Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1279/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8560/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİND APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-68763/2024 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiya məbləğinin yenidən hesablanaraq bərpa edilməsi, ona təyin edilmiş əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş 6021 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-879/2024 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiya məbləğinin yenidən hesablanaraq bərpa edilməsi, ona təyin edilmiş əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş 6021 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, pensiyasından əsassız tutulmaların ləğv edilməsi, artıq tutulmuş pulların ödənilməsi və pensiya məbləğinin bərpa olunması barədə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır. İddiaçının 2018-ci ilin fevral ayından dövlət qulluğunda 26 ildən artıq iş stajı olmuş və bu stajla pensiyaya çıxmışdır. Ümumilikdə isə 43 il iş stajı vardır. Pensiya təyinatı zamanı mərkəzi icra hakimiyyəti orqanının yerli bölməsinin rəisi vəzifəsi dövlət qulluqçusu əsas götürülməklə pensiya məbləği ona uyğun hesablanaraq 805,85 manat təyin edilmişdir. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3787 nömrəli sərəncamına əsasən xx.xx.2018-ci il tarixindən dövlət qulluqçularının əmək haqqının artırılmasından sonrakı dövr üçün onun aylıq pensiyasının məbləği 886,43 manat olmaqla (bu artımdan əvvəl aylıq pensiya məbləği 805,85 manat olmuşdur) ödənilmişdir. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 mart tarixli 1023 nömrəli sərəncamı ilə dövlət qulluqçularının aylıq vəzifə maaşının artırılmasından sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün aylıq pensiyasının məbləği 1329,64 manat olmalı idi. Lakin 1225,24 manat, yəni aylıq 104,40 manat az pensiya ödənilmişdir. Ümumilikdə həmin dövr üçün, yəni 29 ay ərzində 3027,60 manat az pensiya ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli sərəncamı ilə Dövlət qulluqçularının əmək haqqının artırılması ilə əlaqədar olaraq pensiyanın aylıq məbləği 1462,00 manat olmalı idi. Lakin 1347,72 manat, yəni aylıq 114,28 manat az olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 1265,00 manat az pensiya ödənilmişdir. xx.xx.2023-cü il tarixdən pensiyaların məbləği Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2023-cü il üçün tətbiq edilən 2022-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 14,5 faiz indeksləşdirilməklə artırılmışdır. Müvafiq artım əmsalı 14,5 faiz müəyyən edildiyinə görə aylıq pensiyasının məbləği 1674.0 (1462,00 x 14,5%= 212,00 + 1462,00 = 1674,00) manat olmalı idi. Lakin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 1543,00 manat, yəni aylıq 131.0 manat az ödənilərək nəticədə qeyd edilən dövr üçün (xx.xx.2023 xx.xx.2024) 1729.0 manat məbləğində az ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixdən isə 2023-cü il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq müvafiq əmsal 11,2 faiz tətbiq edilməklə aylıq pensiyanın məbləği 1861,00 ( 1674x11,2%=187,00 + 1674,00 = 1861,00) manat olmalı idi. Lakin cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2- M- 22594/2024 nömrəli məktubunda aylıq pensiyasının məbləğinin 1531,00 manat (1861,00 - 1531,00 = 330,00 manat az) olduğu bildirilmişdir. Beləliklə, yuxarıda qeyd edilən bütün dövrlər üzrə ( xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək) ümumilikdə (3024,60 + 1265,00 + 1729,00) 6021,60 manat az pensiya ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- M-22594/2024 saylı məktubunda qeyd edilən maddi yardım üzrə 2022-ci il üçün 160,69 manat pul vəsaiti ödənilməmişdir. Artıq ödənilmiş əmək pensiyası məbləği iddiaçının razılığı olmadan əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutulur. Bu barədə məhkəməyə müraciət olunmamışdır və artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə məhkəmə qərarı yoxdur.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8560/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən - tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması hissəsində təmin edilmişdir.
6. Adıçəkilən qərarla cavabdehin İddiaçı pensiya məbləğindən tutulmalar aparması qanunsuz hesab edilmiş və tutulmuş 160,69 manat pensiya məbləğinin geri qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
7. İddia qalan hissədə təmin edilməmişdir.
8. Qərardan narazı qalan iddaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHƏKMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, “mən xx xxxxxx 1953-cü il tarixində Daşkəsən rayonunda anadan olmuşam. Ali təhsilliyəm. 01 avqust 1974-cü il tarixində sabiq Dövlət Bankının Bakı şəhəri 26 Bakı Komissarları rayonu Şöbəsində uçot-əməliyyat bölməsinin baş iqtisadçısı vəzifəsinə işə qəbul olunmuşam. 14 noyabr 1974-cü il tarixində müvəqqəti hərbi xidmətə çağırıldığım üçün tutduğum vəzifədən azad olunmuşam. Hərbi xidmətimi başa vurduqdan sonra 02 fevral 1976-cı il tarixində sabiq Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sovxozları Trestində baş iqtisadçı vəzifəsinə işə qəbul olunmuşam. 09 sentyabr 1978-ci il tarixində həmin Trestdə maliyyə-plan şöbəsinin rəisi vəzifəsinə təyin edilmişəm. 21 iyun 1985-ci il tarixində həmin vəzifədən azad olunmuşam və həmin tarixdə 02 fevral 1976-cı il tarixində sabiq Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində əməyin normalaşdırılması şöbəsinin rəisi vəzifəsinə təyin edilmişəm. 24 fevral 1986-cı il tarixində sabiq Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi ləğv olunduğu üçün həmin tarixdə X3 Komitəsində sovxozların, kolxozların və sair təsərrüfat orqanlarının Baş Maliyyə İdarəsinin planlaşdırma, maliyyələşdirmə, kreditləşdirmə və analiz yarım şöbəsinin rəisi vəzifəsinə keçirilmişəm. 10 fevral 1989-cu il tarixində struktur dəyəşikliyi ilə əlaqədar həmin Komitədə baş iqtisadçı vəzifəsinə təyin edilmişəm. 12 iyul 1993-cü il tarixində həmin vəzifədən azad olunaraq köçürmə yolu ilə 1 saylı Bakı Taxıl Məhsulları Kombinatının iqtisadi və satış məsələləri üzrə direktor müavini vəzifəsinə qəbul olunmuşam. 01 dekabr 1997-ci il tarixində öz ərizəmlə həmin vəzifədən azad olunmuşam və 08 dekabr 1997-ci il tarixində Rayonlararası İstehsalat Təmir Tikinti Birliyində baş iqtisadçı vəzifəsinə işə qəbul olunmuşam. 27 may 1999-cu il tarixində öz ərizəmlə həmin vəzifədən azad olunmuşam və 01 iyun 1999-cu il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Komitəsinin Bakı şəhəri Nizami rayonu İdarəsinə iqtisadçı vəzifəsinə işə qəbul olunmuşam. 20 sentyabr 1999-cu il tarixində Bakı şəhəri Yasamal rayon Maliyyə İdarəsinin rəis müavini—X1 rəisi vəzifəsinə təyin olunmuşam. 01 sentyabr 2003-cü il tarixində dövlət qulluğuna keçidlə əlaqədar Bakı şəhəri Yasamal rayon Maliyyə İdarəsinin “X2” “Xəzinə Əməliyyatları sektoru” adlandırılıb. 08 dekabr 2003-cü il tarixində Bakı şəhəri Yasamal rayon Maliyyə İdarəsinin rəis müavini—Xəzinə Əməliyyatları sektorunun müdiri vəzifəsinə keçirilmişəm və mənə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 18 yanvar 2005-citutduğum vəzifədən azad edilərək həmin tarixdən Bakı şəhəri Nizami rayon Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin edilmişəm. 10 iyul 2006-cı il tarixində struktur dəyəşikliyi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon Maliyyə İdarəsinin rəisi—2-ci dərəcəli dövlət qulluqçusu vəzifəsinə təyin olunmuşam. 21 iyun 2007-ci il tarixində 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 10 aprel 2009-cu il tarixində Bakı şəhəri Nizami rayonu üzrə Maliyyə İdarəsi ləğv edildiyi üçün mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 22 may 2009-cu il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Büdcə təşkilatlarında nəzarət tədbirlərininaparılması şöbəsininDövlət büdcəsinin yerli xərcləri üzrə nəzarət tədbirlərinin aparılması sektoruna aparıcı məsləhətçi-nəzarətçi müfəttiş vəzifəsinə təyin olunmuşam. 05 fevral 2018-ci il tarixində “Dövlət Qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən, pensiya yaşına çatdığım üçün öz arzumla tutduğum vəzifədən azad edilmişəm, dövlət qulluğuna və əmək müqaviləsinə xitam verilmişdir. 17 yanvar 2024-cü il tarixli 3-17-1/2-M- 9940/2024 saylı məktubla mənə pensiyanın düzgün təyin edilmədiyi və artıq məbləğdə pul ödənildiyi bildirilərək son 3 il üçün artıq ödənilmiş məbləğin hissə-hissə tutulacağı bildirildi. Həmin tarixdən hər ay ödənilən pensiya məbləğindən pul tutulur. Mən pensiya məbləğinin düzgün və qanuni təyin edilməsini bildirərək məndən guya artıq ödənilmiş məbləğin tutulmasına etiraz etdim və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı ərizə ilə müraciət etdim. Pensiyamdan əsassız tutulmaların ləğv edilməsi, artıq tutulmuş pulların ödənilməsi və pensiya məbləğinin bərpa olunması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı ərizə ilə müraciət etmişəm. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Fuad Zalıyev tərəfindən imzalanmış 19 mart 2024-cü il tarixli 3-17-1/2-M- 68763/2024 saylı cavabla müraciətim təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Fuad Zalıyev tərəfindən imzalanmış 19 mart 2024-cü il tarixli 3-17-1/2-M- 68763/2024 saylı cavabı qanunsuz və əsassız hesab edirək məhkəməyə iddia ərizəsi ilə müraciət etmişəm. Birinci instansiya məhkəməsinin həmin qərarı qismən maddi hüquq və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığı üçün ləğv edilməli və iddia tələbinin bütövlükdə təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
İŞİN HALLARİ:
12. İş materiallarından məlum olur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 26 il 3 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi məbləğində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
13. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-879/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, inventarizasiya ilə əlaqədar iddiaçının pensiya məbləği 1545,89 manatdan 1376,89 manata endirilmişdir.
14. Cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə və qulluq stajına görə əlavənin səhv hesablanması ilə izah etmişdir.
15. Bundan sonra iddiaçı pensiyadan əsassız tutulmaların ləğv edilməsi, artıq tutulmuş pulların ödənilməsi və pensiya məbləğinin bərpa edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin: - 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
17. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək) 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlara (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələr təyin edilir; 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi; Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APEYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının qismən ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini həmin hissədə yoxlayır.
25. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-879/2024 saylı qərarının ləğv edilməsi və təyin edilmiş pensiya məbləğinin yendən hesablanaraq bərpa edilməsini, pensiyadan tutulmanın qanunsuz hesab edilməsini və tutulmuş məbləğin geri qaytarılmasını xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi cavabdeh inzibat orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-68763/2024 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiya məbləğinin yenidən hesablanaraq bərpa edilməsi hissəsində təmin edilməmişdir.
27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “...Məhkəmə cavabehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, yuxarıda şərh olunan hesablama qanuni və əsaslı olmaqla iş materiallarına uyğundur. Belə ki, xx.xx.2019-cu il tarixə orta aylıq vəzifə maaşının 828,00 manat olması, sonuncu ixtisas dərəcəsinin “Birinci dərəcəli dövlət qulluqçusu” olması və xx.xx.2009-cu il tarixə iddiaçının 17 il 7 ay 1 gün dövlət qulluğu stajı iddiaçı tərəfindən təkzib edilmir. Belə olan halda, cavabdehin əsas götürülən 60 ay üzrə orta aylıq əmək haqqınının hesablaması əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə tam uyğundur..”
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
29. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 26 il 3 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi məbləğində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
30. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-879/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, inventarizasiya ilə əlaqədar iddiaçının pensiya məbləği 1545,89 manatdan 1376,89 manata endirilmişdir.
31. Hazırda işin mübahisəli halı məhz cavabdehin adıçəkilən qərarının ləğv edilməsi və əmək pensiyasının məbləğinin yenidən hesablanaraq bərpa edilməsi ilə bağlıdır.
32. Qeyd etmək lazımdır ki, cavabdeh inzibati orqan tərəfindən ilkin pensiya hesablanmasında iddiaçının əmək stajına, vəzifəsinə uyğun qiymətləndirmə aparılaraq pensiya təyin edilmiş, lakin sonradan inzibati icaat açaraq vətəndaşın iştirakını təmin etmədən pensiya məbləği yenidən hesablanmışdır. Cavabdeh qeyd edilən hesablamanı aparmağını onunla əsaslandırır ki, müvafiq illər üçün pensiya məbləğinə əlavələr düzgün hesablanmamış, iddiaçıya artıq pensiya məbləği ödənilmişdir.
33. Kollegiyanın gəldiyi qənaətə görə, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və prosedurlar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir.
34. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır.
35. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, əsas diqqət yetirilməli olan məsələlərdən biri də müddətlə bağlıdır.
36. Belə ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır.
37. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
38. Yuxarıda qeyd olunan normaya əsasən, demək olar ki, burada iki əsas məsələyə diqqət yetirilməlidir. Birincisi, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.
39. Onu da qeyd etmək lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ouna görə də, bu vaxt yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür.
40. Kollegiya hesab edir ki, digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir.
41. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 31 yanvar 2024-cü il tarixli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubda qeyd edilmişdir ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. Lakin cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir.
42. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
43. Kollegiya bir daha vurğulayır ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
44. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər.
45. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
47. Məhkəmə kollegiyası onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 12.2-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
49. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
50. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
51. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
52. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir.
53. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8560/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı yoxlanılan hissədə ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-879/2024 nömrəli qərarı qanunsuz hesab edilərək, ləğv edilsin və təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.