Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-128/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1507/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya məxsus BE seriyalı 043900 saylı xx.xx.1987-ci il tarixli hərbi biletdən görünür ki, o, Sədərək rayon hərbi komissarı tərəfindən təsdiq edilmiş qeydə əsasən 1990-1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə könüllülər dəstəsində fəal iştirak etmişdir. Məhkəmənin məhkumluqla bağlı tələbnaməsi Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilərək bildirilmişdir ki, İddiaçı dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbi təmin olunmamışdır. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına təqdim edilmiş sənədlərə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmışdır. Bildirilmişdir ki, İddiaçı tərəfindən təqdim edilən sənədlər əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1989-1992-ci illərdə torpağımızın bütövlüyü uğrunda Sədərək rayonu ərazisində könüllü dəstənin tərkibində erməni mill ordusuna qarşı gedən döyüşlərdə fəal iştirak edib. Bu hal Sədərək rayonu X3 Rəyasət Heyəti tərəfindən verilmiş İİ/341 saylı xx.xx.1994-cü il tarixli arayış, Sədərək rayon icra hakimiyyəti başçısı tərəfindən verilmiş 303 saylı xx.xx.2000-ci il tarixli arayış, Sədərək rayonu hərbi komissarlığı tərəfindən verilmiş 4/15 saylı xx.xx.1997-ci il tarixli arayış, Naxçıvan MR Naxçıvan şəhər icra hakimiyyəti tərəfindən verilmiş 210/10Q saylı xx.xx.2001-ci il tarixli arayışlarla öz əksini tapmışdır. Eyni zamanda bildirir ki, Sədərək rayonu ərazisində konüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı gedən döyüşlərdə iştirakını Naxçıvan ASSR-i tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli BE043900 saylı hərbi bilet təsdiq edir, belə ki, hərbi biletin 11-ci paraqrafından da görünür ki, 1990- 1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə könüllü dəstə tərkibində iştirak edib. Azərbaycan Vətən müharibəsi veteranlar birliyi tərəfindən ona 0056 saylı vəsiqə verilmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dəfələrlə müraciət etsə də, təqdim etdiyi sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqənin verilməsi üzrə Komissiya” barəsində müsbət qərar qəbul etməmiş, inzibati qaydada və ya məhkəmə qaydaasında şikayət etməli olduğu bildirilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Əlahiddə Ümumqoşun ordusunun xx.xx.2022-ci il tarixli 5931 nömrəli məktubundan görünür ki (məktub etiraza əlavə edilmişdir), X13 Komitəsinin Arxivində saxlanılan 1991- 1992-ci illərin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumatın olmadığı qeyd edilmişdir. Bildirilir ki, İddiaçı hərbi xidməti, döyüş əməliyyatlarında iştirakı və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə müvafiq arxiv arayışında arxiv məlumatları qeyd edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1507/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının müntəzəm olaraq blokadaya alınması, ərazi bütövlüyünə edilən təhdidlərin və silahlı basqınların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 206 nömrəli sərəncamına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xx.xx.1991-ci il tarixli 90a- Xİİ və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 247-17c nömrəli qərarlarına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının hərbi təhlükəsizliyini və silahlı müdafiəsini təmin etmək, Komitənin strukturunu formalaşdırmaq və lazımi heyətlə komplektləşdirmək məqsədilə Dövlət Müdafiə Komitəsi sədrinin xx.xx.1991-ci il tarixli 014 nömrəli əmri ilə N və N saylı hərbi hissələr (özünümüdafiə dəstələri) yaradılmışdır. xx.xx.1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının ərazisində N saylı hərbi hissənin yaradılması ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xx.xx.1992-ci il tarixli 198-Xİİ nömrəli qərarı ilə Dövlət Müdafiə Komitəsi ləğv edilmiş, onun strukturuna daxil olan hissə və bölmələr fəaliyyətini dayandırmış, bütün əmlakı və arxivi Komitənin bazasında yaradılmış N nömrəli hərbi hissəyə verilmişdir. Göstərilənlər nəzərə alınaraq İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” mümkünsüzdür. Həmçinin məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Müdafiə Nazirliyi əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz etdikdən sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1 və 47-ci maddələrin tələblərini kobud şəkildə pozaraq qərar qəbul etmişdir. Cavabdeh Müdafiə Nazirliyini əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz etdikdən sonra iddia ərizəsini və ona əlavə edilmiş sənədləri cavabdehə təqdim etməmiş, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb etməmiş, hazırlıq iclası keçirilmədən birbaşa baxış iclası keçirmiş və nəticədə çəkişmə prinsipini pozaraq qərar qəbul etmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş Sədərək rayonu X3 Rəyasət Heyəti tərəfindən verilmiş 11/341 saylı xx.xx.1994-cü il tarixli arayış, Sədərək rayon icra hakimiyyəti başçısı tərəfindən verilmiş 303 saylı xx.xx.2000-ci il tarixli arayış, Sədərək rayonu hərbi komissarlığı tərəfindən verilmiş 4/15 saylı xx.xx.1997-ci il tarixli arayış, Naxçıvan MR Naxçıvan şəhər icra hakimiyyəti tərəfindən verilmiş 210/10Q saylı xx.xx.2001-ci il tarixli arayışların, eyni zamanda Sədərək rayonu ərazisində könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı gedən döyüşlərdə iştirakını Naxçıvan ASSR-i tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli BE- 043900 saylı hərbi biletin 11-ci paraqrafındaki “1990-1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə könüllü dəstə tərkibində iştirak edib” qeydin mötəbərliyinin məhkəmə öz səlahiyyəti çərçivəsində araşdırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin qərarda dəyişikliklər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2016-cı il tarixli, 438 nömrəli qərarının 2-ci bəndinə əsasən, bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1- ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Sədərək Rayon İcra Hakimiyyətləri ümumiyyətlə “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməmişdirlər. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı tələbi “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirakı təqdim edilmiş arayışlarla və hərbi biletlə sübut edilir, iddiaçı hərbi xidmət yerini (döyüş əməliyyatlarını) özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. Bununla da məhkəmə iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Məhkəmə kollegiyası «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Belə ki, yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbindən görünür ki, döyüş əməliyyatlarında iştirak edən şəxslərə o halda müharibə veteranı adı verilə bilər ki, digər əsasların mövcud olması ilə bərabər həmin şəxsin qanuni xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə mötəbər sübutlarla təsdiq edilsin. İşdə olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Sədərək rayonu ərazisində 1988-1991-ci illərdə könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir (əsas: Sədərək rayon icra hakimiyyətinin 21 dekabr 2000-ci il tarixli 303 nömrəli arayışı). Sədərək rayon hərbi komissarlığının 4/15 saylı xx.xx.1997-ci il tarixli arayışdan görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən 1990-1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sədərək rayon icra hakimiyyətinin başçısının 303 saylı xx.xx.2000-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Sədərək rayonu ərazisində 1988-1991-ci illərdə könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı gedən döyüşlərdə iştirak etmişdir (Əsas: Sədərək rayon hərbi komissarlığının 275 nömrəli xx.xx.2000-ci il tarixli arayışı). Sədərək rayon X12 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 1989-1992-ci illərdə torpağımızın bütövlüyü uğrunda Sədərək döyüşlərində fəal iştirak etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli ƏN/3772№-li telefonoqrama əsasən xx.xx.1964-cü il təvəllüdlü, istefada olan leytenant İddiaçı şəxsi işi xx.xx.2022-ci il tarixdə məxfi poçtla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə göndərilmiş, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair arxiv sənədləri mövcud deyil və müharibə veteranı kimi qeydiyyatda durmur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən təqdim olunmuş İddiaçı şəxsi işində 1986-cı ildən sonrakı dövrə aid məlumatlar yoxdur. Birinci instansiya məhkəməsinin məhkumluqla bağlı tələbnaməsi Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilərək bildirilmişdir ki, İddiaçı dair əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Sədərək rayonu ərazisində 1988-1991-ci illərdə könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı gedən döyüşlərdə fəal iştirak etməsini Sədərək rayon İcra Hakimiyyətinin 21 dekabr 2000-ci il tarixli və Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli arayışları ilə əsaslandırır, bu arayışlar iş materiallarında mövcud olsa da, həmin döyüşlərdə iştirak faktı cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək mübahisələndirilmişdir. Bunu araşdırmaq məqsədilə hər iki İcra Hakimiyyətlərinə İddiaçı 1988-1991-ci illərdə Sədərək rayonu ərazisində gedən döyüşlərdə rayonun müdafiəsi üçün könüllü özünümüdafiə dəstələrində iştirak etmiş sakinlərin siyahısında adının olub-olmaması barədə məlumatın, məlumat olduğu təqdirdə o cümlədən həmin şəxsin döyüşlərdə iştirakını sübut edən Naxçıvan Şəhər İcra Hakimiyyətində mövcud olan digər sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə sorğuları göndərilmişdir. Həmin sorğulara cavab olaraq Sədərək rayon İcra Hakimiyyətindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İcra Hakimiyyətində və Sədərək rayon X14 Qasımova aid heç bir sənəd aşkar edilməmişdir. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, Milli arxiv fondu haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən 1988-1991-ci illərə aid olan sənədlər Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilmişdir. İddiaçı 1988-1991-ci illərdə Sədərək rayonu ərazisində gedən döyüşlərdə rayonun müdafiəsi üçün könüllü özünümüdafiə dəstələrində iştirak etmiş sakinlərin siyahısında adının olub-olmaması barədə İcra hakimiyyətində hər hansı bir məlumat mövcud deyil. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən İddiaçı 1988-1991-ci illərdə Sədərək rayonu ərazisində gedən döyüşlərdə rayonun müdafiəsi üçün könüllü özünümüdafiə dəstələrində iştirak etmiş sakinlərin siyahısında adının olub-olmaması barədə məlumatın, məlumat olduğu təqdirdə, o cümlədən həmin şəxsin döyüşlərdə iştirakını sübut edən Naxçıvan MR Dövlət Arxiv İdarəsində mövcud olan digər sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Naxçıvan MR Dövlət Arxiv İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı könüllü özünümüdafiə dəstələrində iştirak etməsi haqqında Arxivdə hər hansı məlumat aşkar edilməmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı Sədərək rayon İcra Hakimiyyətinin 21 dekabr 2000-ci il tarixli və Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli arayışlarının verilməsi üçün (iddiaçının döyüşlərdə iştirak etməsi ilə bağlı) əsas olan hallar barədə və bunu təsdiq edən sübutların, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Sədərək rayonu ərazisində 1988-1991-ci illərdə erməni milli ordusuna qarşı gedən döyüşlərə cəlb olunan könüllülərin siyahısının İcra Hakimiyyəti tərəfindən aparılıb-aparılmaması barədə məhkəməyə məlumat verilməsi, belə siyahıya alma aparılmışdırsa, həmin siyahının məhkəməyə təqdim edilməsi məqsədilə Naxçıvan MR Naxçıvan Şəhər və Naxçıvan MR Sədərək rayon İcra Hakimiyyətlərinə məhkəmə sorğuları ünvanlanmışdır. Həmin sorğulara cavab olaraq Naxçıvan MR Sədərək rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Sədərək rayonu ərazisində 1988-1991-ci illərdə erməni milli ordusuna qarşı gedən döyüşlərə cəlb olunan könüllülərin siyahısı Sədərək Rayon icra Hakimiyyəti tərəfindən aparılmamış və siyahıya alma ilə bağlı İcra Hakimiyyətində heç bir sənəd yoxdur. İddia edilən Sədərək Rayon icra Hakimiyyəti tərəfindən verilmiş 21 dekabr 2000-ci il tarixli (iddiaçının döyüşlərdə iştirak etməsi ilə bağlı) arayışın İcra Hakimiyyətində hər hansı bir əsası mövcud deyil. Naxçıvan MR Naxçıvan Şəhər İcra hakimiyyətindən daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Milli arxiv fondu haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən 1988-1991-ci illərə aid olan sənədlər Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilmişdir. İddiaçı 1988-1991-ci illərdə Sədərək rayonu ərazisində gedən döyüşlərdə rayonun müdafiəsi üçün könüllü özünümüdafiə dəstələrində iştirak etmiş sakinlərin siyahısında adının olub-olmaması barədə İcra hakimiyyətində hər hansı bir məlumat mövcud deyil. Müvafiq sənədləri əldə etmək üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən İddiaçı 1990-1992-ci illərdə (Sədərək rayon İcra Hakimiyyətinin 21 dekabr 2000-ci il tarixli arayışına əsasən 1988-1991-ci illərdə) Sədərək rayonu ərazisində gedən döyüşlərdə rayonun müdafiəsi üçün könüllü özünümüdafiə dəstələrində iştirak etmiş sakinlərin siyahısında adının olub-olmaması barədə məlumatın, o cümlədən həmin şəxsin döyüşlərdə iştirakını sübut edən mövcud olan digər sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə və X8 da müvafiq məhkəmə sorğuları göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsində İddiaçı Sədərək rayonunun müdafiəsi üçün könüllü özünümüdafiə dəstələrində iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. Bununla belə, İddiaçı Sədərək rayonunun müdafiəsi üçün könüllü özünümüdafiə dəstələrində iştirak etməsi barədə Sədərək Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir. Sədərək Rayon İcra Hakimiyyətindən daxil olmuş cavab məktubunda Sədərək rayon ərazisində 1988-1991-ci illərdə döyüşlərə cəlb olunan könüllülərin siyahısının Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən aparılmadığı, siyahıya alma ilə bağlı İcra Hakimiyyətində heç bir sənədin olmadığı və Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 21 dekabr 2000-ci il tarixli arayışın İcra Hakimiyyətində hər hansı bir əsasının olmadığı bildirilmişdir. X6 məhkəməyə daxil olmuş məktubda isə qeyd edilmişdir ki, X13 Komitəsinin Arxivdə saxlanılan 1991-1992-ci illərin “Nizami hissə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. Beləliklə, hazırki işdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin 1988-1991-ci illərdə Sədərək rayonu ərazisində gedən döyüşlərdə rayonun müdafiəsi üçün könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi halı, bu iştirakı təsdiq edən müvafiq icra hakimiyyəti tərəfindən aparılan siyahı və s. kimi sübutlar iş materiallarında mövcud deyil. Həmçinin iddiaçı həmin halları təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Həmin Qanunun 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh qurum apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1507/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1507/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-128/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-128/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver