Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1281/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı, üçüncü şəxs Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 3 mənzil 214 ünvanda yerləşən mənzilin həyətinin torpağının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasını, dövlət reyestrindən çıxarışın verilməsini və torpaq sahəsinə plan və ölçünün tərtib edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 54 ildir mübahisəli ünvanda yaşayır. Bu fin tipli ev iddiaçıya atası X1 miras qalmışdır. Atası həmin evdə 1956-ci ildən yaşamışdır. Evin altındakı torpaq üçün hər il vergi ödənilmişdir. 1991-ci ildə ev özəlləşdirilmiş, 2004-cü ildə iddiaçının adına rəsmiləşdirilmişdir. Evin altında olan torpağın mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilməsi üçün iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2018--ci il tarixli **********75 nömrəli məktubla onun müraciətini təmin etməkdən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, sözügedən yaşayış evi dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir, istifadə edilən 580 kv.m. torpaq sahəsinə dair qanunamüvafiq hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. İddiaçı hesab edir ki, cavabdehin göstərilən əsaslarla imtina etməsi əsassız və qanunsuzdur 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur kı, sözügedən yaşayış evi dövlət reyestrindən mənzil kimi iddiaçının adına qeydiyyatdan keçmişdir. Bundan əlavə, iddiaçı tərəfindən faktiki olaraq 580 kv.m. torpaq sahəsi istifadə olunmaqdadır. Lakin həmin torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrılmasına dair qanunamüvafiq hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. Bundan başqa, mənzilin yerləşdiyi torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Belə ki, mənzilin yerləşdiyi çoxmənzilli binada X9 - mənzil 213, X8 - mənzil 209, X9 - 221a, X5 - mənzil 217, X2 - mənzil 217A, X6 - mənzil 220, X10 - mənzil 221B, X3 mənzil 222B, X7 - mənzil 217A və X11 - mənzil 222a adlarına da mülkiyyət hüququ üzrə mənzillər dövlət qeydiyyatına alınmışdır və iddiaçının iddia etdiyi torpaq sahəsi eyni zamanda sözügedən mənzillərin də ümumi tikintialtı sahəsidir. ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak 214 nömrəli mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin yerləşdiyi binanın altındakı torpaq sahəsi qanunvericiliyə əsasən binada yerləşən mənzillərin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olduğundan, torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1891/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilmiş, ünvan 1 saylı evin 214 saylı mənzilinin tikintialtı torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərarla razılaşmayan tərəflər ondan kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-97/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmiş, üçüncü şəxsin nümayəndəsi mübahisənin həllini Məhkəmənin mülahizəsinə həvalə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “İşin hallarına görə iddiaçıya dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ ilə daşınmaz əmlak kimi mənzil məxsus olmuş və həmin mənzilə dair hüququ qeydə alınmışdır. Lakin iddia tələbi ilə həmin mənzilin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını iddiaçı xahiş etdiyindən, bilavasitə həmin torpaq sahəsinə dair yuxarıda göstərilmiş sənədlərdən birini iddiaçı təqdim etməli idi. Belə sənəd işdə olan sənədlərə əlavə edilməmişdir və onun mövcud olmamasını apellyasiya məhkəməsi bildirsə də, lakin bununla bağlı aşağı instansiya məhkəmələri tərəfindən müvafiq araşdırma aparılmamışdır. Belə ki, qeyd edilmiş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahının: - 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); Bu normativ-hüquqi aktdan göründüyü kimi, yaşayış evinin həyətyanı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün əsas həmin torpaq sahəsinə dair tərtib edilmiş texniki pasport təşkil etməlidir. İşin birinci instansiya məhkəməsinə aid olan inzibati icraat materiallarından göründüyü kimi, qeyd edilmiş sənədlə əlaqədar ünvan 2 ünvanda yerləşən 214 saylı mənzilə aid torpaq sahəsi ilə bağlı məsələ araşdırılmışdır. Halbuki, apellyasya məhkəməsinin hüquqi qiymətləndirməsi çoxmənzilli binada sahə mülkiyyətçilərinin ümumi əmlakına aid olan torpaq sahəsi ilə əlaqədar olduğundan, texnuki pasportun bilavasitə ünvan 2 ünvana aid olan binanın həyətyanı torpaq sahəsi üzrə tərtib edilib-edilməməsi məsələsi məyyən olunmalı idi.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı sonrakıları bildirir. İşdə olan, Bakı ŞİH Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli ÖM 217592 nömrəli qeydiyyat vəsiqəsinə görə, Bakı şəhəri İnqlab küçəsi 1 saylı evin 214 nömrəli mənzili iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 8.0.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. AR Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (2). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5). Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (6). Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (7). Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (8). İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Bu kontekstdə, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən birinə, bu mümkün olmadıqda isə 8.0.8-ci maddədə təsbit olunan, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndi ilə müəyyən edilən sənədə (2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasporta) malik olmalı idi. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qeyd olunan əsaslardan hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. İddiaçı da onda bu sənədlərin, xüsusən də mənzilin texniki pasportunun olmadığını bildirir, cavabdehin işdə olan xx.xx.2018-ci il tarixli **********06 nömrəli, xx.xx.2018-ci il tarixli **********42 nömrəli məktublarında isə göstərilmişdir ki, ünvan 1 saylı evin 214 saylı mənzilinə dair texniki pasport arxiv qovluğunda aşkar edilməmişdir. Bundan əlavə, ünvan 3 ünvanın cavabdehin apellyasiya şikayətində göstərilən digər paylı mülkiyyətçilərinin ümumi əmlakın, o cümlədən mübahisəli torpaq sahəsinin bölünməsi barədə öz aralarında razılaşması və ya bu barədə məhkəmə aktının mövcudluğu işdən müəyyən edilmir. Həmçinin, mübahisəli torpaq sahəsinin ayrıldığı vaxt yerquruluşu orqanları tərəfindən yerdə (naturada) hüdudlarının torpaqayırma qaydasında müəyyən edilməsi və müvafiq sənədlərin rəsmiləşdirib iddiaçıya verilməsi iş materialları ilə təsdiqini tapmır, iddiaçı da onda belə sənədlərin olduğunu irəli sürmür. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin müvafiq müddəaları ilə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2018--ci il tarixli **********75 nömrəli imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməli (İPM-87.6), şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı ünvan 3 mənzil 214 ünvanda yerləşən mənzilin həyətinin torpağının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinə plan və ölçünün tərtib edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1281/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1281/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver