Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1283/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13341/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı atası Qanuni nümayəndə və anası X3 1993-cü ildən etibarən Füzuli rayonundan məcburi köçkündür. Bu barədə onlara Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq olaraq xx.xx.2018-ci il tarixində və xx.xx.2014-cü il tarixində məcburi köçkün vəsiqəsi də verilmişdir. Hazırda İddiaçı məcburi köçkün statusu almaq və məcburi köçkünlərə verilən təminatlardan yararlanmaq niyyətindədir. Bu barədə cavabdeh orqana ərizə ilə müraciət edilmişdir, lakin cavabeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu təqdim edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, ünvan 2ldan azad edilən kənd olduğundan, xx.xx.2020-ci il tarixindən işğalda olan ərazilərin azad edilməsindən sonra təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduqları kənd sakinlərinə xüsusi qayadada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Lakin cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarda işğaldan azad edilmiş rayonunun (şəhərin) sakinlərinə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsi nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh orqan heç bir qanunvericilik aktına istinad etməyərək, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-13341/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi tələbinə dair iddiası ilə bağlı araşdırma apararkən əsassız, qanunsuz və qərəzli olaraq, işin hallarını dəqiq araşdırmadan birtərəfli qaydada iddianın təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Bakı İnzibati Məhkəməsi araşdırma apararaq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinin tələblərinə əməl etmədən, yəni inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında aparılmalı olduğu halda, qanunvericiliyin bu tələblərini pozmuş və cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndəsinin sözlə dediyi və heç bir sənədə əsaslanmayan izahatını möhtəbər sübut kimi qiymətləndirərək, birtərəfli qaydada cavabdehin mövqeyindən çıxış etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən qanuni əsaslarla valideynlərinə verilmiş məcburi köçkün vəsiqələrinə və Füzuli rayon İcra Hakimiyyəti Başçısının Alıxanlı kənd İnzibati Ərazi Dairə üzrə nümayəndəliyinin iddiaçının məcburi köçkün olduğu barədə və Alıxanlı kənd İƏD üzrə nümayəndəliyindən hər ay 60 manat vahid aylıq müavinət (çörək pulu) almağı barədə arayışa və bununla bağlı verdiyi izahatına əhəmiyyət vermədən onun hüquqlarını pozmuş və “Qaçqınların və Məcburi köçkünlərin statusu haqqında”Azərbaycan Respublikasının Qanununun tələbləri kobud surətdə pozulmuş, onun məcburi köçkün statusunda olduğuna baxmayaraq, məcburi köçkün vəsiqəsini almaq hüququ faktiki olaraq məhdudlaşdırılmışdır. Bakı İnzibati Məhkəməsinin özünün gəldiyi qənaət düzgün deyil və İddiaçı hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə qərarı apellyasiya qaydasında ləğv edilməli və yeni qərarı qəbul olunmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində birbaşa göstərilmişdir ki, qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında, yəni cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməlidirlər. Lakin cavabdeh onun hər iki valideyininin məcburi köçkün olmaları və məcburi köçkün kimi hər ay müəyyən olunmuş 60 manat vahid aylıq müavinət (çörək pulu) almaları barədə sənədləri məhkəməyə təqdim etməsinə baxmayaraq, Bakı İnzibati Məhkəməsi İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi tələbinə dair iddiasını əsassız və qanunsuz olaraq təmin etməmiş və bununla da qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddiaçının və valideynlərinin Bakı şəhəri, ünvan 1 ünvanında məcburi köçkün kimi dövlət tərəfindən müvəqqəti yaşayış yeri ilə təmin olunmalarına belə əhəmiyyət verməmişdir. Məhkəmə iddiaçının verdiyi izahatları təhrif etmiş və təqdim etdiyi sübutlara düzgün qiymət verməmiş, qeyri-obyektiv qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: ünvan 2ldan azad kənd olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğu kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3-cü bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı atası Qanuni nümayəndə və anası X1 rayonundan məcburi köçkündürlər, bununla bağlı cavabdeh qurum tərəfindən onlara məcburi köçkün vəsiqələri də verilmişdir. İddiaçıya məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh Füzuli rayonunun Alıxanlı kəndinin işğaldan azad kənd olduğunu, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra təmas xəttinin ləğv edildiyini, qeydiyyatda olduğu kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin dayandırıldığını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: 1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən vəsiqə verir və bu statusdan məhrum edir. Cavabdeh tərəfindən hazırda iddiaçının qeydiyyatda olduğu ərazidə kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunun verilməsi dayandırılmışdır, bu səbəbdən iddiaçı da bu statusu əldə etmək imkanına malik deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13341/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1283/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1283/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver