Məhkəmə qərarları › İş №2-1(103)-1284/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1284/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1284/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1960/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1960/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımının xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim P.Hüseynov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya qanunla çatası məbləğdə (130-61=69 manat) ünvanlı dövlət sosial yardımın təyin edilməsi və keçən müddət ərzində əskik ödənilmiş ünvanlı dövlət sosial yardımın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş ünvanlı dövlət sosial yardımının xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Onun gedəcək və qeydiyyat yeri olmadığından Bakı şəhəri, Şağan qəsəbəsi 3 saylı əlillər evində qeydiyyatda qalmışdır. Həmin yerdən ona heç bir təminat yoxdur. Özü ikinci qrup əlildir. Əlilliyə görə dövlət ona ayda 55 manat pensiya verir. İkinci qrup əlil olduğuna görə heç bir yerdə ona iş verilmir. O özü də səhhətinə görə hər işi görə bilmir. İş tapmaq üçün işsiz kimi Dövlət Məşğulluq Xidmətinin Xəzər Məşğulluq Mərkəzində qeydiyyata götürülmək üçün müraciət etmiş, lakin ordan ona ikinci qrup əlil olduğuna görə qeydiyyata götürə bilməyəcəklərini bildirmişlər. Qeyd olunan səbəblərdən özünə iş tapa bilmir. Ayda 55 manatla dolana bilmədiyinə görə ünvanlı dövlət sosial yardımla bağlı Əmək və X2 Nazirliyinə müraciət etmişdir. Onun müraciətinə baxaraq ona ayda 38,58 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. Onun 55 manat pensiya aldığı nəzərə alınarsa ona 61 manat ünvanlı sosial yardım təyin edilməli idi. Lakin ona heç bir əsas olmadan 22 manat 42 qəpik əskik ünvanlı sosial yardım təyin edilmişdir. Hazırda isə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. Ona görə də ona təyin edilmiş ünvanlı dövlət sosial yardımının məbləği artırılmalıdır. Hazırda ona əlilliyə görə verilən müavinət də 6 manat artırılmış və 61 manat olmuşdur. Ona daha aşağı məbləğdə ünvanlı dövlət sosial yardımın təyin edilməsi qanunsuzdur. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Cavabdeh verdiyi apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı ailəsini təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, X3 və X5 (VEMTAS) daxil etdiyi xx.xx.2017-ci ıl tarixli 17754770.0708201 nömrəli müraciətində “Ərizə-bəyannamə’də ailəsinin tərkibinin yalnız özü olduğunu və müraciətdən əvvəlki son 12 (on iki) ayı əhatə edən 01 08.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə ailəsinin ümumi gəlirinin ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyi olan şəxs kimi ona ödənilmiş 660 manat məbləğində sosial müavinətin təşkil etdiyini və adambaşına düşən orta aylıq gəlirinin isə 55 manat (660/12=55 manat) olduğunu bəyan etmişdir. VEMTAS tərəfindən verilmiş sorğular əsasında həmin dövrdə onun mobil telefon xərclərinin 40 manat olduğu aşkar olunmuşdur.Ailənin orta aylıq gəlirinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları’’nın 5-ci hissəsi ilə tənzimlənir.İddiaçı bəyan etdiyi məlumatlar əsasında onun ailəsinin adambaşına düşən orta aylıq gəliri (55 manat), Qaydaların 5.22-ci bəndində göstərilən hesablama qaydası üzrə müəyyənləşdirilən ailənin adambaşına düşən orta aylıq gəlirinə (77,42 manat) (155*0,478%+40/12=74,090+3,334=77,424) uyğun deyildir. Belə ki, (OAG=YM(30%+11,7%+6,1 %)+R+RM, YM-yaşayış minimumunun ölkə üzrə məbləği (155 manat), R-ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği (0 manat). RM-mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği (40 manat), həmin bəndin tələblərinə uyğun olaraq onun ailəsinin adambaşına düşən orta aylıq gəliri 77.42 manat müəyyən olunur Ehtiyac meyarı (116 manat) ilə adambaşına düşən orta aylıq gəlir arasında yaranmış fərqin 38,58 manat (116- 77,42=38,58) olduğunu nəzərə alaraq qeyd edirik ki, İddiaçı ailəsinə təyin edilmiş sosial yardımın məbləği 38,58 manat müəyyən edilmiş və ödənilməsi tam təmin edilmişdir.Bundan sonra, İddiaçı yenidən VEMTAS-a daxıl etdiyi xx.xx.2019-cu ıl tarixli **********50802 nömrəli müraciəti əsasında onun ailəsinə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmiş aylıq 47,17 manat məbləğində sosial yardımın ödənilməsi aylar üzrə davam etdirilir.Bakı inzibatı Məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almadan ünvanlı dövlət sosial yardımının xx.xx.2017-ci il tarixdən 01 08.2019- cu il tarixədək yenidən hesablanması və yaranmış fərqin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi öhdəliyini Nazirliyə həvalə etməklə maddi hüquq normalarını pozmuşdur. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş Əmək və X2 Nazirliyinin xx xxxxxx 2017-ci il tarixli **********6 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və onun müraciəti əsasında iddiaçının ailəsinə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 38,58 manat məbləğində ÜDSY təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 iddiaçıya ünvanladığı xx xxxxxx 2018-ci il tarixli **********9 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım almaq hüququna orta aylıq gəlir onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. İddiaçının ailəsini təmsil edən şəxs müvafiq məlumatları elektron müraciət qaydasında təqdim edəcəyi halda, ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququna Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na uyğun olaraq X3 və X6 tərəfindən baxılacaqdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 iddiaçıya ünvanladığı xx xxxxxx 2018-ci il tarixli **********4 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq, bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.“Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli 3711 nömrəli Sərəncamına əsasən 2018-il martın 1-dən İİ qrup əlilliyə görə sosial müavinətin məbləği 61 manat müəyyən edilmişdir.Bununla yanaşı mövcud qanunvericilikdə aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə ünvanlı sosial yardımın verilməsi nəzərdə tutulmuşdur. İddiaçının ailəsinin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş Qaydalara uyğun olaraq elektron formada X3 və X5 müraciət etməsi və əlillik səbəbinə yenidən baxılması ilə bağlı Səhiyyə Nazirliyinin müalicə müəssisələrində müalicə olunmağı tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 iddiaçıya ünvanladığı xx xxxx 2019-cu il tarixli **********7 saylı məktubunun surətindən görünür ki, iddiaçının ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, X3 və X5 iddiaçının daxil etdiyi xx.xx.2017-ci il tarixli **********08201 nömrəli müraciəti əsasında ailəsinə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarinədək aylıq 38,58 manat məbləğində sosial yardım təyin edilmişdir. İş materiallarına əlavə edilmiş təyinat adlı çıxarışdan görünür ki, təyinat başlama tarixi xx.xx.2017-ci il, təyinat bitmə tarixi xx.xx.2019-cu il, ailə üzvünün orta aylıq gəliri 55,00 manat, 2017-ci il üçün ehtiyac meyarı 116, yaşayış minimumu 155, ÜDSY üçün hədd 74.09, 116-74.09-3.33=38,58 manat ünvanlı sosial yardım müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixdə verilmiş 175072 saylı əlillik vəsiqəsinin surətindən görünür ki, İddiaçı uşaqlıqdan İİ qrup əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir; 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər; 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır; 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında ona xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aylıq 38,58 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı İİ qrup əlildir, ona əlilliyə görə 55 manat məbləğində sosial müavinət təyin edilmiş, 2018-il martın 1-dən isə İİ qrup əlilliyə görə sosial müavinətin məbləği 61 manat müəyyən edilmişdir. İddiaçıya sosial yardımın məbləği hesablanarkən onun orta aylıq gəliri ilə ehtiyac meyarı arasında yaranan fərq düzgün nəzərə alınmamışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətlərinə verilən cavablarda onun digər aylıq gəlirlərinin olması və sosial yardımın məbləği hesablanarkən həmin gəlirlərin də nəzərə alınması göstərilməmişdir. Eyni zamanda cavabdeh təyin edilmiş məbləğin əsaslılığını təsdiq edən, habelə iddiasının ailəsinin başqa gəlirlərinin olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ümumiyyətlə iddia ilə bağlı hər hansı bir etirazını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçıya ünvanlı dövlət sosial yardımı təyin edilərkən onun orta aylıq gəliri ilə ehtiyac meyarı arasında yaranan fərq düzgün hesablanmamış, nəticədə iddiaçıya təyin edilməli olan məbləğdən az məbləğdə ünvanlı dövlət sosial yardımı hesablanmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1960/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar