Məhkəmə qərarları › İş №2-1(103)-1281/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1281/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1281/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9459/2021 saylı, 13.12.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə məcburetmə haqqında iddia ərizəsi ilə müraciət edərək, 01.07.1989-cu il tarixdən 29.12.1991-ci il tarixədək Şəmkir rayon “Səbail” kooperativində işlədiyi müddətin yaşa görə əmək pensiyası hüququ verən sosial sığorta stajıma daxil edilməsinə və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM 33.1) . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası hüququ verən 65 yaşı tamam olduğu üçün 06.04. 2021-ci il tarixdə Fondun 19 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edib. Lakin cavabdeh Filialın 03.07.2021-ci il tarixli **********8 nömrəli məktubu ilə ona bildirilmişdir ki, təqdim etdiyii 12.06.1978-ci il tarixdə tərtib edilmiş İT-İ ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən ümumi sığorta stajınız 24 il 05 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış 18.110,42 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manat) azdır. Əlavə olaraq bildirilmişdir ki, Fondun 19 saylı regional ərazi filialının 24.05.2021-ci il tarixli aktna əsasən 01.07.1989-cu il tarixdən 29.12.1991-ci il tarixədək işlədiyi Şəmkir rayon “Səbail” kooperativinin arxiv sənədləri Şəmkitr rayon Dövlət arxiv idarəsində saxlanmadığı üçün həmin dövrlərin sığorta stajinanın araşdırılması imkan xaricindədir. Bu səbəbdən həmin dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Odur ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9459/2021 saylı, 13.12.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən iddiaçı 01.07.1989-cu il tarixdən 29.12.1991-ci il tarixdəkə Şəmkir rayoən səbail kooperativində işlədyini və əmək haqqı aldığını iddia edir. Lakin onun həqiqətn işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, işə daxil olma və çıxma əmrləri, haqqı cədvəllərinin də olması zəruridir., İddiaçı tərəfindən isə bu illərə dair sənədlərin təqdim olunmaması onun işləməsini şübhə altına alır. Bununla da həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür. Bakı İnzibati Məhkəməsinin qərarında maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən, qərar ləğv edilməli iddia rədd olunmalıdır. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Həşimova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin iddiaçıya ünvanladığı imtina cavabının üst-üstə düşən dəlillərindən göründüyü kimi, iddiaçının 01.07.1989-cu il tarixdən 29.12.1991-ci il tarixədək “Səbail” kooperativində işlədiyi dövrün sığorta stajina daxil edilməsi arxiv məlumatları ilə təsdiq edilmədiyinə görə anunauyğun olmadığını mübahisləndirərək, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsaslara görə iddiaçıya pensiya təyin olunmasından imtina eedilməsi tamamilə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə (Şəmkir RPŞ 27.09.2006; №0*******) əsasən xx.xx.1956-cı ildə doğuldğu nəzərə alındıqda, 25.03.2021-ci il tarixində onun Qanunun qeyd olunan 7-ci maddəsinin birinci şərtində nəzərdə tutulan pensiya yaş həddi 65 yaşı tamam olur. Sözügedən normanın digər şərtinda nəzərdə tutulan 25 il sığorta stajının mövcudluğu da əslində iş materialları ilə öz təsdiqini tapır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İddiaçının işə əlavə olunmuş hərbi biletinin (№0********) və əmək kitabçasının (№0271514) surətinə əsasən aşağıdakı kimi sosial sığorta stacı müəyyən olunur: 10.05.1975-15.05.1978 Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət (2 il 5 gün) 10.07.1978 – 07.10.1981 - Kirovabad «PMK»-2, »sürücü ( 3 il 2 ay 27 gün); 17.11.1981-01.03.1989 -Kirovabad mexanikləşdirilmiş, kənd təsərrüfatı texnikası, sürücü (7 il 3 ay 14 gün); 01.07.1989 -31.01.1991 - Səbail kooperativi fəhlə (7 ay); 15.02.1991-29.12.1991- Səbail kooperativi sürücü (10 ay 24gün) 05.01.1992 – 30.11.2001 –Şəmkir BQ və İŞ çilingər və sahə rəisi (9 il 10 ay 25 gün); 01.09.2002 – 01.08.2004 – bələdiyyədə katib (1 il 11 ay); 10.11.2008-26.08.2010 – F.Ələkbərov adına Xanallar kənd orta məktəbində gözətçi (1 il 9 ay 16 gün). Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 85 №-li 05.11.2021ci il tarixli arayışına Cavabdehin həm imtina məktubu, həm də apellyasiaya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının qeyd olunan sığorta stacının yalnız 01.07.1989 -31.01.1991 (7 ay) və 15.02.1991-29.12.1991 (10 ay 24gün) dövrlərində Səbail kooperativi sürücü kimi işlədiyi müddətin (cəmi: 1 il 5 ay) arxiv arayışı il .ztəsdiqini tapmadıbına görə sığorta stajı kimi nəzərə alnmasından imtina olunur, qalan hissədə isə qəbul edilir. Qalan hisslərdə stajlar cəmləndikdə 24 il 2 ay 27 gün sığorta stajı alınır. Onun Səbail kooperativində 01.07.1989 - 31.01.1991 illərdə fəhlə, 15.02.1991- 29.12.1991-ci illərdə isə 1 il 5 ay işlədəyi dövrə gəldikdə isə, həmin illərə dair arxiv sənədləri və vergi ödəyicisi kimi sənədlərin aşkar edilməməsi həmin müddətin iddiaçının sığorta stajına daxil edilməsindən imtina üçün əsas ola bilməz. Birincisi, ona görə ki, əmək kitabçasında iddiaçının həmin kooperativə işə daxil olduğu və azad olunduğu tarixlər və əmrlərin nömrəsi və tarixləri ilə kooperativ sədrinin imzası və dairəvi möhürü ilə, həm də “Kirill” əlifbası stilində təsdiq olunmuş, hansı qaralama və pozuntular və saxtalığına şübəhə gətirən təhriflərə yol verildiyi gözə çarpmır. Həmin qeydlərin mötəbər olmadığını sübuta yetirmək isə saxtalığını sübuta yetirmək öhdəliyi cavabdeh orqanın üzərinə düşən bir vəzifədir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbtinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İkinci bir tərəfdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 85 №-li 05.11.2021-ci il tarixli arayışına əsasənq müəyyən olunur ki, 10.11.2008 - 26.08.2010–cu (1 il 9 ay 16 gün) illərdə iddiaçı F.Ələkbərov adına Xanallar kənd orta məktəbində gözətçi işləmiş və həmin müddət ərzində onun əmək haqqından aylar üzrə DSMF-yə məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanuna əsasən onun 2006-cı ilədək sığorta stajı 25 il nəzərə alınmalıdır Belə ki, həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006- cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır...” 25.03.2021-ci il tarixində iddiaçının Qanunun 7-ci maddəsində nəzərdə tutulan 65 pensiya yaş həddinə çatığı nəzərə aılndıqda, Qanunun qeyd edilən tələbləri baxımından, onun 01.01.2006-cı il tarixədək ümumi sığorta stajı 25 il qəbul edilməlidir. Cavabdeh isə Qanunun qeyd olunan tələbini nəzərə alaraq, iddiaçının xeyrinə olan halların araşdırılmasından imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən isə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göründüyü kimi, cavabdeh, orqan maddi və inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi, inzibati icraa və prosessual hüquq normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9459/2021 saylı, 13.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9459/2021 saylı, 13.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar