Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1283/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-637/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********235000 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “Vergi orqanı bu hesablamanı aparmaqla Vergi Məcəlləsi ilə müəyyən edilmiş 3 illik müddətlə bağlı kameral hesablamanın 30 gün ərzində keçirmək, ƏDV-nin aylıq hesabat olmasına dair Vergi Məcəlləsinin müəyyənləşdirdiyi tələbləri kobud şəkildə pozmuşdur. Belə ki, vergi orqanları tərəfindən 2020-ci ilin iyul ayı üçün ƏDV məbləği hesablanarkən vergilərin hesablanmasına əsas kimi 2017-2020-ci illər üzrə vergi ödəyicisindəki uyğunsuzluqların olması ilə əlaqələndirmişdir. Lakin hesablamadan əvvəl göndərilən uyğunsuzluq məktubunun üzərində vergi dövrünün 2017-2020-ci illərin olduğu qeyd edilsə də, məktubun içərisinə baxıldıqda hesablamaya əsas kimi vergi ödəyicisinin ƏDV qeydiyyatına alındığı tarixdən araşdırıldığı bildirilmişdir. Bu isə o deməkdir vergi orqanı vergi ödəyicisinin 2014-cü ildən bəri olan ƏDV dövriyyəsi üzrə araşdırmalar apamışdır. Başqa sözlə desək, vergi orqanı vergi ödəyicisinin bütün ƏDV qeydiyyatında olan dövrünə ƏDV məbləğini 1 ay üzrə hesablamışdır ki, bu da tamamilə qanunvericiliyə ziddir. Belə ki, ƏDV üzrə vergi hesabatı müddəti aylıq hesabatdır. Vergi hesabatı verilərkən həmin dövrdə fəaliyyət zamanı yaranan vergi öhdəlikləri barədə bəyannamə vermək mümkündür. Başqa sözlə bir hesabat dövrü üçün verilən bəyannamədə əvvəlki dövrlərdəki fəaliyyət zamanı yaranan vergi məbləğləri göstərilə bilməz. Bu səbəbdən də vergi orqanları tərəfindən ƏDV üzrə kameral vergi yoxlamaları aparılarkən hər ay üzrə aparılır. Lakin indiki hesablamaya diqqətlə baxılarsa müyyən edilir ki, qanunvericiliyə zidd olaraq vergi orqanları vergi ödəyicisinin bütün ƏDV üzrə dövriyyəsi üzrə hesablamanı bir ayda tətbiq etməklə vergilər hesablanmışdır. belə bir sual çıxır ki, vergi ödəyicisi fəaliyyətini xx.xx.2018-ci il tarixdən (xx.xx.2024-ci il tarixədək) dayandırdığı halda bu vergi hardan hesablanmışdır? Bundan başqa vergi orqanları bu hesablamanı aparmaqla sübut etməlidir ki, vergi ödəyicisinin 2020-ci ilin iyul ayı üçün göstərilən məbləğ qarşılığında dövriyyəsi vardır. Lakin vergi ödəyicisi artıq 2 ilə yaxındır ki, hər hansı bir fəaliyyəti yoxdur və əgər belə bir fəaliyyəti vardırsa bu vergi orqanları tərəfindən sübut edilməlidir. Lakin vergi orqanları heç bir araşdırma aparmadan qeyd edilən ay üzrə hər hansı bir dövriyyə olmadığı və həmin dövrdə fəaliyyətinin dayandırılmasına baxmayaraq vergi ödəyicisinə əsassız vergilər hesablamışdır. Vergi orqanı Vergi Məcəlləsinin 37.1-37.2, 72, 173.1-173.2-ci maddələrinin tələbələrinə zidd olaraq tam qanunsuzluğa gedərək bu maddənin müddəalarını təhril etməklə formal olaraq müddətə əməl edilməsi kimi vergi ödəyicisinin bütün ƏDV üzrə 2014-2018-ci illər üzrə dövriyyəsi barəsində 2020-ci ilinin iyul ayına hesablama aparmışdır.Əslində isə vergi orqanı yuxarıda qeyd edilən maddələrin tələblərinə əsasən vergi ödəyicisinin 2014cü ildən 2018-ci ilinə kimi hər ay üzrə hər hansı uyğunsuzluq olduğu halda hər ay üzrə vergiləri hesablaya bilərdi. Lakin vergi orqanı ƏDV üzrə hesabat dövrünü bir növ 6 illik götürməklə bütün 4 il ərzində aparılmış əməliyyalara 2020-ci ilin iyul ayında qiymət vermişdir. Bu isə artıq ƏDV-nin aylıq hesabat olması, hər ay üzrə ƏDV-nin kameral yoxlanılması və 30 günlük müddət bitdikdən sonra vergilərin hesablanması qaydasının tələblərinin olmaması kimi qiymətləndirmiş və qanunvericiliyin qeyd edilən tələblərini kobud şəkildə pozmuşdur. Hətta Vergi Məcəlləsinin yuxarıda göstərilən maddəsindən də göründüyü kimi qanunvericilik vergi orqanı tərəfindən 30 günlük müddət keçdikdən sonra vergi ödəyicisinin vergilərin hesablanmasını müəyyən etdiyi halda belə əvvəlki aylar üzrə kameral hesablamaların keçirilməsini qadağan etmişdir.” Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin ƏDV qeydiyyatına alındığı tarixdən son 3 il ərzində artan yekunla 2020-ci ilin iyul ayınadək təqdim edilmiş ƏDV bəyannamələrində qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülmüş işlərin dəyərinin ƏDV məbləğinin 649572,15 manat olmasına baxmayaraq, qeyri-rezidentlərə ödənilmiş ƏDV- nin məbləği 1112050,71 manat göstərilməklə müvafiq əvəzləşdirmə aparılmışdır ki, bu da 462478.56 manat kənarlaşmanın yaranmasımna səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilrmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********455800 nömrəli “Kameral vergi yoxlamasi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə anoloji qaydada 462478.56 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********048900 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik siğortasi haqlarinin hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-637/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********235000 nömrəli “Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu bildirilərək aşağıdakılarla əsaslandırılmışdır: “Vergi Məcəlləsinin 23.1.1 -ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. "xxxx" MMC-yə 2020-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi ilə bağlı bildirilir ki, vergi ödəyicisinin ƏDV qeydiyyatına alındığı tarixdən artan yekunla 2020-ci ilin iyul ayınadək təqdim edilmiş ƏDV bəyannamələrində qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülmüş işlərin dəyərinin ƏDV məbləğinin 649572,15 manat olmasına baxmayaraq, qeyri-rezidentlərə ödənilmiş ƏDV-nin məbləği 1112050,71 manat göstərilməklə müvafiq əvəzləşdirmə aparılmışdır ki, bu da 462478,56 manat kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilrmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2020ci il tarixli **********455800 nömrəli “Kameral vergi yoxlamasi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə anoloji qaydada 462478,56 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********048900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Eyni zamanda, xx.xx.2021 -ci il tarixli **********096200 nömrəli xidməti məktuba əsasən yenidən aparılmış araşdırma nəticəsində uçot-baza məlumatlarına əsasən ƏDV bəyannamələrində qeydiyyata alınmayan qeyrirezident tərəfindən görülmüş işlərin dəyərinin ƏDV məbləği 992346,69 manat olduğu, qeyri-rezidentlərə ödənilmiş ƏDV-nin məbləğinin isə 1112050,71 manat olduğu məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq, 2020-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə yenidən kameral vergi yoxlaması keçirilmiş və hesablanmış vergi məbləği 342774,54 manat qismən azaldılaraq ümumilikdə 119704,2 manat (1112050,71- 992346,69) əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********235000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.1 ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Qeyd olunanlardan müəyyən olunur ki, ƏDV bəyannamələrində qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülmüş işlərin dəyərinin ƏDV məbləği 992346,69 manat olduğu, qeyri- rezidentlərə ödənilmiş ƏDVnin məbləğinin isə 1112050,71 manat olduğu məlum olmuşdur. Məhkəmə isə əsassız şəkildə bildirişnən qərar arasında uyğunsuzluğun mövcud olduğunu qeyd etmişdir.” Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Əfəndiyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, kameral yoxlamanın vergi qanunvericiliyi ilə müəyyən edilən müddətin buraxulması ilə aparıldığını, iddiaçının 2018-ci ildən fəaliyyətini dayandırdığını, vergi orqanı tərəfindən iddiaçının fəaliyyəti dayandırılana qədər olan dövr üzrə ƏDV dövriyyəsinin araşdırmaları aparıldığını və əsassız olaraq ona 2020-ci ilin iyul ayı üçün vergi hesablandığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki, cavabdeh ilk öncə, vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********048900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2020-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə anoloji qaydada 462.478,56 manat əlavə vergi məbləği hesablanmış, daha sonra, həmin qərarını ləğv edərək, xx.xx.2022-ci il tarixli **********235000 saylı qərarı ilə ona həmin dövr üçün 119704,02 manat məbləği ƏDV vergisi hesablayaraq ödənilməsini tələb etmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin qeyd ounan 1-ci qərarının, daha sonra, iddia tələbini dəqiqləşdirərək xx.xx.2022-ci il tarixli **********235000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarının ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun həmin tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməs qərarında həmin nəticəyə gələrkən hesab etmişdir ki: “...İddiaçının 2 ilə yaxın müddəddə ümumiyyətlə fəaliyyət göstərmədiyini nəzərə alaraq, cavabdeh vergi orqanı tərəfindən heç bir araşdırma aparmadan, kameral vergi yoxlaması apardığı 2020-ci ilin iyul ayı üzrə hər hansı dövriyyə olmadığı halda, fəaliyyətinin dayandırılmasına baxmayaraq əssassız vergilər hesablamışdır. Ümumiyyətlə cavabdeh vergi orqanı məhz hesablama apardığı 2020-ci ilin iyul ayı üzrə iddiaçının hər hansı ƏDV dövriyyəsinin olmasına dair təsdiqedici dəlil və ya sübutlar məhkəməyə təqdim edə bilməmiş, cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, iddiaçının 2020-ci ilin iyul ayı üzrə dövriyyəsinin olması və həmin dövriyyəyə görə dövlət büdcəsinə əlavə ƏDV-nin hesablanmalı olmasını, eyni zamanda mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən digər halları məhkəmə araşdırması zamanı əsaslandıra bilməmişdir. Əlavə olaraq, cavabdeh vergi orqanı öz dəlillərinin əsaslandırılması üçün məhkəməyə təqdim etdiyi etiraza əlavənin qoşmasında olan “ƏDV bəyannaməsinin xüsusi hissəsi- dövrlər üzrə açılış”ı özündə əks etdirən cədvələ nəzər yetirdikdə görmək olur ki, kameral vergi yoxlaması aprel 2015 – sentyabr 2018 illəri əhatə edir. Həmin cədvəldən də görünür ki, vergi orqanı kameral vergi yoxlaması ilə əlavə hesablama apardığı 2020-cilin iyul ayı üzrə 3 ildən artıq dövrü əhatə etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən sonuncu 15 fevral 2022-ci il tarixli qərarla iddiaçıya əlavə vergi öhdəlikləri hesablayarkən VM-nin 56-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddətin belə pozmuşdur...” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Həmin Vergi Məcəlləsinin 37.2-ci maddəsi isə nəzərədə tutur ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Cavabdehin mübahisələndirilən qərarından görünür ki, birincisi, qeyd olunan verginin 2020-ci ilin iyl ayına qədər iddiaçı tərəfindən aparılmış hansı əməliyyatın nəticəsi olaraq ehtiva olunduğu görünmür. Ən azından, iş materiallarından görünür ki, iddiaçı vergi ödəyicisi fəaliyyətini xx.xx.2018-ci il tarixdən -xx.xx.2024-ci il tarixədək dayandırmış, son iki ildə fəaliyyəti, o cümlədən, onun tərəfindən ƏDV vergisinin hesablanmasına əsas olan əməliyyatları mövcud olmamış və bu vergi orqanı tərəfindən işin mübahisələndirilməyən halıdır. Cavabdeh vergi orqanının iddia ərizəsinə etirazında və apellyasiya şikayətində təsbit olunan etirazının əsaslarında isə qeyri-müəyyən şəkildə qeyd edilir ki, 2020-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi araşdırılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin ƏDV qeydiyyatına alındığı tarixdən son 3 il ərzində artan yekunla 2020-ci ilin iyul ayınadək təqdim edilmiş ƏDV bəyannamələrində qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülmüş işlərin dəyərinin ƏDV məbləğinin 649572,15 manat olmasına baxmayaraq, qeyri-rezidentlərə ödənilmiş ƏDV- nin məbləği 1112050,71 manat göstərilməklə müvafiq əvəzləşdirmə aparılmışdır. Birincisi burada cavabdeh, 2020-ci ilin iyul ayı üçün hesabladığı ƏDV vergisini məhz hansı mənbədən götürdüyünü demir, deyə də bilmir və deməkdən çəkindirir. Çünki, vergi qanunvericiliyi ilə kameral yoxlamanın keçirilməsi üçün müəyyən olunan 30 günlük müddət var və həmin müddət ötürülməsi kameral yoxlamanı aparımasını mümkünsüz edir. Digər tərəfdən, cavabdeh kameral yoxlpama ilə bağlı vergi ödəyicisinə göndərilən xx.xx.2020-ci il tarixli uyğunsuzluq məktubunda 2020-ci ilin iyul ayı üçün ƏDV məbləği hesablanarkən vergilərin hesablanmasına əsas kimi, məktubun giriş hissəsində yoxlanılan vergi dövrünün 2017-2020-ci illərin olduğu qeyd edilsə də, məktubun mətnində, 2-ci vərəqin 2-ci abzasında hesablamaya əsas kimi, vergi ödəyicisinin ƏDV qeydiyyatına alındığı tarixdən araşdırıldığı qeyd olunmuşdur. ƏDV ödəyicisi kimi iddiaçının 2014-cü ildən qeydiyyata alındığı nəzərə alındıqda, belə çıxır ki, cavabdeh vergi orqanı ƏDV dövriyyəsi üzrə araşdırmalarını 2014-cü ildən apamış, yəni vergi ödəyicisinin ƏDV qeydiyyatında olan bütün dövrü üzrə ƏDV-ni 1 ay üzrə hesablamışdır. İddiaçının vergi ödəyicisi fəaliyyətini xx.xx.2018-ci il tarixdən xx.xx.2024-ci il tarixədək dayandırdığı və onun xx.xx.2018-ci il tarixdən 2020ci ilin iyul ayına qədər heç bir əməliyyat aparılmadığı təqdirdə, vergi orqanı tərəfindən əsassız olaraq, xx.xx.2022-ci il tarixli **********235000 saylı qərarı ilə ona 2020-ci ilin iyul ayının hesabat dövrü üçün hesablanmış 119704,02 manat ƏDV-nin - onun ƏDV ödyəicisi kimi fəaliyyət göstətərdiyi 2014-2018-ci illər üzrə hesablandığı tam aydınlığı ilə görünür. Beləliklə də cavabdeh tərəfindən kameral yoxlamanın Vergi Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən olunan 30 iş günü müddəti keçdikdən sonra aparıldığı sübuta yetirilir ki, belə olan halda da həmin maddənin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi, vergi orqanı tərəfindən kaieral yoxlama aparıla bilməzdi. Bu baxımdan, məhz, hazırkı mərhələdə cavabdehin nümayəndəsi tərəfindən faktla bağlı qaldırılan cinayət işi üzrə təyin edidilmiş ekspertiza üzrə verilmiş ekspert rəyinin hazırkı mübahisənin nəticəsinə təsiri istisna olunur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin kameral yoxlamanın nəticələrini əks etdirən xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə iddiaçıya hesablanmış vergi qanunvericiliyə uyğun olmamışdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsi isə nəzərdə tutur ki, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə qeyd olunanlar nəzərə alınmaqla, cavabdehin mübahisələndirilən qərarının ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-637/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-637/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1283/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1283/2023
20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver