Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1283/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı məlumatın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10017/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, 01 sentyabr 1995-ci il tarixdən 04 yanvar 1999cu il tarixinədək “Rüfət-İZ” firmasında tərcüməçi vəzifəsində işləməyi nəzərə alınaraq, həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi, eləcə də bu barədə iddiaçıya, həmçinin X5 Güvenlik Kurumu Başkanlığı X6 X1 və Emeklilik Daire Başkanlığına müvafiq məlumat verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 01 sentyabr 1995-ci il tarixdən 04 yanvar 1999-cu il tarixinədək “Rüfət-İZ” firmasında tərcüməçi vəzifəsində işləmişdir. İddiaçı 22 iyul 2005-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı ilə ailə qurmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X3 X9 Başkanlığı X6 Müdürlüğü Yurtdışı Sözləşmələr və Emeklilik Daire Başkanlığına ünvanladığı 05 sentyabr 2020-ci il tarixli məktubda İddiaçı 01.09.1995- 04.01.1999-cu illər ərzində Azərbaycan Respublikasında işləmiş olduğu müəssisənin sənədlərinin dövlət arxivinə təqdim olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Halbuki, iddiaçı göstərilən müddətlərdə “Rüfət- İZ” firmasında işləmişdir və bu barədə iddiaçıya məxsus əmək Kitabçasında da müvafiq qeyd vardır. İddiaçı tərəfindən 26 iyul 2021-ci il tarixli müvafiq ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə müraciət edərək, 01 sentyabr 1995-ci il tarixdən 04 yanvar 1999-cu il tarixinədək “Rüfət-İZ” firmasında tərcüməçi vəzifəsində işləməyi nəzərə alınaraq, həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsini, eləcə də bu barədə iddiaçıya, həmçinin X5 Güvenlik Kurumu Başkanlığı X6 Hizmetlerinə müvafiq məlumatın verilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinin 28 iyul 2021-ci il tarixdə cavabdeh quruma çatdırılmasına baxmayaraq, müraciətinə hər hansı bir cavab verilməmiş, beləliklə də əsassız olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10017 /2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10017 /2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən gəldiyi nəticəni düzgün əsaslandırmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mükünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına və Azərbaycan Respublikası İPM-nin 46.1, 46.3-cü maddələrinə istinad edərək, qəbul etdiyi qərardadda konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı müəyyən etmək üçün iddiaçının hüquqi marağını təsdiq edən sübutlar təqdim edilmədiyi göstərilmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı tərəfindən həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 07.12.2021-ci il tarixli vəkilin sorğusuna cavabı, həmçinin Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin vəkil sorğusuna cavabı da məhkəməyə təqdim edilmişdir. Sözügedən sorğulara cavab məktublarından da görünür ki, “Rüfət-İZ” firmasının 11.11.1994-cü ildə 18858 nömrə ilə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının AK.Ş.Əzizbəyov küçəsi, ev 176, mənzil 15 olması barədə məlumatın mövcudluğu qeyd edilmişdir. Qəbul edilmiş məhkəmə qərardadında ümumiyyətlə adıçəkilən sübutlara istinad edilməmiş, həmçinin düzgün olmayan nəticəyə gəlinmişdir. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən X5 Güvenlik Kurumu Başkanlığı X6 X2 və Emeklilik Dairə Başkanlığına düzgün olmayan məlumat verilmişdir. Əgər cavabdeh orqanın Türkiyə Respublikasının müvafiq qurumuna göndərdiyi məlumat iddiaçının "hüquqi marağına” xidmət etməsəydi, onda ümumiyyətlə hər hansı bir məlumat göndərilməzdi. Məlumatın göndərilməsi birbaşa təsdiq edir ki, həmin məlumat bilavasitə onun ”hüquqi marağına” xidmət edir. Məhkəmə tərəfindən qeyd edilən hallara düzgün hüquqi qiymət verilməmiş və əsassız olaraq iddia tələbi mümkün sayılmamışdır. Odur ki, məhkəmənin 20 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və iddiaya mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı müəyyən etmək üçün iddiaçının hüquqi marağını təsdiq edən sübutlar təqdim edilməmişdir, iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilsə də, iddia tələbi dəqiqləşdirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçının tələbi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə yönəlməklə 2 hissədən ibarətdir. Tələbin birinci hissəsi iddiaçının 1995-1999-cu illərin dövründə “Rüfət-İZ” firmasında işlədiyi iş stajının sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, işlədiyi dövrün sığorta stajına daxil edilməsinə dair tələbə cavabdeh qismində DSMF publik hüquqi şəxsin özü deyil, onun tabeliyində fəaliyyət göstərən müvafiq qurumları çıxış edir. İddia tələbinin ikinci hissəsi, yəni sıgorta stajı barədə məlumatın verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə də iddiaçı hüquqi marağını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən və məhkəmənin hüquqi yardım göstərməsinə baxmayaraq tələbini dəqiqləşdirmədiyindən tələb həmin hissədə də mümkün sayılmamışdır. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X3 X9 Başkanlığı X6 Müdürlüğü Yurtdışı Sözləşmələr və Emeklilik Daire Başkanlığına ünvanladığı 05 sentyabr 2020-ci il tarixli məktubda İddiaçı 01.09.1995-04.01.1999-cu illər ərzində Azərbaycan Respublikasında işləmiş olduğu müəssisənin sənədlərinin dövlət arxivinə təqdim olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bu tələbdə iddiaçı hansl hüquq və ya qanuni marağının pozuldugunu əsaslandırmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. İş materiallarindan və məhkəmə iclas protokollarından müəyyən olunur ki, İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərinə əsasən, məhkəmə inzibati prosesin gedişində iddiaçıya öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaradılmış. həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmışdır. (səh 23) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 №-li qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10017/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10017/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1283/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1283/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver