Məhkəmə qərarları › İş №2-1(103)-1279/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1279/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1279/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10294/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 may 1974-il tarixdən 18 may 2005-ci il tarixədək Şəmkir rayon kənd kimya ATSC-də fasiləsiz olaraq işləmişdir və 31 il iş stajı vardır. Hazırda o, yaşa görə pensiyaya çıxmalıdır. Tələb olunan sənədlərini toplayıb DSMF-nin Şəmkir 19 saylı Regional ərazi filalına təqdim edib, sözügedən qurum ona imtina məktubu vermişdir. İmtinada ona bildirilib ki, iş stajı çatmır, ona görə də yaşa görə əmək pensiyası təyin oluna bilməz. Axırıncı iş yeri Şəmkir rayon kəndkimya birliyi olmuşdur və xx.xx.1987-ci ildən xx.xx.2005-ci ilə kimi orada sürücü işləmişdir. Bu fakt əmək kitabçasında aparılmış qeydlərlə tam sübut olunur. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək taəliyyəti ilə məşğul olduğunu iddia etdiyi Şəmkir rayon X3 (Kənd Kimya ATSC) əmr kitabları Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Müəssisənin mövcudluğu və müvafiq sənədlərin təqdim edilməsi məqsədilə tərəflərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Statistika Komitəsinə və Milli Arxiv İdarəsinə sorğu ilə müraciət edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək X9 ATSC-dəki əmr kitabları Şəmkir arxiv idarəsinə təhvil verilmədiyindən həmin dövrün araşdırılması mümkün olmamışdır. Bundan başqa ümumiyyətlə müəssisə mövcud olmamışdır. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2-1(112)-10294/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış ki, əlavə olaraq qeyd edilmişdir ki, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi” Qaydalarının 7.45-ci bəndinə əsasən kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron ünvanından əldə olunmuş məlumata əsasən "xxxx" X8 Cəmiyyəti xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (çıxarış qoşma hissəyə əlavə edilir). Əldə olunmuş məlumata əsasən ********** VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" X8 Cəmiyyətinin hüquqi ünvanı “Şəmkir rayonu, Çinarlı ŞTQ”-dır. İnzibati iş birinci instansiya məhkəməsində baxılan zaman tərəfimizdən (cavabdeh tərəfindən) "xxxx" X8 Cəmiyyətinə sorğu göndərilmiş, lakin sorğu göndərilən zərfin üzrərinə “tapılmayıb” qeydi əlavə edilərək geri qaytarılmışdır. Göründüyü kimi iddiaçı qeyd olunan Cəmiyyətdə xx.xx.1992-ci ildən xx.xx.2005-ci il tarixədək işlədiyni iddia etsədə, Cəmiyyət xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə etirazda məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əməkpensiyasıhüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İddiaçının 1974-cü ildən əmək kitabçasındakı və hərbi biletindəki qeydlər nəzərə alınmaqla 16 il 11 ay ümumi sığorta stajının mövcud olması işin mübahisəsiz halıdır. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçının xx.xx.1992ci il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir rayon X4 (Kənd Kimya ATSC) işlədiyi dövrdür. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçının 1983-cü ildən 2005-ci il tarixədək adıçəkilən müəssisədə əmək fəaliyyəti ilə bağlı qeydlər mövcuddur. Cavabdeh inzibati oran iddiaçının xx.xx.1992-ci ilədək Şəmkir rayon X4 işlədiyi dövrləri ümumi sığorta stajına daxil etsə də, xx.xx.1992-ci ildən sonrakı dövrləri mübahisələndirmiş, həmin dövrlərlə bağlı arxiv məlumatlarının olmaması, "xxxx" ATSC-nin xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmasını əsas gətirmişdir. Bununla bağlı, Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 oktyabr 2021-ci il tarixli **********62 nömrəli məktubunda bildirilmişdir ki, Şəmkir rayonunda fəaliyyət göstərmiş X3 bazasında "xxxx" ASC təsis edilmiş və həmin cəmiyyətin dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. İş materiallarından da məlum olduğu kimi, iddiaçının işlədiyi müəssisə mövcuddur və onun həmin müəssisədə 1983-cü ildən ən azı 2005-ci ilədək işləməsi (fasilələrlə) əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan (2002-ci ilədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələbi mövcud olmadığından) cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçı yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu sübut etməmişdir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilən iş stajının yoxlanılmasının mümkün olmaması şəxsin təqsiri ilə bağlı hallarla əlaqədar olmadıqda, bu hal, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10294/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10294/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: İlham Kərimli Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar