Məhkəmə qərarları › İş №2-1(103)-1283/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1283/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1283/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X12 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, X1 iştirakları ilə, X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı e-2-1(81)- 3333/2019 saylı iş üzrə iddianın mümkünlük məsələsinə baxılmasına dair 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(81)-3333/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli iddianın mümkün sayılmaması barədə qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı elektron qaydada iddia ərizəsi ilə aydın olmayan tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində onun işdən çıxarılması ilə bağlı qəbul edilmiş məhkəmə aktlarından narazı olduğu üçün Azərbaycan Respublikası Prezidentinə və digər qurumlara müraciət etdiyini bildirmiş və onun 2014-cü ildən işsiz qalmasına səbəb olmuş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi yardımetmə vəzifəsini icra edərək iddiaçıya xx xxxxxx 2019-cu il tarixli məktub ünvanlayaraq iddiaçıya izah etmişdir ki, elektron qaydada daxil olmuş ərizəsində ümumiyyətlə iddia tələbi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə cavab verən (cavabdeh orqanın adı, ünvanı, iddia tələbi dəqiq və aydın göstərilməklə, iddianın növünün İPM-nin 2-ci maddəsində göstərilən iddia növlərinə uyğunlaşdırmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi təqdirdə, iddiasına baxıla bilər. İddiaçıya vaxt təyin edilmiş, əks təqdirdə iddianın mümkünlüyü məsələsinə baxılacağı bildirilmişdir. Lakin təyin edilən müddət bitdikdən sonra iddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilmiş iddia ərizəsi təqdim olunmadığından iddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx xxxxxxxx 2019-cu il tarixə təyin edilmişdir. Həmin iclasa iddiaçı gəlmədiyindən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Etiraza görə, aparılmış xidməti təhqiqat nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixdən X4 katibliyinin operatoru vəzifəsindən azad edilərək Kriminalistika şöbəsinin kiçik inspektoru vəzifəsinə təyin edilən Sevinc Əzizova mütəmadi olaraq üzərinə düşən vəzifələrin icrasından yayınmış, 2012-ci ilin noyabr ayından etibarən yenidən özbaşına İdarənin katibliyinə qayıdaraq Katibliyin rəisi Jalə Quliyevanın işinə müdaxilə etmişdir. Həmçinin polis baş serjantı Sevic Əzizovanın idarə və şöbə rəhbərliyinin tələblərinə məhəl qoymayaraq polis geyim formasını daşımaqdan imtina etməsi, mütəmadi işə gecikməsi, üzürsüz səbəbdən xidmətdən yayınması, iş yoldaşları ilə münasibətdə qeyri-etik hərəkətlərə yol verməsi, xidməti peşə hazırlığı dərslərində iştirak etməməsi ilə bağlı intizam məsuliyyətinə cəlb edilməsinə və dəfələrlə xəbərdar olunmasına baxmayaraq hərəkətlərini davam etdirməsi ilə əlaqədar xx.xx.2014-cü il tarixdə onun hərəkətləri X6 müzakirə olunaraq daxili işlər orqanlarından xidmətdən xaric edilməyə layiq olması barədə qərar qəbul edilsə də, S.Əzizova idarə rəhbərliyi tərəfindən ciddi xəbərdar olunmaqla kifayətlənərək tərtib edilmiş attestasiya vərəqi X5 göndərilməmişdir. Bundan əlavə polis baş serjantı Sevinc Əzizova xx.xx.2014-cü il tarixdə İdarə rəisi Gündüz Sadıxovun xidməti otağına daxil olaraq ona maddi yardım göstərilməsi barədə nazir müavininə ünvanladığı raporta imza etməsini tələb etmiş, ona hüquq və vəzifələri izah edildikdə tabesizlik göstərərək nalayiq ifadələrlə səs-küy salıb İdarə rəisinin xidməti otağını tərk etməkdən imtina edərək iş rejimini pozmuşdur. Kiçik inspektor Sevinc Əzizovanın bu hərəkətləri aktlaşdırılıb həmin tarixdə Kriminalistika şöbəsinin iclasında müzakirə edilmiş və onun növbədənkənar attestasiyadan keçirilməsi üçün KTİ-nin X8 müraciət edilməsi haqda qərar qəbul olunmuşdur, 2 ay müddətində hərəkətlərində dönüş yaratmayacağı təqdirdə xx.xx.2014-cü il tarixdə X2 xidmətdə qalıb-qalmaması məsələsinə baxılması barədə YAKın sədri, idarənin rəis müavini Rövşən Bayramova göstəriş verilmişdir. Lakin polis baş serjantı Sevinc Əzizova rəhbərliyin iradlarını səmimi qəbul edib fəaliyyətində dönüş yaratmaq əvəzinə xx.xx.2014-cü il tarixdə KTİ-nin rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalması və ona maddi yardım göstərilməsindən imtina edilməsi barədə DİN-in rəhbərliyinə həqiqətəuyğun olmayan məzmunda müraciət etmişdir. Polis baş serjantı Sevic Əzizovanın müraciətində göstərilən xüsusatlar araşdırılarkən müəyyən edilmişdir ki, 2011-ci ildən etibarən hər il ona maddi yardım göstərilmiş, eyni zamanda müalicə olunması ilə əlaqədar pul müavinəti ilə də təmin edilmişdir. Rəhbərlik tərəfindən mənfi xarakterizə olunan S.Əzizova xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutaraq yol verdiyi qəbahətləri təkzib etmişdir. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin 1, 2, 9, 14, 17 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsinin ” 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin tələblərini pozaraq mütəmadi olaraq üzərinə düşən vəzifələrin icrasından yayınaraq katibliyin işinə müdaxilə etdiyinə, idarə və şöbə rəhbərliyinin tələblərinə məhəl qoymayaraq polis geyim formasını daşımaqdan imtina etdiyinə, üzürsüz səbəbdən xidmətdən yayındığına və işə gecikdiyinə, iş yoldaşları ilə münasibətdə qeyri-etik hərəkətlərə yol verdiyinə, xidməti peşə hazırlığı dərslərində iştirak etmədiyinə, xx.xx.2014cü il tarixdə İdarə rəisi Gündüz Sadıxovun xidməti otağında intizamsızlıq göstərərək idarə rəisinin xidməti otağını tərk etməkdən imtina etdiyinə, yol verdiyi qəbahətlərə görə rəhbərliyin irad və tənqidini qərəzli mövqe kimi qəbul edərək fəaliyyətində əsaslı dönüş yaratmaq əvəzinə İdarə rəhbərliyinin barəsində DİN-in rəhbərliyinə bilərəkdən qərəzli və həqiqətəuyğun olmayan məzmunda şikayət etdiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, xidməti təhqiqat prosesində qeyrisəmimilik göstərərək yol verdiyi qəbahətləri təkzib etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in KTİ-nin Kriminalistika şöbəsinin kiçik inspektoru polis baş serjantı X11 “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən DİN-in xx.xx.2014-cü il tarixli Ə746-001-14 nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Bununla yanaşı S.Əzizova DİN-ə qarşı işdən azad olunma barədə əmrin ona aid hissəsinin ləğv olunması barədə 2 saylı Bakı inzibati-lqtisad Məhkəməsinə müraciət etsə də, sonuncunun iddiasının təmin olunmaması barədə xx.xx.2016-cı il tarixli qərardad qəbul olunmuş, 1-ci instansiya məhkəməsindən verdiyi apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, eləcə də Bakı Apellyasiya Məhkəməsindən verdiyi kassasiya şikayətinə Ali Məhkəmədə baxılaraq məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli e-2-1(81)- 3333/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Xaliq İmanov tərəfindən xx xxxxxxx 2018-ci il tarixli proses vaxtı bildirdiyi qərarı rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının Bakı Apellyasiya Məhkəməsinə elektron qaydada daxil olmuş apellyasiya şikayətində iddiaçının mübahisələndirdiyi qərardadın nömrəsi və tarixi səhv göstərildiyindən, həmçinin tələbi aydın göstərilmədiyindən məhkəmə tərəfindən Azərbqaycan Respublikası İPM-nin 13-cü maddəsinə təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddiaçıya apellyasiya şikayətinə düzəliş edilməsi təklif olunmuşdur. İddiaçı apellyasiya məhkəməsinə xx xxx 2020-ci il tarixdə mübahisələndirilən e-2- 1(81)-3333/19 saylı xx.xx.2019-cu il tarixli qərarından elektron qaydada apellyasiya şikayəti göndərmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya mümkün sayılmış və məhkəmə baxışı xx xxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verib apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırki iddia ərizəsində qeyd olunan tələblərə eiayət edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Bundan başqa həmin qərarda qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, qanunverici məcburetmə və öhdəliyin icrası haqqında iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi barədə nə birinci instansiya məhkəməsinə, nə də iddia tələbinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsində baxılarkən hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa nə iddia ərizəsində, nə də apellyasiya şikayətində qanunvericiliyin forma və tələblərinə riayət edilməmiş, apellyasiya şikayətində ləğvi tələb olunan qərardadla hazırki inzibati işlə hər hansı əlaqəsi olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddiaərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3333/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(81)-3333/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar