Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1282/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-606/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş mətninin 9.1-ci maddəsinə əsasən 57 yaşından, yəni 15.04.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il təvəllüdlü olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazandığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ona 57 yaşdan (01.07.2017-ci il tarixədək qüvvədə olmuş qanunun tələblərinə əsasən) pensiya təyin edilməlidir. Çünki 1975-1978-ci illərdə hərbi xidmət dövrünə və 1975-2005-ci illəri əhatə edən əmək kitabçasına əsasən kişilərdən 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajlarını artıqlaması ilə toplamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş əlavənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi öz əksini tapmışdır. Bu əsasla iddiaçı ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 16.01.2020-ci il tarixdə rəsmi müraciət etsə də, bu günədək heç bir cavab almamış və iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 30 və 31-ci maddələri ilə qorunan hüquqları pozulub (poçt qəbzi əlavə olunur). Odur ki, hüquqlarının bərpası üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-606/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 15.04.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 16 yanvar 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsinə cavabdeh idarənin 03.02.2020-ci il tarixli, **********9 nömrəli məktubu ilə bildirilmişdir ki, ona pensiya təyin edilməsi üçün zəruri olan sənədlərin əslləri tam şəkildə idarəyə təqdim edildikdən sonra iddiaçının müraciətinə baxıla bilər. İddiaçı pensiya təyini üçün zəruri olan sənədləri tam şəkildə təqdim etmək əvəzinə birbaşa məhkəmədə iddia qaldırmışdır. İdarə, məlum məktubla (“güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının təxirə salınması haqqında”) iddiaçıya pensiya təyin etməkdən imtina etməyib, sadəcə olaraq “Əmək pensiyaları haqqında” qanunun 31.2-ci (“Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.”) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq zəruri sənədləri tələb edib. Bir sözlə, qanunvericiliyə əsasən cavabdeh idarənin iddiaçıdan sözügedən sənədlərin əsllərini tələb etmək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əsllərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdeh idarəyə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. Məhkəmə isə öz qərarında bu məktubu imtina kimi qəbul etmişdir. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının əmək kitabçasına əsasən onun işləmiş olduğu peşənin adı “elektrik qaynaqçısı” kimi qeyd edilmişdir. Məhkəmə isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 2 nömrəli Siyahısının XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-19906 kodu altında olan “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə istinad etmişdir. Peşələr arasında uyğunsuzluq olduğu açıq-aşkardır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci ildə doğulmuşdur, Cəlilabad rayonunda yaşayır. - НЗ № ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 14.11.1975-ci ildən 29.12.1978-ci ilədək hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivi tərəfindən 16 yanvar 2020-ci il tarixli, 6 saylı arayışdan görünür ki, Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan Oktyabr kolxozun müvafiq sənədlərinə əsasən, İddiaçı həmin kolxozda yerinə yetirilmiş min. adam günləri barədə aşağdakı qeydlər mövcuddur: 1979-cu ildə - 311 gün; 1980-ci ildə - 350 gün; 1981-cı ildə - 345 gün; 1982-ci ildə - 349 gün; 1983cu ildə - 311 gün; 1984-cı ildə - 336 gün; 1985-ci ildə - 339 gün; 1986-ci ildə-337 gün; 1987-ci ildə - 343 gün; 1988-ci ildə - 327 gün; 1989-cu ildə - 071 gün. Arayışda 1979- 1989-cu il dövr üçün tələb olunan min. adam günün - 240 gün olması göstərilmişdir. İşdə olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - 03.01.1975-ci il tarixdə pambıq zavodunda 4-cü dərəcəli motorçu vəzifəsinə işə qəbul olunmuş, 06.11.1975-ci ildə hərbi çağırış ilə əlaqədar işdən azad edilmiş; 01.12.1978-ci ildə həmin zavodda 4-cü dərəcəli motorçu vəzifəsinə işə qəbul olunmuş, 02.09.1979-cu ildə öz xahişi ilə işdən azad edilmiş; 01.05.1979-cu ildə Sabirabad rayon Oktyabr kolxozuna üzv qəbul olunmuş və 25.12.1989-cu il tarixdə öz xahişi ilə üzvlükdən işdən azad edilmiş; 01.02.1990-cu il tarixdə Hacıqabul rayonu Qazi-Məhəmməd Kommunal Müəssisəsinə elektroqaynaqçı vəzifəsinə qəbul edilmiş və 28.11.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli, 24 saylı cavab məktubundan və ona əlavə olunmuş əmrlərin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 01 fevral 1990-cu il tarixdə elektrik qaynaqçı vəzifəsinə qəbul olunmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 28 noyabr 2005-ci il tarixdə işdən azad edilmişdir. İddianın mümkünlüyünə dair: İlkin olaraq məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə bağlı cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi vəsatətə və apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Hər nə qədər cavabdeh inzibti orqan iddiaçıya imtina cavabının verilmədiyini, ondan ümumi və güzəştli iş stajını təsdiq edən sənədlərin tələb edildiyini, lakin iddiaçı tərəfindən həmin sənədlərin təqdim edilməsi əvəzinə birbaşa olaraq məhkəməyə müraciət edildiyini bildirsə də, iş materiallarında belə bir imtina məktubu mövcud deyil. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Qüvvədə olan qanunvericiliyin tələblərindən, həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və 01 yanvar 2006-cı il tarixədək sığorta illərinin hesablanması üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Qanunvericiliyin normalarına görə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan sığorta illərinin güzəştli olub-olmaması yoxlanılan zaman, güzəştli arayışın tələb edilməsi zəruri deyildir. Cavabdeh 03.02.2020-ci il tarixli, **********9 nömrəli məktubu ilə iddiaçının müraciətini cavablandırdığını bildirsə də, həmin müraciətin surəti məhkəməyə təqdim olunmamışdır. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən iddiaçının 28.01.2020-ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq yazılmış məktub təqdim etmişdir ki, həmin məktub imzasızdır, həmçinin cavabdehin qeyd etdiyi 03.02.2020-ci il tarixli məktub olub-olmaması, iddiaçıya təqdim edilib-edilməməsi də müəyyən edilmir. İddianın mahiyyətinə dair: “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletindən görünür ki, iddiaçı 14.11.1975-ci il tarixdən 29.12.1978-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 3 il 01 ay 15 gün təşkil edən xidmət illəri, iddiaçının ümumi stajına daxil edilməlidir. İddiaçının 01.05.1979-25.12.1989-cu illərdə Sabirabad rayon “Oktyabr” kolxozunda kolxozçu işlədiyi dövr Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 yanvar 2020-ci il tarixli, 06 saylı arxiv arayışında öz təsdiqini tapmış və cavabdeh həmin arayışın mötəbərliyini mübahisələndirməmişdir. Həmçinin arxiv arayışında minimum əmək günü norması və iddiaçının işlədiyi faktiki əmək günləri qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1979-1989-cu illər üzrə minimum əmək günü norması 240 olmuşdur. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. “SSRİ vətəndaşlarının pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 yanvar 2020-ci il tarixli, 06 saylı arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, tələb olunan minimum əmək iştirakı norması 1979-1989-cu illərdə 240 olmuşdur. Buna qarşılıq iddiaçı 1979-cu ildə - 311 gün; 1980-ci ildə - 350 gün; 1981-cı ildə - 345 gün; 1982-ci ildə - 349 gün; 1983-cu ildə - 311 gün; 1984-cı ildə - 336 gün; 1985-ci ildə - 339 gün; 1986-cı ildə - 337 gün; 1987-ci ildə - 343 gün; 1988-ci ildə - 327 gün; 1989-cu ildə - 071 gün işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasının ödənilməsi yalnız 1979-1988-ci dövrlər üzrə olmuşdur. 1989-cu ildə isə, o, minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin ilin iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir 71 x 12 = 852/ 240 = 3,55 ay (≈ 4 ay, 05 gün). Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1979-1989-cu illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 10 il, 04 ay, 05 gün iş stajına malik olduğu müəyyən edilir. SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin “a” bəndinə görə əmək kitabçası, “q” bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Bundan başqa, əmək kitabçasından görünür ki, İddiaçı 03.01.1975-06.11.1975-ci və 01.12.1978-02.09.1979-cu dövr üzrə pambıq zavodunda 4-cü dərəcəli motorçu vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda motorçu göstərilsə də, pambıq sahəsi üzrə motorçu peşəsi zərərli iş kimi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının motorçu peşəsində işlədiyi 1 il 07 ay 04 günü ümumi əmək stajına daxil edilməlidir. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının 01.01.2006-cı il tarixədək 29 il 01 ay 25 gün (3 il 01 ay 15 gün + 10 il, 04 ay, 05 gün + 01il 07 ay 04 gün + 15 il 09 ay 28 gün) ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının 01.02.1990- 28.11.2005-ci il tarixədək işlədiyi peşə Hacıqabul rayonu Qazi-Məhəmməd Kommunal Müəssisəsində elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda - XXXİİİ. Ümumi peşələr.bölməsində 23200000-19906 kodu altında əl ilə elektrik qaynaqçısı zərəli iş kimi nəzərdə tutulmuşdur. Cavabdeh apellyasiya şikayətində iddiaçının işləmiş olduğu peşənin adının “elektrik qaynaqçısı” kimi qeyd edildiyini, lakin NK-nın qərarında göstərilmiş və məhkəmənin istinad etdiyi peşənin isə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə istinad edilməsinin açıq-aşkar uyğunsuzluq olduğunu qeyd etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, NK-nın yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda ümumi peşələrdə elektrik qaynaqçıları iki halda nəzərdə tutulmuşdur. - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; - əl ilə qaynaq aparan elektrik qaynaqçıları; Hazırkı halda iddiaçı “elektrik qaynaqçısı” kimi Hacıqabul rayonu 2 nömrəli Mənzil İstismar Sahəsində çalışarkən işləmişdir. İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 82.1ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Yəni Mənzil İstismar Sahələri hər hansı zavod, iri istehsal müəssisəsi və s. olmadığından, Mənzil İstismar Sahələrində hər hansı avtomat və yarımavtomat maşınlarla elektrik qaynağı aparılmadığından, iddiaçının işlədiyi peşə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur və iddiaçının qanunla tələb olunan müddətdən artıq (15 il 09 ay 28 gün) güzəştli iş stajı olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 15 aprel 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə qərarının 16.01.2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləğini ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş və həmin poçt qəbzinə əsasən həmin müraciət 16.01.2020-ci il tarixdə cavabdeh inzibati orqana təqdim olunmuşdur. Belə olan halda iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 16.01.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi imzasız, nömrəsiz və tarixi qeyd olunmayan məktubda isə iddiaçının 28.01.2020-ci il tarixində daxil olmuş ərizəsinə cavab olaraq məktubun ünvanlandığı qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 15.04.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-606/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1282/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1282/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver