Məhkəmə qərarları › İş №2-1(103)-1283/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1283/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1283/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində Əli-Bayramlı rayonunun Cəngən kəndində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Sabirabad rayonu, Cəngən kəndi) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-603/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 31.01.2020-ci il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş mətninin 9.1-ci maddəsinə əsasən 57 yaşından, yəni 14.11.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il təvəllüdlü olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazandığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ona 57 yaşdan (01.07.2017-ci il tarixədək qüvvədə olmuş qanunun tələblərinə əsasən) pensiya təyin edilməlidir. Çünki 1977-1979-cu illərdə hərbi xidmət dövrünə və 1974-2005-ci illəri əhatə edən əmək kitabçasına əsasən kişilərdən 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajlarını artıqlaması ilə toplamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş əlavənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi öz əksini tapmışdır. Bu əsasla iddiaçı ƏƏSMN yanında DSMF-nın Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 16.01.2020-ci il tarixdə rəsmi müraciət etsə də, bu günədək heç bir cavab almamış və iddiaçının “Əmək pensiyaları haqqında” Qanununun 30 və 31-ci maddələri ilə qorunan hüquqları pozulub (poçt qəbzi əlavə olunur) Odur ki, hüquqlarının bərpası üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-603/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia tələbi qismən təmin edilmiş, İddiaçı iddiasının qismən təmin edilməsi, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 14.11.2015ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 16 yanvar 2017ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-603/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin rədd olunmuş hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçının ərizəsinə cavabdeh idarənin 28.01.2020-ci il tarixli, **********5 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona pensiya təyin edilməsi üçün zəruri olan sənədlərin əslləri tam şəkildə İdarəyə təqdim edildikdən sonra iddiaçının müraciətinə baxıla bilər. İddiaçı, pensiya təyini üçün zəruri olan sənədləri tam şəkildə təqdim etmək əvəzinə birbaşa məhkəmədə iddia qaldırmışdır. İdarə, məlum məktubla (“güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının təxirə salınması haqqında”) İddiaçıya pensiya təyin etməkdən imtina etməyib, sadəcə olaraq “Əmək pensiyaları haqqında” qanunun 31.2-ci (“Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.”) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq zəruri sənədləri tələb edib. Bir sözlə, qanunvericiliyə əsasən cavabdeh İdarənin iddiaçıdan sözügedən sənədlərin əsllərini tələb etmək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əsllərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdeh idarəyə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mümkünlük şərtləri ilə bağlı qeyd etmişdir ki, “Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş məktub imtina məktubu kimi qiymətləndirilməlidir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. İş materiallarında olan: - ИТ-İ seriyalı, ******* nömrəli, 28.10.1985-ci ildə açılmış əmək kitabçasının surətinə əsasən iddiaçının 25.05.1974-cu il tarixdə Sabirabad rayon “Oktyabr” kolxozuna üzv qəbul olunması (əmr №05) və 28.10.1985-ci il tarixdə öz xahişi ilə üzvlükdən işdən azad edilməsi (əmr №10); 09.01.1986-cı il tarixdə Hacıqabul rayonu Qazı- Məhəmməd Kommunal Müəssisəsinə elektrik qaynaqçı vəzifəsinə qəbul edilməsi (əmr №3) və 28.04.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilməsi (əmr №14) qeyd edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sabirabad rayon Dövlət Arxivinin 07.05.2020-ci il tarixli, 32 nömrəli arxiv arayışına (müdir İ.Y.Abasov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan Oktyabr kolxozunun müvafiq sənədlərinə əsasən həmin kolxozda işləməsi barədə qeydlər vardır, 1974-Namik; 1975-Namit; 1977-Namik; 1979-Namit; 1981-Namik. - Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş 03.02.2020-ci il tarixli, **********5 nömrəli güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim edilməsi haqqında məktuba (idarə rəisi Z.Mirzəyev tərəfindən imzalanmışdır, 28.01.2020-ci il tarixli ərizəyə cavab) əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 887 nömrəli, 23.07.2021-ci il tarixli məktuba (rəis polkovnik V.Mirzəyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, 1958-ci il təvəllüdlü Sabirabad rayonu, Muğangəncəli kəndində qeydiyyatda olan İddiaçı 22.05.1977-ci il tarixdən 23.05.1979-cu il tarixədək keçmiş SSSR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 22.05.1977-ci il tarixdə NZ seriyalı, ******* nömrəli hərbi bilet keçmiş Azərbaycan Respublikası Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən vətəndaşa təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından müəyyən edilir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, İdarə tərəfindən iddiaçıya ünvanlanmış 03.02.2020-ci il tarixli məktubla (Güzəşli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim edilməsi haqqında) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxılacağı qeyd edilmişdir. Göründüyü kimi cavabdeh İdarə tərəfindən iddiaçının müraciətinə cavab olaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtina edilməmiş, ona müvafiq sənədlərin – şəxsiyyətini təsdiq edən, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının və s. əsllərinin təqdim edilməsindən sonra müraciətinə baxıla biləcəyi bildirilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtina cavabı verilmədiyindən, dolayısıyla iddiaçının hüquqları cavabdeh tərəfindən pozulmadığından iddiaçının hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməməlidir. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2- 1(112)-603/2021 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)- 603/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş mətninin 9.1-ci maddəsinə əsasən 57 yaşından, yəni 14.11.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəyə ödənilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar