Məhkəmə qərarları › İş №2-1(103)-1281/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1281/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1281/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Nərimanov Rayonu Nərimanov Bələdiyyəsinə qarşı “qərarın ləğv olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6386/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Nərimanov Rayonu Nərimanov Bələdiyyəsinə qarşı mübahisələndirmə haqqında (İPM m.32.1) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 17 dekabr 2021-ci il tarixli 30 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 2 A ünvanında yerləşən əmlak iddaçının şəxsi mülkiyyəlindədir. Bakı şəhəri Nərimanov Bələdiyyəsi tərəfindən son üç ildə hesablanmış vergi onun və nümayəndəsinin iştirakı olmadan hesablanmış, həmin dövr üçün vergiyə və statistikaya verilən hesabat nəzərə alınmamış və reallıqdan tam uzaq olan bir rəqəm göstərilmişdir. Bundan əlavə, Bakı şəhəri Nərimanov Bələdiyyəsi tərəfindən 14 saylı 17 dekabr 2021-ci il tarixli protokolda yerli (bələdiyyə) məcburi vergiyə cəlb olunmasına dair çıxarış üzrə qərar qəbul edilmiş, bu qərar üzrə 2019-2020-2021-ci il tarixədək olan dövr üçün ümumilikdə 1018 manat məbləğində vergi borcu müəyyən edilərək qərar icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Cavabdeh ona bildiriş göndərməmiş, “inzibati icraat haqqında” hüquq normalarının tələblərini pozmuş, qiymətlərin haradan aldığı qərarda əsaslandırılmamışdır. Qərarda ana aid edilmiş vergi borcu tamamilə qanunsuz və əsassızdır. Cavabdehin birinci instansya məhkəməsində işə baxılarkən iddia ərizəsinə dair yazılı etirazı mövcud olmamış, səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında da iştirak etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6386/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 30 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və həqiqətə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci 65-ci və 91-ci maddələrində göstərilənlərədən aydın olur ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, İPM-in 32.1-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisələndirmə haqqında iddia vasitəsilə Cavabdeh 17 dekabr 2021-ci il tarixli 30 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh xx.xx.2021-ci il tarixli inzibati aktı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmiş, inzibati icraat açmamış, inzibati icraat barədə iddiaçıya məlumat verməyərək onun icraatda iştirakını təmin etməmiş, inzibati aktı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında iddiaçıya məlumat verməmiş, iddiaçının mülahizələrini dinləməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçı həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməmiş, icraatla bağlı məlumat almaq hüququnu pozmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Azərəbaycan Respublikasının Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Nərimanov Bələdiyyəsinin işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 14 saylı iclas protokolundan çıxarışda əsasən müəyyən olunur ki, həmin bələdiyyə iclasında aşağıdakılar qərara alınmışdır

1. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən mülkə görə mülk sahibi İddiaçı 2019-2020-2021-ci illər üçün Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən (faiz borcu ilə birlikdə) 1018 (bir min on səkkiz) manat əmlak borcu təşkil edir.

2. AR MPM-in 157.-160-cı maddələrinə əsasən yaranmış borcun qısa müddətdə tam şəkildə Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etmək məqsədilə qərar qəbul edilsin. Həmin protokola müvafiq olaraq cavabdeh tərəfindən eyni - 17 dekabr 2021ci il tarixdə qəbul olunmuş 30 nömrəili qərarda araşdırmalar zamanı aşağıdakı faktlar aşkar edildiyi göstərilir: - AR Vergi Məcəlləsinin 198.11, 200.1, 200.6 və 206.3-cü maddələrinə və AR Yerli (bələdiyyə) vergiləri və ödənişlər haqqında Qanunun 8-ci maddəsinin 8.0.1 və 8.0.2-ci bəndlərinə əsasən fiziki şəxslər mülkiyyətində olan mülkə görə ildə bir dəfə əmlak vergisini onların yerləşdiyi Bələdiyyə büddcəsinə ödəməlidir. - Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən mülkə görə mülk sahibi İddiaçı 2019-2020-2021-ci illər üçün Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən (faiz borcu ilə birlikdə) 1018 (bir min on səkkiz) manat əmlak vergi borcu yaranmışdır. -Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq əməlak vergi borcunu ödəyici vaxtında Nərimanov Bələdiyyəsinin büdcəsinə köçürməmişdir. -21 oktyabr 2005-ci il tarixli 1036-İİQ saylı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2 və 87-ci maddələrini rəhbər tutaraq Nərimanov Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 14 saylı protokoluna əsasən icrası məcbur olan akt qəbul olunmuşdur. -xx.xx.2021-ci il tarixli 03/408 nömrəli Tələbnamə ödəyiciyə təqdim olunmuş və 10 gün müddətində əmlak vergi borcunu nərimanov bələdiyyəsinin büdcəsinə köçürməsi tələb olunmuşdur. Əks halda “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.7-ci maddəsinə əsasən bələdiyyə tərəfindən İcra Şöbəsinə müraciət olunacaq. Lakin mülk sahibi İddiaçı qız əmlak vergi borcunu ödəməkdən imtina etmişdir Qərarda son nəticədə aşağıdakılar qərara alınmışdır:

1. Nərimanov Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən mülkə görə mülk sahibi İddiaçı 2019-2020- 2021-ci illər üçün Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən (faiz borcu ilə birlikdə) 1018 (bir min on səkkiz) manat əmlak vergi borcu tutularaq Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilsin.

2. Əmlak vergisi 10 gün müddətində Bakı şəhəri, nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin hesablaşma hesabına ödənilsin.”

Göründüyü kimi, cavabdeh bələdiyyyənin tədqiq olunan həm iclas protokolunun, həm də iddiaçının vergi məsuliyyətinə cəlb olulnmasını əks etdirən qərarında, birincisi, həmin bələdiyyə iclasında iştirak edən şəxslərin mövcudluğu, o cümlədən, vergi ödəyicisi olan iddiaçının iclasa dəvət edildiyi görünmür. Hər iki sənəd təkbəşaına bələdiyyə sədri tərəfindən imzalanıb möhürlənmişdir. Digər tərəfdən, qərarda iddiaçıya yazılı və şifahi xəbərdarlıqlar göndərildiyi qeyd olunsa da, onun vergi borcu barədə ona hər hansı bildiriş göndərildiyi də sübutlarla əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36-cı maddəsi nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 55-ci maddəsinə əsasən: 55.1. Kollegial inzibati orqanın iclasına onun bütün üzvləri dəvət olunur. 55.2. Kollegial inzibati orqan onun üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq şərtilə) iclasda iştirak etdiyi hallarda qərar qəbul etmək səlahiyyətinə malikdir. 55.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır. Həmin Qanunun 56-cı maddəsinə əsasən:

56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır.

Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının qeyd olunan tələblərinə riayət edildiyi (qərar qəbul olunarkən inzibati icraat kollegiyallıqla aparılmamış, iddiaçının iştirakı təmin ounmamış, qəbul oolunmuş qərar ona təqdim edilməmisi və s.) öz təsdiqini tapmır. Digər tərəfdən, maddi hüquq normaları baxımından da cavabdeh tərəfindən pozuntuya yol verilmişdir. Belə ki, Yerli (bələdiyyə) vergiləri və ödənişlər haqqında Qanunun 3.2-ci maddəsinə əsasən Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Həmin Qanunun 8.0.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi yerli vergilərə aiddir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə ilə aşağıdakılar 53-5.9-cu bəndləri ilə aşağıdakı qaydalar müəyyən olunmuşdur: “5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir.” Cavabdeh bələdiyyə orqanı tərəfindən sözügedən qanunvericiliyin qeyd olunan normaları çərçivəsində iddiaçının vergi borcu barədə akt tərtib olunduğu və bir nüsxəsinin ona təqdim olunduğu, sonuncunun həmin akta yazılı izahat və ya etiraz vermək hüququnun təmin olunduğu və s. müəyyən edilmir. Adıçəkilən Əsasnamənin 5.10-cu bəndinin imperativ tələbi isə nəzərdə tutur ki, bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Beləliklə də cavabdeh tərəfindən qərar qəbul olunarkən maddi və inzibati hüquq normalarının pozulduğu sübuta yetirilir. Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin edilərək mübahisələndirilən qərarın ləğv edilməsi faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticənin əsassızlığını və həqiqətə uyğun olmadığını, qərar qəbul olunarkən Konstitusiyanın və inzibati icraat haqqında hüquq normalarının pozulduğunu və düzgün tətbiq edilmədiyini mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6386/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6386/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar