Məhkəmə qərarları › İş №2-1(103)-128/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-128/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-128/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı “16 iyul 2021-ci il tarixli **********8371 nömrəli qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)-1731/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı cavabdehin 16 iyul 2021-ci il tarixli **********8371 nömrəli qərarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi xidməti müşavirləri tərəfindən 27 may 2021-ci il tarixində Bakı şəhəri, Nərimaov rayonu, Nazim Hacıyev 14 ünvanında yerləşən “Face Studio” adlı bərbərxana və gözəllik salonunda operativ vergi nəzarəti keçirilmişdir. Keçirilən operativ vergi nəzarətinin nəticəsi haqqında 27 may 2021-ci il tarixli, DVX seriyalı, 002449 nömrəli aktda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarını aşkar edilməsi göstərilmişdir. Həmin akta əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X10 tərəfindən 16 iyul 2021-ci il tarixli **********8371 nömrəli Qərar çıxarılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. 27 may 2021-ci il tarixdə, DVX seriyalı, 002449 nömrəli aktda və onun əlavəsində guya 2 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanmışdır. Bu tamamilə absurddur. Ona görə ki, həmin şəxslər salonun işçiləri deyil, onlardan biri subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkar, digəri isə yaxın münasibətdə olduğu və eyni ad altında (françayzinq alan digər sahibkarlar) fəaliyyət göstərən sahibkar dostlarının işçisidir. Lakin bu göstərilənlərin heç birinə vergi xidməti əməkdaşları məhəl qoymayaraq, qanunsuz olaraq akt tərtib edilərək bunun əsasında qərar çıxarılmışdır. Dövlət Vergi Xidmətinin əməkdaşları həmin şəxsləri iddiaçının öz işçisi kimi qeydiyyata almağını tövsiyə etmişdir. Lakin həmin şəxslər subicarə müqaviləsi əsasında iddiaçının salonunda fəaliyyət göstərdikləri üçün həmin şəxslər onun işçiləri hesab olunmur və qeydiyyata almağı absurddur. Bundan başqa Dövlət Vergi Xidmətinin əməkdaşları həmin fərdi sahibkarın iddiaçının salonunun sosial şəbəkə hesabları vasitəsilə reklam edilməsi ilə bağlı məsələnin qaranlıq qaldığını bildirirdilər. Bununla bağlı, iddiçıya məxsus təsərrüfat subyekti ölkədə öz sözünü demiş gözəllik və bərbərxana salonudur. Həmin şəxs də sırf “Face Studio”-nun ölkə ərazisində yetərincə tanındığına və öz müştəri kütləsi olduğuna görə həmin salonda subicarə müqaviləsi ilə işləmək istəmişdir. İddiaçıya məxsus təsərrüfat subyektində icarə məbləğinin də məhz buna görə digər salonlardan fərqli olmağı da bunun təzahürüdür. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən yuxarıda qeyd olunan normaların tələblərinə tam riayət edilməmişdir. Belə ki, vergi orqanı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin cavabdehin qərarında həmin əsaslardan hansına görə (məs.: cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqey artıq Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapıbdır. Belə ki, nümunə kimi operativ vergi nəzarətin keçirilməsi ilə bağlı mübahisəyə aid olan Ali Məhkəmənin 18 aprel 2018-ci il tarixli 2- 1(102)-510/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli 2-1(102)-1754/2018 nömrəli və 27 noyabr 2019-cu il tarixli 2-1(102)-3327/2019 nömrəli qərarlarını məhkəmənin diqqətinə çatdırmışdır. Həmin qərarların məzmununda da vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmaması göstərmişdir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik operativ vergi nəzarət tədbirlərinin keçirilməsi zamanı vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 1 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Vergi ödəyicisi tərəfindən sənədləri təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 1 iş günlük müddətin başa çatmasını gözləməlidir. Belə ki, vergi orqanın tərtib etdiyi sənədlərdən görünür ki, vergi orqanı 27 may 2021-ci il tarixində vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmiş) və sənədlərin tədqim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarəti keçirildiyi gündən 1 gün sonra elektron formada lazımi sənədlərin Dövlət Vergi Xidmətinə göndərilməsinə baxmayaraq, 1 günlük müddət nəzərə alınmamış və dərhal akt tərtib edilmişdir. Halbuki, qanunvericilik vergi orqanına sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Çünki vergi ödəyicisinin həmin sənədləri hətta 1 iş günün sonuncu saatın da belə təqdim etmək imkanı var idi ki, vergi orqanı müəssisənin həmin hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Göründüyü kimi, qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1090 nömrəli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 002449 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edilmiş, lakin vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 20:37:57-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8371 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:15:41-də oxuduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirmişdir ki, “vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş 27 may 2021-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır”. Qeyd edilənlərin əksinə olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəggötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyriməşğulluq aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Hazırki iddia tələbi ilə bağlı xüsusilə vurğulanmışdır ki, yoxlama keçirildikdən sonra xx.xx.2021-ci il tarixdə iddiaçı ilə X5 arasında əmək müqaviləsi bağlanmış və müqavilə hal-hazıradək qüvvədədir. Digər işçi X8 ilə yoxlama keçirildikdən sonra xx.xx.2021-ci il tarixdə bağlanmnış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, əslində iddiaçı ilə OVN tədbiri zamanı aşkar edilmiş işçilər arasında əmək münasibətləri mövcud olsa da, vergi ödəyicisi Vergi Məcəlləsinin 13.2.70-ci maddəsində nəzərdə tutulmuş “vergidən yayınma sxemi” tətbiq edərək, heç bir işçi ilə əmək müqaviləsi bağlamamışdır. Həmin işçilərin sabit qəbz əsasında fəaliyyət göstərmələri isə vergi ödəyicilərinin qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan sui-istifadə edərək, əslində mövcud olan əmək münasibətlərini pərdələmək və bu yolla vergidən yayınmaq niyyətini həyata keçirdiyini sübut edir. İddiaçının digər bir qanunsuz əsası ondan ibarətdir ki, “Qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə, sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qeyd olunan normanın tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto video və ya video çəkilişdən istifadə etməmişdir”. Qeyd edilənin əksinə olaraq bildirilmişdir ki, OVN tədbiri keçirilən zaman foto və (və ya) video çəkilişdən istifadə olunması vergi orqanın vəzifəsi deyil, hüququdur və məcəllədə imperativ kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli iddiaya dair etiraza yazılı mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8371 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsi İddiaçının iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsi aşağıda göstərilən faktları əsas gətirərək iddia ərizəsinə etiraz etmişdir. Belə ki, o, etiraz ərizəsində qeyd etmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********1090 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı fəaliyyəti üzrə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” ilə bağlı operativ vergi nəzarəti keçirilmişdir. Qeyd olunmuşdur ki, keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 14 ünvanında yerləşən “FACE STUDİO” gözəllik salonu obyektində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarəti nəticəsi haqqında DVX seriyalı, 002449 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsi xx.xx.2021-ci il tarixli, **********8371 nömrəli qərarı əsasında 4000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı öz iddia ərizəsində haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi etiraz ərizəsində bildirir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN-nin həyata keçirilməsi üçün əsasdır. DVX seriyalı, 002449 nömrəli, xx.xx.2021-ci il tarixli aktda göstərilən iki nəfər işçi salonun işçiləri deyil, onlar subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz əsasında fəaliyyət göstərən sahibkarlardır. Həmin sahibkarlar da OVN tədbirləri zamanı izahatlarında göstərmişlər ki, onlar fərdi sahibkarlardır, sərbəst qrafiklə işləyirlər, administratordan heç bir göstəriş almırlar, sifarişləri telefon vasitəsilə və ya tanışlıqla alırlar, “instagram” sosial şəbəkəsində usta kimi özlərinə məxsus ayrıca profilləri mövcuddur, göstərdikləri xidmətlərin qiymətini özləri təyin edirlər. Lakin, yuxarıda qeyd olunanların heç birinə vergi orqanının əməkdaşları məhəl qoymaraq akt tərtib etmişlər. Cavabdeh etirazında xüsusilə vurğulayır ki, yoxlama keçirildikdən sonra iddiaçı ilə X5 və X8 arasında əmək müqaviləsi bağlanmışdır. Bununla bağlı olaraq, vergi orqanının əməkdaşları iddiaçıya həmin şəxslərin qeydiyyata alınmalarını tövsiyə etmişlər. İddiaçı OVN-nin vaxtı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olduğu və yenidən cərimələnmənin qarşısını almaq üçün göstərilən şəxslərlə əmək müqaviləsi bağlamışdır. Eyni zamanda, cavabdeh etirazında vurğulayır ki, OVN tədbiri keçirilən zaman foto və (və ya) video çəkilişindən istifadə etmək vergi orqanının vəzifəsi deyil, hüququdur. Bununla bağlı, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.1 -ci maddəsinə əsasən, Bu Məcəllənin 41.1 -ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Məcəllədə də göstərildiyi kimi baxış keçirilərkən foto və (və ya) video çəkilişdən istifadə olunur. Lakin, vergi orqanı qanunvericin tələbinə əməl etməmiş, OVN tədbiri zamanı foto və (və ya) video çəkilişdən istifadə etməmişdir. Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)-1731/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli **********8371 nömrəli qərarının ləğv olunması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1090 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 3 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 002449 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edilmiş, lakin vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 20:37:57-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8371 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:15:41-də oxunduğu müəyyən edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmiş olsa da, məhkəmə tərəfindən kifayət qədər araşdırma aparılmadan yekun qərar qəbul olunaraq, iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarında iddianın təmini əsaslarından biri kimi qeyd edilmişdir ki, “iddiaçıda operativ vergi nəzarətin keçirilməsi üçün qanunverici tərəfindən əsas kimi göstərilən 5 haldan heç biri operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarında göstərilməmişdir. Vergi orqanı Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsaslarını göstərməmişdir. Qərarda məcəllədə sadalanan əsaslardan hansına görə operativ vergi nəzarətinin keçirilməsi öz əksini tapmamışdır. Məhkəmənin bu mövqeyinin əksinə bildiririk ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Bildiririk ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Məhkəmə qərarında iddianın təmin edilməsinin digər əsası kimi qeyd etmişdir ki, “İş materiallarından göründüyü kimi vergi orqanı 27 may 2021-ci il tarixinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günlük müddəti gözləmədən və sənədlərin təqdim edilib-edilməməsi barədə akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə akt tərtib etmişdir. Cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi quvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi barədə 21 iyul 2021-ci il tarixli qərarının qanuni əsasları mövcud deyildir. Məhkəmənin bu mövqeyinin əksinə bildiririk ki, vergi orqanı tərəfindən OVN tədbirinin keçirilməsi üçün Vergi Məcəlləsinin 50.1.7-ci və 23.1.1-ci maddələri qanuni əsas kimi götürülmüş və vergi orqanı tərəfindən OVN tədbiri qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilərək, istər tədbir gedişatında, istərsə də, sənədləşdirmə ilə bağlı mərhələdə hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, “Operativ vergi nəzarətin nəticəsi üzrə akt”ın tərtib edilməsi ilə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə” arasında hər hansı səbəb-nəticə əlaqəsi yoxdur. “Operativ vergi nəzarətin nəticəsi üzrə akt” yoxlama nəticəsində müəyyən edilmiş pozuntu faktlarını qeydə alır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə” isə yekun qərarın çıxarılması ilə bağlı sübutların toplanması məqsədilə vergi ödəyicisinə təqdim edilir. Həmin Məcələnin 50.6-cı maddəsinə əsasən, Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Başqa sözlə, aşkar olunmuş fakt vergi orqanı tərəfindən müvafiq aktla dərhal rəsmiləşdirilsə də, vergi orqanı fakta hüquqi qiymət verərkən təqdim olunmuş sübutlara kompleks yanaşma nəticəsində qərar qəbul edir. Bu halda tələbnamədə qeyd olunan sənədlərin vergi orqanına təqdim edilməsi baxımından nəinki vergi ödəyicisinin hüquqları pozulmuşdur, tam əksinə, vergi ödəyicisi kifayət qədər vaxt olduğu halda tələb olunan sənədləri təqdim edə bilməmişdir. Məhkəmə qərarında iddianın təmini əsaslarından digər biri kimi qeyd etmişdir ki, “iddiaçının obyektində operativ vergi nəzarəti qaydada yoxlama DVX-nın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirildiyi halda “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, **********8371 nömrəli qərar DVX-nın Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərfindən qəbul edilmişdir.” Məhkəmənin bu mövqeyinin əksinə bildiririk ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsinin” 4.1.0-ci bəndinə əsasən, Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, həmçinin operativ vergi nəzarəti tədbirlərini (o cümlədən baş idarədə uçotda olmayan (ərazi vergi orqanlarında uçotda olan) Bakı şəhərində təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərində, eləcə də Baş idarədə uçotda olan vergi ödəyicisinin ərazi vergi orqanlarının nəzarət etdiyi ərazidə yerləşən təsərrüfat subyektində) keçirmək (səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirlərinə münasibətdə Dövlət Vergi Xidmətinin Aparatının vergi auditi sahəsi üzrə müvafiq struktur bölməsi ilə razılaşdırmaqla) hüququna malikdir. Beləliklə, vergi ödəyicisinin təsərrüfat subyektində “Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə” X13 Baş İdarəsi tərəfindən, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması barədə” Qərarın isə hazırki cavabdeh tərəfindən qəbul edilməsində hüquqi cəhətdən hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətini, 20 aprel 2021-ci il tarixli 013/2021 nömrəli icarə (subicarə) müqaviləsini, icarə müqaviləsinin mülkiyyətçi ilə razılaşdırıması barədə protokolu, X4 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişini, xx.xx.2021-ci il tarixli, **********8371 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarı, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi təqdim etmişdir. Cavabdeh tərəfindən isə Bakı şəhəri X12 üzrə Baş İdarəsinin struktur vahidlərinə nəzarətin (kuratorluğun) müəyyən edilməsi haqqında əmr, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********1090 nömrəli qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 27 may 2021-ci il tarixli çıxarış, operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********1105 nömrəli tələbnamən, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********1103 nömrəli qərar, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol və 27 may 2021-ci il tarixli, DVX seriyalı, 002449 nömrəli aktın təsdiq edilmiş surətləri əlavə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1090 nömrəli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 002449 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsnidə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair akt tərtib edilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********8371 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi barədə 21 iyul 2021-ci il tarixli qərarının qanuni əsasları mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.7-1. bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək. Həmin Məcəllənin 24.0.6-1-ci maddəsinə əsasən vergi orqanları bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərə bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olmaq üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” verməyə borcludur. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər. Həmin Məcəllənin 220.10-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir: ... Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - 15 manat ... Həmin Məcəllənin 220.11-ci maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir: 220.11.1 Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0; Həmin Məcəllənin 221.8-ci maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərinə görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır: 221.8.1. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər sadələşdirilmiş vergini bu Məcəllənin 220.10-cu maddəsində göstərilən sabit vergi məbləğinin bu Məcəllənin 220.11-ci maddəsində göstərilən əmsallara vurulması yolu ilə hesablayır və dövlət büdcəsinə ödəyir. Həmin Məcəllənin 221.8.2. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər qeydiyyatda olduğu yerdən asılı olmayaraq, həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.10-cu və 220.11-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Həmin Məcəllənin 221.8.5. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən X6 adına sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənildiyini təsdiq edən qəbz təqdim edilmişdir. 27 may 2021-ci il tarixli, DVX seriyalı, 002449 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda və onun əlavəsində adı qeyd edilən X8 işçi deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkardır. Sözügedən şəxs Vergi Məcəlləsinin 220.10-cu maddəsində qeyd edilən şəxslərin siyahısına uyğun gəldiyindən sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğdə vergi ödəyicisi hesab edilirlər. Vergi Məcəlləsinin 218.4.4-cü maddəsinin tələbindən göründüyü kimi, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləri hesab olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən aktda qeyd olunan X6 adına sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbz təqdim edildiyindən həmin şəxs Vergi Məcəlləsinin 218.4.4, 220.10-cu maddələrinə uyğun olaraq sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğdə vergi ödəyicisi hesab edilir. Həmçinin iş materiallarında olan subicarə müqaviləsi şəxsin iddiaçının icarəyə götürdüyü obyektdə onun işçisi kimi deyil, subicarə əsasında müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu sübut edir. Göründüyü kimi vergi orqanının məsuliyyət müəyyən edən qərarı X7 münasibətdə 2000 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qanunsuz və əsassız olmuşdur. Birinci instansiya məhkəməsinin qeyd etdiyi “iddiaçının obyektində operativ vergi nəzarəti qaydada yoxlama DVX-nın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirildiyi halda “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, **********8371 nömrəli qərar DVX-nın Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərfindən qəbul edilməsinə” münasibətdə cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsinin” 4.1.0-ci bəndinə əsasən, Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, həmçinin operativ vergi nəzarəti tədbirlərini (o cümlədən baş idarədə uçotda olmayan (ərazi vergi orqanlarında uçotda olan) Bakı şəhərində təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərində, eləcə də Baş idarədə uçotda olan vergi ödəyicisinin ərazi vergi orqanlarının nəzarət etdiyi ərazidə yerləşən təsərrüfat subyektində) keçirmək (səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirlərinə münasibətdə Dövlət Vergi Xidmətinin Aparatının vergi auditi sahəsi üzrə müvafiq struktur bölməsi ilə razılaşdırmaqla) hüququna malikdir. X3 münasibətdə isə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1090 nömrəli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsin (X1) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. X3 münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 002449 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edilmiş, tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 20:37:57-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8371 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:15:41-də oxunduğu müəyyən edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. X3 münasibətdə göründüyü kimi vergi orqanı tərəfindən OVN tədbirinin keçirilməsi üçün Vergi Məcəlləsinin 50.1.7-ci və 23.1.1-ci maddələri qanuni əsas kimi götürülmüş və vergi orqanı tərəfindən OVN tədbiri qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilərək, istər tədbir gedişatında, istərsə də, sənədləşdirmə ilə bağlı mərhələdə hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, vergi orqanının məsuliyyət müəyyən edən qərarı X3 münasibətdə 2000 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli **********8371 nömrəli qərarı qismən - X7 münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(112)-1731/2022 saylı qərarı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli **********8371 nömrəli qərarı qismən - X7 münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar