Məhkəmə qərarları › İş №2-1(103)-1280/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1280/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1280/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı imtinanın qanunsuz sayılması və kompensasiya ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-10/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs AR Maliyyə Nazirliyi) məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılması və Bakı şəhəri Hövsan qəsəbəsi R.Abdullayev küçəsində yerləşən 21/1 saylı evin qəzalı olması ilə əlaqədar həmin evin mülkiyyətində olan yaşayış sahəsi 12 kv.m. olan 1 otaqlı 3a nömrəli mənzilinə görə 35.000 manat məbləğdə kompensasiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı ŞİH Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2008-ci il tarixli 86/3 nömrəli sərəncamı ilə Bakı şəhəri R.Abdullayev küçəsində yerləşən 21/1 saylı evin 3a nömrəli mənzilinə dair iddiaçı ilə (2 nəfər ailə üzvü olmaqla) icarə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. Mənzil xx.xx.2009-cu il tarixdə özəlləşdirilmiş və müvafiq reyestrdən çıxarış verilmişdir. Bina qəzalı vəziyyətə düşdüyündən, AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarına əsasən orada yaşayan hər ailəyə 35.000 manat kompensasiya ödənilməklə onların köçürülməsi nəzərdə tutulmuşdur. Binada yaşayan ailələrə müvafiq məbləğdə kompensasiyalar ödənilmişdir. İddiaçı mülkiyyətində olan mənzilə dair kompensasiyanın ödənilməsi iiə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubu belə əsaslandırılmışdır ki, AR Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən Suraxanı rayonu Hövsan qəsəbəsi R.Abdullayev küçəsi 21/1 ünvanda yerləşən 4 mərtəbəli yataqxana binasında faktiki yaşayan 85 ailə köçürülməklə hər ailəyə 35.000 manat birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin bu qeyri-müəyyən məzmunlu imtinası yalnız özünə məlumdur. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan üçüncü şəxs və cavabdeh ondan apellyasiya şikayətləri verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1511/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-3160/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, sözügedən yataqxana binasında yaşayan hər bir ailəyə (o cümlədən, iddiaçının ailəsinə) FHN tərəfindən birdəfəlik maddi yardım ödənilməsi başa çatdırıldıqdan sonra bina balanssaxlayıcı təşkilat (BŞİH MKTD 1 saylı XTMKTB) tərəfindən sökülərək ərazi abadlaşdırılmışdır. Birinci instansiya məhkəməsində cavabdehin və üçüncü şəxsin nümayəndələri tərəfindən yuxarıda qeyd olunan nüanslar barədə məhkəmə məlumatlandırılsa da, qeyd olunanlar, yəni vəsaitin Suraxanı RİH-ə ayrılmaması, onun otaq sayına görə deyil, ailə sayına görə ödənilməsi, iddiaçının ailə tərkibi qeydiyyat üzrə 5 nəfər (özü, arvadı, oğlu və 2 qızı) olmaqla göstərilsə də, faktiki özü, arvadı və subay oğlunun həmin yataqxana binasındakı otaqda yaşaması, evli qızlarının qeydiyyatının isə formal xarakter daşıdığı, ailə qurduqdan sonra həmin binada yaşamadıqları, bunu sübut edən hal kimi iddiaçının məhkəmədə verdiyi ifadəsində həmin otağı kirayə olaraq X1 verdiyini qeyd etməsini və bu səbəbdən iddiaçı ilə sonuncu arasında məhkəmə mübahisəsi olduğu, həmin otağın üzərinə məhkəmə qaydasında həbs qoyulması və digər hallar məhkəmə tərəfindən nəzərə alınmamış, qeyri-müəyyən səbəbdən ayrıca mətbəx, sanitar qovşaq və dəhlizi olmayan yataqxana binasındakı otaq mənzil kimi qiymətləndirilərək, iddiaçının ailəsinə əlavə 35.000 manat məbləğdə kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə görə, mövcud qanunvericilikdə qəza vəziyyətinə düşmüş mənzilin təmir və bərpa olunma öhdəliyi dövlətin deyil, mülkiyyətçinin üzərinə qoyulmuşdur. Buna baxmayaraq AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli tapşırığına əsasən, ünvan 1 ünvanda yerləşən yataqxana binasının qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin yataqxana binasında yaşayan 85 ailənin köçürülməsi üçün onların hər birinə dövlət vəsaiti hesabına 35.000 manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Suraxanı RİH-in xx.xx.2016-cı il tarixli aktı ilə ünvan 1 ünvanda yerləşən yataqxana binasında yaşayan ailələrin dəqiq sayı müəyyən edilərək, siyahı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının ailəsi də 5 nəfər (özü, arvadı, iki qızı və bir oğlu) tərkibdə müəyyən edilmiş və onlara 35.000 manat vəsait ödənilmişdir. Məhkəmə iddiaçı tərəfindən özünün və qızının ayrı təsərrüfatlara malik olmalarının sübut etməməsini nəzərə almamış, əksinə, iddia tələbini təkzib edən halların cavabdeh tərəfindən təqdim edilmədiyini bildirmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayətlər əsassızdır. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, “Məhkəmənin qənaəti belədir ki, iddiaçının mülkiyyətindəki mənzilin yerləşdiyi mübahisəli yataqxana binasının kommunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmədiyindən, binaya giriş tam məhdudlaşdırıldığından (fotoşəkillərə əsasən), iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılması birmənalı təsdiqlənir və bu məhdudiyyətin gələcəkdə birbaşa (əvvəlki kimi) bərpası real görünmür. Qeyd olunanlar, eləcə də inzibati praktika və qanunverciliyin “bərabərlik prinsipi” nəzərə alınmaqla belə nəticə əldə olunur ki, cavabdeh Suraxanı RİHin iddiaçıya müvafiq məbləğdə kompensasiya ödənilməsindən imtinası qanunsuz və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qimsində qiymətləndirilməlidir. Binada iki mənzilin olsa da, orda iddiaçının və qızının ailəsinin ayrıayrı yaşaması mümkün haldır və bunu təkzib edəb heç bir sübutu cavabdeh məhkəmə icraatında təqdim etməmişdir. Odur ki, iddiaçının tələbi əsaslıdır.” Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, hazırkı iddiasında iddiaçı ünvan 1 ünvanda yerləşən yataqxana binasının 3a nömrəli mənzilində 2 ailənin (özünün və qızının ailəsinin) yaşamasını iddia edir, onların da həmin evdə qeydiyyatda olduğunu və mülkiyyət hüququnun olduğunu bildirərək əlavə olaraq 35.000 manat vəsaitin ödənilməsini tələb edir. ... Beləliklə, iddiaçının qızının mübahisəli 3a nömrəli mənzildə qeydiyyatda qalması formal xarakter daşıdığı, onun müstəqil ailə kimi həmin mənzildə faktiki məskunlaşmadığı işin faktiki halları ilə müəyyən olunmuşdur. Bu əsaslara görə iddaçının iddia tələbi təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi öz dəlillərini əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli tapşırığına istnad etmiş və göstərlmişdir ki, həmin hüquqi sənədə görə, yuxarıda sözügedən yataqxana binasının sökülməsi ilə əlaqədar orada yaşayan sakinlərə müvafiq kompensaiyanın verilməsinin şərti, sakinlərin sökülən binadakı mənzillərdə qeydiyyatda olması və ya mənzillərin mülkiyyətçiləri olması deyil, onların həmin mənzildə faktiki yaşaması olmuşdur. Lakin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında apellyasiya instansiya məhkəməsinin istinad etdiyi hüquqi sənəd mövcud deyil, ona görə də, bu sənəddə həqiqətən də, söküntü ilə əlaqədar kompensasiyanın verilməsi məsələsinin həlli zamanı iddiaçının mülkiyyət hüququnun nəzərə alınmasının əhəmiyyət kəsb etməməsi tam olaraq aydın deyildir. Halbuki, işin materiallarından aydın olur ki, həm iddiaçı, həm də onun arvadı ayrıayrılıqda müvafiq olaraq 3a və 3 saylı mənzillərin mülkiyyətçiləridir. Bu zaman iddiaçının arvadı M.Məşədiyevaya sökülmüş mülkiyyətinə görə kompensasiya ödənilsə də, iddiaçı həmin kompensasiyadan məhrum olmuşdur. Belə olan halda, iddiaçının kassasiya şikayətində mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar birbaşa Azərbaycan Respublikası Konstitusiyasına istinad etməsi tamamilə düzgün olmuşdur. Belə ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanistifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna görə, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Bronovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, Skordino İtalyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı). Nəzərə alınmalıdır ki, iddiaçının mənzilinin yerləşdiyi binada həm mülkiyyətçilər, həm də mülkiyyətçi olmayan şəxslər yaşamışlar, bu sakinlərin hamısına söküntü ilə əlaqədar kompensasiya ödənilsə və bu zaman mülkiyyətçi olmayan sakinlərin faktiki yaşaması kriteriyası əsas götürülsə də, mülkiyyətçi olan sakinlərə bu kriteriya tətbiq edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, hər hansı ailə bir neçə mükiyyət obyektinin sahibi ola bilər, habelə bir ailənin bir neçə üzvlərinin ayrı-ayrılıqda mülkiyyət obyekti də ola bilər. Araşdıralın qərardan görünlüyü kimi, apellyasiya instansiya məhkəməsi işin bu xüsusiyyətlərinə lazımi diqqət verilməmişdir, bununla da, həmin məhkəmə iş üzrə tərəflər arasında yaranmış mübahisənin ədalətli həllinə nail ola bilməmişdir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. İşdə olan, Bakı ŞİH Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2008-ci il tarixli 86/3 nömrəli sərəncamı ilə Bakı şəhəri R.Abdullayev küçəsində yerləşən 21/1 saylı evin (yataqxana binası) 3a nömrəli mənzilinə dair iddiaçı ilə (2 nəfər ailə üzvü olmaqla) icarə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. Bakı şəhəri R.Abdullayev küçəsində yerləşən 21/1 saylı evin 3a nömrəli mənzili üzərində mülkiyyət hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 886 nömrəli reyestr kitabının 82413 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, mənzilə dair dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli tapşırığına əsasən Suraxanı rayonu Hövsan qəsəbəsi R.Abdullayev küçəsi ev 21/1 ünvanda yerləşən 4 mərtəbəli yataqxana binasında faktiki yaşayan 85 ailə köçürülməklə hər ailəyə 35.000 manat məbləğdə birdəfəlik yardım ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan, cavabdehin xx.xx.2016-cı il tarixli aktı ilə ünvan 1 ünvanda yerləşən yataqxana binasında yaşayan ailələrin dəqiq sayı müəyyən edilərək, siyahı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının ailəsi də 5 nəfər (özü, arvadı, 2 qızı və 1 oğlu) tərkibdə müəyyən edilmişdir. Aktdan müəyyən olunur ki, iddiaçı və arvadı 1990-cı ildən, 2 qızı 2007 və 2009-cu ildən, oğlu 2010-cu ildən mübahisəli 3a nömrəli mənzilə qeydiyyata düşmüşlər. Mübahisəli 3a nömrəli mənzilin texniki pasportuna görə, ayrıca mətbəx, sanitar qovşağı və dəhlizi olmayan yataqxana binasındakı 3a nömrəli otaq 2,70 m x 4,44 m = 12 kv.m. ölçüdədir. Mübahisəli mənzilin yerləşdiyi yataqxana binasında yaşayan hər bir ailəyə birdəfəlik maddi yardım ödənilməsi başa çatdırıldıqdan sonra bina balanssaxlayıcı təşkilat (BŞİH MKTD 1 saylı XTMKTB) tərəfindən sökülərək ərazi abadlaşdırılmışdır. İddiaçı mülkiyyətində olan mənzilə dair kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2016-cı il tarixli məktubu ilə müraciətin təminindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Eyni Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri diqqətə alaraq hesab edir ki, iddia əsaslıdır və məhz bu mənada apellyasiya şikayətləri ilə razılaşmır. İlk olaraq, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1, ikinci cümlə). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün isə: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın vəzifənin pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Bu mənada, inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehin hərəkətləri nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması iş üzrə sübut olunur. Belə ki, işdən müəyyən edildiyi kimi, həm iddiaçı, həm də onun arvadı ayrı-ayrılıqda müvafiq olaraq 3a və 3 nömrəli mənzillərin mülkiyyətçiləridir. Bu zaman iddiaçının arvadına sökülmüş mülkiyyətə görə kompensasiya ödənilsə də, iddiaçı həmin kompensasiyadan məhrum olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin iddiaçıya kompensasiya ödənilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna ziddir və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı düzgündür, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, apellyasiya şikayətləri təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-10/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar