Məhkəmə qərarları › İş №2-1(103)-1284/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1284/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1284/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı“ əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-2352/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin 01 fevral 2003-cü il tarixdən 10 mart 2017-ci il tarixədək olan müddətdə barəsində tətbiq edilməsinin qadağan edilməsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyasının 39 il 7 ay 21 gün iş stajına görə yenidən qanunamüvafıq qaydada hesablanması öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********2 №-li etirazının əsassız hesab edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyasının 39 il 7 ay 21 gün iş stajına görə yenidən qanunamüvafiq qaydada hesablanması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24 fevral 1992-ci il tarixdə, həmin vaxt Qarabağ bölgəsindəki vəziyyətlə əlaqədar, ehtiyatda olan zabit olduğunu nəzərə alıb, vətəninin müdafiəsi üçün könüllü müraciət etmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin vaxt 2-ci motoatıcı briqadasının 1-ci taborunun zenit-raket artilleriya batareyası komandiri təyin edilərək, 18 mart 1992-ci il tarixdə şəxsi heyətlə birlikdə döyüş bölgəsinə göndərilmişdir. 05 fevral 1993-cü il tarixədək Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda Xanlar (indiki Göygöl) və Füzuli rayonlarının ərazisində gedən döyüşlərdə iştirak etmişdir, yaralanmışdır, müharibə veteranıdır. 05 fevral 1993-cü il tarixdən 23 yanvar 2003-cü il tarixədək Müdafiə Nazirliyinin struktur qurumlarında hərbi xidmətini davam etdirmişdir, son tarixdə kapitan rütbəsində, 1-ci dərəcəli ehtiyata keçirilərək, pensiyaya göndərilmişdir. 28 aprel 2005-ci il tarixdə Respublika Hərbi Prokurorluğunda Təşkilat-analitik şöbəsinin inspektoru vəzifəsində işləməyə başlamışdır, 27 aprel 2010-cu il tarixdə ehtiyatdan təkrar hərbi xidmətə çağırılmışdır, 29 dekabr 2020-ci il tarixdə, mayor rütbəsində yaşa görə istefaya göndərilmişdir. Xidmətini qüsursuz başa vurmuşdur, medallarla təltif olunmuşdur. Birinci dəfə hərbi xidmətdən tərxis olunmağı, təkrar hərbi xidmətə çağırılmağı və istefaya göndərilməyi onun arzusu ilə olmamışdır. Bunlar “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmət keçmək haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq edilmiş və o, yalnız əmri icra etmişdir. 27 yanvar 2021-ci il tarixdə Respublika Hərbi Prokurorluğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyasının yenidən hesablanması üçün 000002 №-li məlumat vərəqi göndərilib. Adı çəkilən Filialdan ona göndərilmiş xx.xx.2021-ci il tarixli **********9 №-li cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin - əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası “sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır” tələbləri qeyd olunmaqla, xidmətdən növbəti dəfə tərxis olunmağı ilə əlaqədar əmək pensiyasının yenidən hesablanaraq ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevin xx.xx.2021-ci il tarixli **********9 №-li cavab məktubundan həmin Filiala verdiyi şikayətə adı çəkilən Filialın direktor müavini Elvin Axundov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********8 №-li cavab da eyni məzmunlu olmuşdur. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi 15 noyabr 2021-ci il tarixli **********2 nömrəli etirazında göstərilmişdir ki, iddiaçı 7 sentyabr 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirllər ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 1 fevral 2003-cü il tarixində xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 55028 nömrəli məlumat vərəqəsi əsasında ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyası təyin edildikdən sonra iddiaçı yenidən xidmətə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd olunanları nəzərə alaraq xidmətdən növbəti dəfə tərxis olunması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçının qeyd etdiyi məsələlərlə bağlı eyni məzmunlu müraciətləri Mərkəzi Filial tərəfindən 19 aprel 2021-ci il tarixli **********1 nömrəli, 30 aprel 2021-ci il tarixli **********9 nömrəli, 9 iyun 2021-ci il tarixli **********8 nömrəli, 17 iyul 2021ci il tarixli **********1 nömrəli və 24 avqust 2021-ci il tarixli **********3 nömrəli məktublarla cavablandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-2352/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-2352/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçı ona əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs kimi hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair göndərilmiş yenilənmiş məlumat vərəqində qeyd olunan 39 il 7 ay 21 gün iş stajına görə pensiyasının yenidən qanunamüvafiq qaydada hesablanması öhdəliyinin cavabdehə həvalə olunmasını tələb edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V 015806 №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1998-ci ildə müharibə veteranı adı verilmişdir. Azərbaycan Respblikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 001567 №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı müddətdən artıq xidmətdə olan hərbi qulluqçuların, gizirlərin, miçmanların, zabitlərin və onların ailələrinin pensiya təmminatı haqqında Əsasnaməyə əsasən xx.xx.2003-ci ildən etibarən pensiya təyin edilmişdir. İddiaçıya aid pensiya işində olan Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin ZE-55028-(01171) nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən adı çəkilən Departamentə göndərilmiş xx.xx.2007-ci il tarixli MN seriyalı ZE-55028 №li məlumat vərəqəsinə əsasən xx xxxxxx 1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixli qərarla təyin olunmuş (ilkin) pensiyanın xx.xx.2009-cu il tarixli qərara əsasən 01 iyul 2008-ci ildən ömürlük 281 manat 15 qəpik olmaqla yenidən hesablanması qərara alınmşdır. Daha sonra Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin 07 iyun 2016-cı il tarixli 011761 saylı qərarı ilə İddiaçı pensiyası yenidən hesablanaraq 365 manat 91 qəpik məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 06 dekabr 2021-ci il tarixli xx.xx.2021-ci il tarixli HP-10/1604 saylı məktubunda qeyd olunmuşdur ki, prokurorluq orqanlarına işə götürülən digər işçi hesab edilən istefada olan mayor İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə yeni “əmək pensiyası təminatı üçün hərbi qulluqçu haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi” tərtib olunaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Qeyd olunan məktuba əlavə olunmuş xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə pensiya təyin olunması üçün İddiaçı (000002) məlumat vərəqələri DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********2 saylı məktubu ilə vətəndaş İddiaçı pensiya işinə dair sənədlərə əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.2007-ci il və xx.xx.2021-ci il tarixli məlumat vərəqələrinin surətləri məhkəməyə təqdim olunmuşdur. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş 000002 saylı Məlumat vərəqinin surətindən müəyyən olunur ki, İddiaçı ehtiyatda olmağın son yaş həddinə çatmağı ilə əlaqədar xx.xx.2020-ci il tarixdə tərxis olunmuşdur. Məlumat vərəqində İddiaçı iş stajı 07 il 06 ay 12 gün; təqvim xidmət illəri 32 il 00 ay 09 gün, cəmi iş saatı və xidmət illəri (iş stajı, ali təhsil, təqvim üzrə xidmət iləri, güzəştli xidmət illəri) 39 il 06 ay 21 gün; pul təminatı- vəzifə maaşı 370,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə əlavə 30 faiz-150 manat, ərzaq payı əvəzinə kompensasiya 64.00 manat, məharət dərəcəsi 15 faiz -55.50 manat, cəmi 769.50 manat qeyd olunmuşdur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarxli **********9 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 19 aprel 2021-ci il tarixli **********1 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 29 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona 1 fevral 2003-cü il tarixində xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 55028 nömrəli məlumat vərəqəsi əsasında ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyası təyin edildikdən sonra o, yenidən xidmətə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd olunanlar nəzərə alınaraq xidmətdən növbəti dəfə tərxis olunmağı ilə əlaqədar əmək pensiyasının yenidən hesablanaraq, ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli **********2 saylı məktubunda müraciətçiyə bildirilmişdir ki, pensiyaların minimum məbləği 72,4% artırılaraq 200 manata çatdırılmış, 1 yanvar 2021 -ci il tarixdən bütün növ pensiyaların sığorta hissəsi 11,4 faiz indeksləşdirilmiş və nəticədə orta aylıq pensiya məbləği 330 manata yüksəldilmişdir. Pensiya təyinatı prosesinin sadələşdirilməsi üçün 1 yanvar 2019-cu il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmışdır. Həmçinin vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya məbləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün “Pensiya kalkulyatoru” elektron xidməti (https://e-sosial.az/#/eServiceFrame/5721) yaradılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Araşdırma zamanı müəyyən edilmişdir ki, ona xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq xx.xx.2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyaları Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən əmək pensiyasının məbləği həmin tarixdən etibarən Fond tərəfindən ödənilir. Qanunun 20.14.1ci maddəsi hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara ilk dəfə əmək pensiyası təyin edilərkən, Qanunun 9.6-cı maddəsi isə əmək pensiyası təyin edilmiş və yenidən hərbi xidmətini davam etdirən şəxslərə aid edilir. Nəticə olaraq, xidmətdən növbəti dəfə tərxis olunmağı ilə bağlı əmək pensiyasının məbləğinin yenidən hesablanması qanunvericiliklə mümkün deyil. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, Prokurorluq işçilərinin maddi və sosial müdafiəsi bu Qanun və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 20.15-ci madəsinə əsasən hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular-Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 3-cü bəndinə əsasən, bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Qaydaların 9-cu bəndinə əsasən, Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə). İddiaçıya 1 fevral 2003-cü il tarixində xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyası təyin edildikdən sonra iddiaçı yenidən xidmətə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanması nəzərdə tutulmadığından ona əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir Hazırkı iş üzrə iddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyanın yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir. Belə ki, bu tələblə bağlı cavabdeh inzibati orqana müraciəti olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-2352/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar