Məhkəmə qərarları › İş №2-1(103)-1280/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1280/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1280/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əvvəlki müddət üçün sosial müavinətin ödənilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9279/2021 saylı 18.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.04.2013-cü il tarixdən 29.04.2016-cı il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı Qarabağ hadisələri başladığı vaxtdan Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində həqiqi hərbi qulluq keçmiş, döyüşən hərbi hissələrin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, 29 aprel 2016cı il tarixli M/V №-057883-li müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən müharibə veteranları üçün Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyaz almaq hüququ əldə etmişdir. O, qanunvericliyin şərtlərinə uyğun olaraq əvvəlki üç il yəni, 29.004.2013-cü il tarixdən 29.04.2016-cı il tarixə kimi də birdəfəlik müavinətin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin sonuncu 02.06.2021-ci il tarixli **********94 №-li məktubu ilə ona “Sosial müavinətlər haqqında” Qanunun 7-ci və 9.1-ci maddəsinə istinadən imtina edərək eyni zamanda, bildirmişdir ki, ona müharibə veteranı vəsiqəsi 29 aprel 2016-cı il tarixində verildiyi üçün həmin tarixdən qanunvericiliyə əsasən kommunal, nəqliyyat və digər xidmətlərə görə müvafiq olaraq aylıq sosial müavinət, 1 aprel 2019-cu il tarixdən isə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ona 08 sentyabr 2016-cı il tarixində müharibə veteranı adı və vəsiqəsi ((vəsiqə № 031700) verilmişdir. Həmin tarixdən də müharbə veteranlarına verilən müavinət ödənilməyə başlanmışdır. İddiaçı cavabdehin həmin imtinası ilə razılaşmayaraq İPM-in 34.1-ci maddəsinə istinadən öhdəliyin icrası haqqıda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9279/2021 saylı 18.11.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 29 aprel 2013-cü il tarixdən 29 aprel 2016-cı il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh (təmsilçisi Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı) apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və tddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti “Veteranlar haqqında” Qanunun 12-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il tarixli 613 No-li və 2019-cu il 15 aprel tarixli 641 Noli fərmanlarına istinadən əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin disppozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsinibuna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Bu mənada iddiaçının vəsiqənin verildiyi tarixdən əvvəlki illərə görə sosial müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Hazırkı mərhələdə tərəflərin razılığı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu cavabdeh - həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Mikayılov apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qərar qüvvədə saxlanılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” 4.0.1.6-cı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Qanunun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.5-ci, 7.0.6-cı, 7.0.7-ci (hər iki halda), 8-ci, 9.1.4-cü, 9.1.5-ci, 9.1.6-cı, 11.1.4-cü və 11.1.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir); Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına və həmin Fərmana (11.07.2005-ci il tarixli 257 saylı Fərmanla) edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyytlarında iştirak etdiyinə görə müharibə veteranı adını almış şəxslərə kommunal, nəqliyyat və digər xərclər üçün müavinət ödənilməsi nəzərdə tutulmuşdur «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Həmin Qanunun 9.1.5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. İş materiallarına əsasən müəyyən edilir ki, 29 aprel 2016-cı il tarixində AR Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 057883 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən etibarən, ona cavabdehin (Müavinət təyinatı üzr Əhalinin Sosial Müdafiəsi Mərkəzinin) qərarı ilə 50 manat məbləğində müavinət təyin edilsə də, əvvəlki üç il üçün ona müavinət hesablanıb verilməmişdir və bu işin mübahisələndirilməyən halıdır. Başqa sözlə, iddiaçının qanunla müəyyən edilən, əvvəlki üç ilə görə müavinət almaq hüququ açıq saxlanılmışdır. Apellyasiya şikayətində cavabdeh “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin qeyd olunan dispozisiyasına və «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə istinadən belə hesab edir ki, müavinət verilərkən müharibə veteranı vəsiqəsinin verilmə tarixi əsas götürülməlidir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, onun tərəfindən qanunvericiliyin qeyd olunan normaları düzgün təfsir olunmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi anlamı heç də iddiaçının qeyd etdiyi anlamda tətbiq edilə bilməz. Çünki, konkret halda, qanunverici sadəcə olaraq onu nəzərdə tutur ki, müavinətin verilməsi üçün vətəndaşın veteran vəsiqəsinin mövcudluğu tələb olunur. «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin qeyd olunan mənası baxımından, 1994-cü ilin may ayının 12-ə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (1-ci Qaraağ müharibəsi) iştirakına görə müharibə veteranı adı və vəsiqəsi verilmiş iddiaçı, 29.04.2016-cı il tarixində «müharibə veteranı» adı və vəsiqəsi verildiyi andan əvvəlki üç il üçün, müraciət etdiyi təqdirdə, müavinət almaq hüququna malik olur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin müharibə veteranı vəsiqəsi verildiyi andan əvvəlki üçün iddiaçının müavinət almaq hüququnu olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Cavabdehin, apellyasiya şikayətinin, imtina məktubu ilə üst-üstə düşən - 01.04.2019-cu il tarixindən iddiaçıya verilən müəvinətin prezident təqaüdü ilə əvəz edildiyini mübahisələndrilən dəlilləri gəldikdə isə, bu məsələnin hazırkı iddia tələbinə heç bir aidiyyəti ola bilməz. Çünki, «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsi ilə müəyyən olunan hüququndan istifadə edərək iddiaçı tərəfindən ilkin olaraq ona müavinət təyin edildiyi 29.04.2016-cı il tarixindən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi tələb edilir. İPM-in 34.1-ci maddəsinin tələbindən də görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarını maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız və qanunvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9279/2021 saylı 18.11.2021-ci il tarixli qərarı (cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavabdeh-həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməklə) dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9279/2021 saylı 18.11.2021-ci il tarixli qərarı (cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavabdeh - həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməklə) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar