə, ümumilikdə 101.448,79 manat borcu yaranmışdır. “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 6.1.1-ci bəndinə əsasən sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə №1) göndərir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Həmin qaydaların 8.4-cü bəndinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərini vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. Həmin qaydaların 8.7-ci bəndinə əsasən sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlər gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. Hazırki işdən görünür ki, İddiaçı MMC-nin ləğv edilməsini tələb etdiyi maliyyə sanksiyaları cavabdeh vergi orqanı tərəfindən tətbiq olunmuş, geri qaytarılmasını tələb etdiyi silinmiş pul vəsaitləri isə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə onun şəxsi hesab vərəqəsinə DSMF orqanı tərəfindən saldoya işlənmiş məbləğ olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinə uyğun müvafiq sənədləri təkcə cavabdeh inzibati orqandan deyil, 3-cü şəxs qismində işə cəlb olunmuş DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından tələb etməli və iş üzrə zəruri məhkəmə araşdırmasını sonadək aparmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin iş materiallarından məhkəmənin iddiaçının hüquqi marağını düzgün müəyyən etdikdən sonra müvafiq sənədləri hər ki inzibati orqandan (cavabdeh və 3-cü şəxsdən) tələb etməklə, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım etməsi isə iş materiallarından müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia ilə hüquqi marağının əhatə olunub-olunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardım göstərdikdən sonra işə baxıb müvafiq qərar qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 26.10.2020-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12, 74, 80, 87, 90, 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar