Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1282/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 qızının, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9855/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt İnzibati məhkəməsinə 17.07.2021-ci il tarixdə müraciət edərək “(COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il tarixli, 07 aprel 2020-ci il tarixli, 127 nömrəli Qərarına uyğun olaraq 190 manat verilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02.08.2021-ci il tarixli qərardadı ilə işə aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, koronovirus pandemiyası ilə əlaqədar dövlət tərəfindən aztəminatlı insanlara 190 manat verilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişlər, lakin Məşğulluq Agentliyinin 8 saylı ərazi idarəsi tərəfindən onlara əsassız olaraq imtina edilmiş və bildirilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya sistemindən əldə edilmiş məlumata görə pay torpağı vardır. İddiaçı2 isə ümumi sözlərlə bildirilmişdir ki, o, aztəminatlı sayılmır. Səbəbi izah edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 isə bildirilib ki, İddiaçı2 torpaq mülkiyyətçisi olduğuna görə, dövlət orqanlarının, təşkilatların və digər qurumların elektron informasiya ehtiyatlarından və sistemlərindən alınmış məlumatlara əsasən aztəminatlı sayılmadığına görə İddiaçı1 birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. X7 və onun 8 saylı Ərazi Məşğulluq Mərkəzinin imtina məktubları bir-birini təkzib edir. İddiaçı1 və İddiaçı2 2016-cı ildən ayrı-təsərrüfatlardır, heç bir mülkiyyəti – torpaq, ev, maşın, malqara, toyuq-cücələri yoxdur, işsizdirlər. İddiaçı1 subaydır, cəbhə bölgəsində, müharibə xəttində olmuşdur, Vətən Müharibəsi iştirakçısıdır, dövlət orqanları və digər təşkilatlarda işləməmiş, işsiz kimi Ərazi Məşğulluq Mərkəzində qeydiyyatdadır, hələ də dövlət tərəfindən iş, həyətyanı torpaq, sosial ev və mal-qara ilə təmin olunmamışdır. İddiaçı2 2015-ci ildən ailəlidir, iki azyaşlı övladı var, həyat yoldaşı və özü heç bir yerdə işləmir, sosial yardım və digər müavinətlər almırlar. X11 və kiçik qardaşları Sabirli Hacıqulu uşaqlıqdan əlildirlər. Hər ikisinin çöl pay torpaqları isə 24.04.2014-cü ildə notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında satılmışdır. Həmin hüquqların sistemdə qeydə alınmaması onların təqsiri üzündən baş vermədiyinə görə imtinanı əsassız hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2-ci bəndində (Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir) nəzərdə tutulan və 27.04.2020-ci il tarixədək MAS-da işsiz kimi qeydiyyatı olan şəxslərə ödənilir. Həmin Qaydaların 3.8-ci bəndində göstərildiyi kimi birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılır. Yuxarıda qeyd olunan informasiya ehtiyatlarından əldə olunmuş məlumatlara görə İddiaçı1 dair anket 21.04.2020-ci il tarixində təsdiqlənmişdir və o zamandan etibarən hazırki dövrə qədər şəxsin “Məşğulluq” altsistemində anketində statusu “İşaxtaran” müəyyən olunmuşdur. Əlavə olaraq İddiaçı2 birdəfəlik ödənişin verilməsindən imtina müvafiq internet informasiya resurslarından alınmış məlumatlara əsasən onun adına pay torpağı olduğunun təsbit edilməsi olmuşdur. Qeyd olunanlarla əlaqədar birgə iddiaçılar İddiaçı1 Canahgir oğlu və İddiaçı2 190 manat birdəfəlik ödəniş almaq hüququ yaranmamış və müvafiq olaraq da ödənməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavahdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar birdəfəlik ödəmənin təyin edilməsi və keçmiş müddət üzrə yaranmış borcun ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrıayrılıqda xüsusi karantin rejiminin tətbiq olunduğu 3 aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi öhdəliyinin qoyulması” iddiası üzrə 2-1(112)-9855/2021 nömrəli inzibati işindən İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi öhdəliyinin qoyulması” üzrə icraat ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9855/2021 saylı, 10 dekabr 2021-ci il qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı1 xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ildə 3 (üç) ay üzrə 190 manat olmaqla cəmi 570 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9855/2021 saylı, 10 dekabr 2021-ci il qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin maddi normaların tələblərinipozmaqla qəbul etdiyi qərar əsassız və qanunsuz olduğundan ləğv edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD- 19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər PlanTnın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X8 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı (bundan sonra -Qərar) ilə "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası" təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Qərarla təsdiq edilmiş Qaydanın 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Həmin sistemlərdən əldə olunmuş məlumatlar insan faktoru olmadan avtomatlaşdırılmış şəkildə emal olunaraq, hüququ müəyyən edilmiş işsiz şəxslərə birdəfəlik ödəmələr üzrə təyinatlar aparılmışdır. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9855/2021 saylı, 10 dekabr 2021-ci il tarixli tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsini satmasına baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrində torpaq mülkiyyətçisi qeydinin qalması onun məsuliyyət dairəsinə daxil deyil və reyestr məlumatındakı həmin yanlışlığa görə məsuliyyət yükünün vətəndaşın üzərinə qoyulması cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmiş qalar və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuş olar. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 “Məşğulluq” altsistemində statusunun “işaxtaran” müəyyən olunması onun “işsiz” statusunu istisna etmir və qeyd edilən formal yanaşma qanunvericinin məqsədinə uyğun olmamaqla mütənasiblik prinsipinə uyğun deyil, bu əsasla verilmiş imtina qanunazidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir. Həmin qərarın 2-1-ci bəndinə əsasən, birdəfəlik ödəmə cari ilin aprel və may ayları üçün ödənilir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2-ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1- 2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - (2.4-cü bənd) Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. X15 Məhkəməsinin presedent hüququna əsasən: -İqtisadi və ya sosial strategiyanın ümumi tədbirlərinə gəldikdə, adətən Konvensiyaya uyğun olaraq dövlətə geniş qiymətləndirmə marjasına icazə verilir. Öz cəmiyyətləri və onun ehtiyacları haqqında bilavasitə məlumatlarına görə, milli hakimiyyət orqanları sosial və ya iqtisadi əsaslarla ictimai maraqlara uyğun olanı qiymətləndirmək üçün prinsipcə beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər və Məhkəmə qanunverici orqanın siyasət seçiminə “açıq-aşkar ağlabatan əsassız” deyilsə hörmətlə yanaşacaq. Daha ümumi dillə desək, Məhkəmə belə hesab etmişdir ki, Konvensiyanın müddəaları Razılığa gələn Dövlətlərə qanunvericilik tədbirləri vasitəsilə müəyyən kateqoriya və ya şəxslər qrupuna digərlərindən fərqli münasibət göstərən ümumi siyasət sxemlərini tətbiq etməyə mane olmur, bu şərtlə ki, qanunla müəyyən edilmiş kateqoriya və ya qrupun hüquqlarına müdaxilə Konvensiyaya əsasən əsaslandırıla bilər (Andrejeva Latviyaya qarşı [GC], № 55707/00, § 83, AİHM 2009 və JD və A Birləşmiş Krallıqa qarşı, n. 32949/17 və 34614/17, § 88, 24 oktyabr 2019-cu il və orada göstərilən hallar); -Xüsusilə, Məhkəmə bir daha vurğulayır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Razılığa gələn Dövlətin hər hansı sosial təminat sxeminin tətbiq edilibedilməməsi, yaxud müavinətlərin növünü və ya məbləğini seçmək azadlığına heç bir məhdudiyyət qoymur (hər hansı bir belə sxem əsasında təmin etmək). Bununla belə, Razılığa gələn Dövlətin sosial müavinət hüququ kimi ödənilməsini nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu qanunvericilik onun tələblərini təmin edən şəxslər üçün 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyət marağı yaradan hesab edilməlidir (Šaltınytė Litvaya qarşı iş § 58); -Bundan başqa, ərizəçinin Konvensiyanın 14-cü maddəsi ilə əhatə olunan ayrıseçkilik əsasına görə müəyyən müavinətdən tam və ya qismən məhrum edilməsi ilə bağlı işlərdə müvafiq test ərizəçinin bu hüquqa malik olub-olmamasıdır, yəni şikayət edilən hal olmasaydı, sözügedən müavinəti almaq üçün daxili qanunvericiliyə uyğun olaraq icra edilə bilən hüquqa malikdirmi? Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsinə hər hansı növ sosial təminat ödənişi almaq hüququ daxil deyil, əgər dövlət müavinətlər sistemi yaratmaq qərarına gələrsə, bunu Konvensiyanın 14-cü maddəsinə uyğun şəkildə etməlidir (Šaltınytė Litvaya qarşı iş § 59). Məhkəmə kollegiyası qeyd edir ki, 21.06.2014-cü il tarixli Daşınmaz əmlakın alqısatqısı müqaviləsinə əsasən “Satıcılar” X4, X5, İddiaçı1 (iddiaçı), İddiaçı2 bir tərəfdən olmaqla Ağsu rayonunun Muradlı kəndində yerləşən 2,9559 ha torpaq sahəsini satmışlar. Odur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsini satmasına baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrində torpaq mülkiyyətçisi qeydinin qalması onun məsuliyyət dairəsinə daxil deyildir Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı iş üzrə mübahisə predmeti olan dövrdə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə almaq hüququna malik şəxs olduğundan, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına torpaq sahəsinin olması əsası ilə cavabdeh tərəfindən edilən imtina əsassız olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasınının 38-ci maddəsində təsbit olunan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1512/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9855/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1282/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1282/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver