Məhkəmə qərarları › İş №2-1(103)-1282/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1282/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1282/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 oğlunun sədrliyi və məruzəsi ilə, ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əvvəlki 3 il üçün verilməmiş müavinətin hesablanaraq verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11328/2022 saylı, 10 noyabr 2022-ci il il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya pensiya (oğlunun vəfatına görə) təyin edildiyi tarixdən əvvəlki 3 il üçün verilməmiş müavinətin hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 uzun müddət Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etmiş, rütbəsi kapitan olmuş, xx.xx.2009-cu il tarixində vəzifə başında olarkən travmatik şok səbəbindən dünyasını dəyişmişdir. Qanunvericiliyə müvafiq dəyişiklik edildiyi üçün valideyni olaraq oğlunun ailə başçısını itirməsinə görə ona da pensiya təyin edilmişdir. 13 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından ona bildirildi ki, mövcud qanunvericiliyə əsasən oğluna görə ödənilən pensiyanın vaxtında ödənilməmiş 3 (üç) il üçün hissəsini ala bilər və bununla əlaqədar ərizə ilə müraciət etməlidir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və ona pensiya təyin edildiyi tarixdən əvvəlki 3 il üçün verilməmiş müavinətin hesablanaraq verilməsini xahiş etmişdir. Lakin, cavabdeh ona xx.xx.2022-ci il tarixli, **********9 saylı cavab məktubu ilə, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi filialı ödənilməli olan hər hansı borc məbləğinin olmadığı əsas gətirərək imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçı 14 mart 2022ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət edib. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 8 aprel 2022-ci il tarixli, **********1 nömrəli məktubunda ona yaşa görə əmək pensiyasının 31 mart 2022-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq, 1 aprel 2022-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya mərhum oğlu X4 təminat xərcliyinin (1899,40 manat) 35 faizi - 664,79 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11328/2022 saylı, 10 noyabr 2022-ci il il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə işə birtərəfli, obyektiv baxmayaraq iddiaçının əsaslı iddia tələbini təmin etməməklə qanunsuz və əsassız imtinanın qüvvədə qalmağına şərait yaratmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz verilərək İddiaçı apellyasiya şikayətinin təmin olunmaması və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-11328/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 14 mart 2022-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət edib. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 8 aprel 2022-ci il tarixli, **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 31 mart 2022-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Nəticədə, 1 aprel 2022-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya mərhum oğlunun təminat xərcliyinin (1899,40 manat) 35 faizi - 664,79 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11328/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməklə, onun mərhum oğlu X3 tutduğu vəzifənin hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla, 01 aprel 2022-ci il tarixdən, yəni ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının təyin edilməsindən əvvəlki üç il üçün ona əvvəllər təyin olunmuş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası arasında yaranmış fərqin ödənilməsi barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə tələbinin təmin olunmasından imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək iddia ərizəsinə dəqiqləşmə vermiş və ərizəsində təyin edilmiş pensiyalar arasında fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1954-cü ildə Salyan rayonunda anadan olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarının və iddiaçının pensiya işinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən X3 ölümü ilə əlaqədar 308 nömrəli Məlumat Vərəqi doldurulub Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. X8 əsasən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası 1 aprel 2022-ci il tarixdən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən mərhum oğlu X3 təminat xərcliyinin (1043,80 manat) 80 faizi - 664,79 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. İnzibati işin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixədək 268,62 manat məbləğində yaşa görə pensiya ödənilmişdir. 1 aprel 2022-ci il tarixdən mərhum oğlu X3 təminat xərcliyinin (1043,80 manat) 80 faizi - 664,79 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. xx.xx.2022-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, sonuncu yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə tələbinin təmin olunmasından imtina etmişdir. Məhkəmə cavabdehin bu imtinasını qanunsuz hesab edir və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır (1 iyul 2020 – 30 iyun 2021 tarixə qadınlar üzrə pensiya yaşı 62 yaşdır). - 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. - 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. - 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. - 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. -32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Beləliklə, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək pensiyası şəxsin onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçı yaşa görə pensiya almış, sonradan cavabdeh inzibati orqana müraciət edərək ailə başçısını itirməyə görə pensiyanın ona təyin olunmasını xahiş etmişdir, yəni bir pensiya növündən digər pensiya növünə keçmişdir. İddiaçıya ilk dəfə pensiya təyin olunan vaxtı (yaşa görə) onun ailə başçısını itirməyə görə pensiya (daha artıq məbləğdə) almaq hüququ artıq yaranmış, lakin sonuncu həmin hüquqdan həmin vaxt istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya növünə keçidlə bağlı müraciət edən zaman əvvəlki dövr üçün fərq məbləğini tələb etməkdə haqlı olmuş və cavabdehin bunun qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə ona imtina etməsi qanunsuz olmuş, birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan hallarına lazımi diqqət yetirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğuna görə təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11328/2022 saylı, 10 noyabr 2022-ci il il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11328/2022 saylı, 10 noyabr 2022-ci il il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci ildən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin xx.xx.2022-ci ildən əvvəlki 3 il üçün hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar