Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1279/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati 2-1(112)-7764/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən, 65 yaşından ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7764/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7764/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçası və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 21 il 1 ay təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 10 ay sığorta stajına uyğun olaraq 15114,38 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 834,20 manat olmaqla, ümumilikdə 15948,58 manat təşkil edir ki, bu məbləğ İddiaçı pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının 01.01,2006-cı il tarixdən 01,07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.xx.xx.1974-cü il tarixində tərtib olunmuş İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixdə sözügedən qurumda keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçıya "xxxx" MMC-də 2001-ci il tarixdə 2 ay, 2002-ci il tarixdə 3 ay əmək haqqı hesablanmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1975 - xx.xx.1977-ci illərdə hərbi xidmət keçmişdir. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə isə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüqunun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcəddə müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz xx.xx.1974-cü il tarixli əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr) 21 il 1 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 10 ay sığorta stajına uyğun olaraq 15114,38 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 834,20 manat olmaqla, ümumilikdə 15948,58 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, xx.xx.1974-cü il tarixində adınıza tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində sözügedən qurumda keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" MMC-də 2001-ci il tarixində 2 ay, 2002-ci il tarixində 3 ay adınıza əmək haqqı hesablanıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçünsizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən Sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılıb. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubda qeyd edilir: Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş 2-1(112)-7764/2022 nğmrəli, xx.xx.2022-ci il tarixli məktuba aidiyyatı üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı təqdim etdiyi xx.xx.1974-cü il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixindək, xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixindək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixindək, xx.xx.1987-ci il tarixindən xx.xx.1987ci il tarixindək, xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, “D.M.F İnşaat-Servis" MMC-də 2001-ci il tarixində 2 ay, 2002-ci il tarixində 3 ay əmək haqqı aldığı dövrlər və xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 19 il 10 ay və ona uyğun olaraq pensiya sığorta kapitalı pensiya yaşına çatdığı tarixədək indeksləşdirilməklə 15114,38 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 834,20 manat pensiya kapitalı (1 il 3 ay sığorta stajı) qeydə alınmışdır. Beləliklə, iddiaçının mübahisələndirilməyən sığorta stajı cəmi 21 il 1 ay və sığorta stajına müvafiq olaraq pensiya sığorta kapitalı 15948,58 manat təşkil edir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya altsisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli, 0109/22 nömrəli məktubda qeyd olunur: İddiaçı 1996-cı ilin təxminən oktyabr ayından 3 saylı Təmir-Tikinti İdarəsinə 6-cı dərəcəli rəngsaz kimi işə qəbul edilmişdir. 3 saylı Təmir-Tikinti İdarəsi xx.xx.2004-cü il tarixdə avadanlıqların özəlləşdirilməsi nəticəsində hüquqi varisi olan "xxxx" MMC yaradılmışdır və hazırda mövcuddur. Müəssisə 2002-ci tarixdən Daxili İşlər Nazirlinin İstehsalat Kombinatının binasında icarəyə götürülmüş sahədə yerləşmişdir. xx.xx.2014-cü il tarixdən sifarişlərin olmaması səbəbindən 5 il müddətinə MMC fəaliyyətini dayandırmışdır. 2015-ci ildə keçiriləcək idman oyunları ilə əlaqədar şəhərdə gedən yenidənqurma işləri zamanı hımin bina və ərazinin sökülməsindən xəbərdar olmadıqları üçün ofisdə olan sənədlər və digər ofis avadanlıqları tamamilə yararsız hala düşdüyü üçün İddiaçı barədə sənədlərlə təsdiq olunan məlumatlar təqdim edilə bilinmir. Yalnız 2001-2002-ci ilin X2 Qeydiyyatı Kitabında aylar üzrə hesablanan əmək haqqı barədə məlumatı Sizə təqdim edirik. Onu da qeyd edirik ki, İddiaçı 2005-ci ilin təxminən sonuna qədər müəssisədə işləmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildə Şamaxı istehsalat kombinatının nəzdində boya briqadasına boyaqçı vəzifəsinə qəbul olunmuş, xx.xx.1975-ci ildə Sovet ordusu sıralarına çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.1977-ci ildə boyaq sahəsinə 2-ci dərəcəli boyaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1982-ci ildə boya briqadasına 2-ci dərəcəli boyaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmiş, xx.xx.1984-cü ildə Nərimanov RDİŞ yanında İMŞ nəzarətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə “Barpaçı” idarəsi yanında xüsusi elmi-bərpa istehsalat emalatxanasına 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə 3-cü dərəcəli suvaqçı-rəngsaz ixtisası verilmiş, xx.xx.1987-ci ildə 4-cü dərəcəli suvaqçı-rəngsaz ixtisası verilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1987-ci ildə y/m Bİİ “Yaşıllaşdırma tikinti” 1 nömrəli Tİ Nərimanov rayon 4 nömrəli briqadaya işə muzd əmək haqqı ilə 2-ci dərəcəli bağ işçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1987-ci ildə “Azərrabitəinşaat” trestinin Tİİ 4-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə SSRİ ETSN Azərbaycan Tİİ 4-cü dərəcəli rəngsaz suvaqçı qəbul edilmiş, xx.xx.1989-cu ildə “Azərelektroterm” Xüs. Tİİ TİT EİB keçməsi ilə əlaqədar Tİİ-dən köçürülmə yolu ilə “Azərelektroterm” Xüs. Tİİ TİT EİB 4-cü dərəcəli rəngsaz qəbul edilmiş, xx.xx.1990-cı ildə 5-ci dərəcəli rəngsaz vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, xx.xx.1992-ci ildə 6-cı dərəcəli suvaqçı qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə 10 nömrəli EBİ və Bərpaçı İdarəsi 6-cı dərəcəli suvaqçırəngsaz işinə qəbul edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmiş, xx.xx.1996-cı ildə Azərbaycan Respublikası İİTİ Tİİ-3 6-cı dərəcəli rəngsaz vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı 65 yaşı tamam olduğu üçün cavabdehə ərizə ilə müraciət edərək 30 ildən yuxarı iş stajını nəzərə alıb ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla bağlı o, cavabdehə əmək kitabçasını, hərbi biletini təqdim etmişdir. Lakin cavabdeh orqan əmək kitabçasında göstərilən xx.xx.1996-cı ildən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi iş illərini əmək stajı kimi təsdiqlənmədiyini, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğunu (cəmi 21 il 1 ay) əsas gətirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 ildir. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının hüququnun yarandığı və məhkəməyə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Apellyasiya şikayətində cavabdeh orqan qeyd etmişdir ki, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçası və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 21 il 1 ay təşkil edir. İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixdə sözügedən qurumda keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçıya "xxxx" MMC-də 2001-ci il tarixdə 2 ay, 2002-ci il tarixdə 3 ay əmək haqqı hesablanmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilədək 3 saylı Təmir-Tikinti İdarəsində işləmişdir. Həmçinin "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0109/22 nömrəli məktubdan görünür ki, İddiaçı 1996-cı ilin təxminən oktyabr ayından 3 saylı Təmir-Tikinti İdarəsinə 6-cı dərəcəli rəngsaz kimi işə qəbul edilmişdir, 3 saylı Təmir-Tikinti İdarəsi xx.xx.2004-cü il tarixdə avadanlıqların özəlləşdirilməsi nəticəsində hüquqi varisi olan "xxxx" MMC yaradılmışdır və hazırda mövcuddur, Müəssisə 2002-ci tarixdən Daxili İşlər Nazirlinin İstehsalat Kombinatının binasında icarəyə götürülmüş sahədə yerləşmiş, xx.xx.2014-cü il tarixdən sifarişlərin olmaması səbəbindən 5 il müddətinə MMC fəaliyyətini dayandırmışdır, iddiaçı 2005-ci ilin təxminən sonuna qədər müəssisədə işləmişdir. İşdə olan aktdan da görünür ki, cavabdeh əmək kitabçasındakı qeydləri araşdırmış və iddiaçının işləməsi yerində yoxlama ilə öz təsdiqini tapmışdır. Lakin cavabdeh bununla kifayətlənməmiş, iddiaçının işlədiyi dövrlərə dair əmək haqqı cədvəllərinin olmasını da tələb etmiş, bu zaman həmin sənədləri hansı əsasla tələb etməsini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövr də iddiaçının ümumi stajına daxil edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur və həmin tarixə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir (hərbi xidmət dövrü də daxil olmaqla 28 il 6 ay 16 gün). Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan və iddia ərizəsinə etirazdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya qeyd olunan dövrdən pensiya hesablanarkən müvafiq dövr üçün aldığı müavinət məbləği nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7764/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1279/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1279/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver