Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1284/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinə qarşı “video görüntülərin təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(112)-8613/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X5 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixdə tərtib etdiyi “İnzibati tənbeh vermə haqqında” qərarın tərtib edilməsi üçün əsas olmuş video görüntülərin verilməsindən imtinanın hərəkətsizik hesab edilməsi və iddiaçı barəsində olan xx.xx.2021ci il tarixli Bakı şəhəri, Behbudov küçəsi ilə hərəkətdə olarkən ona məxsus “Mitsubişi” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən baş vermiş yol hərəkəti qaydalarının pozuntusunu əks etdirən video görüntülərin iddiaçıya təqdim edilməsini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsi (hakim V.Həsənov) xx.xx.2021-ci il tarixli qərardadla iddiaçının Azərbaycan Respulikası İXM-nin 106-111-ci maddələrinə əsasən Bakı şəhər X5 İdarəsinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti geri qaytarmışdır. Abşeron rayon məhkəməsinin həmin qərardadını iddiaçı poçt vasitəsi ilə xx.xx.2021-ci ildə almış və 10 gün ərzində şikayətini poçt vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərmişdir. Daha sonra məlum olmuşdur ki, işə mahiyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün baş vermiş hadisənin video-görüntüsü təqdim edilməlidir. Ona görə də cavabdeh Azərbaycan Respubliası Daxili İşlər Naziriliyi Bakı şəhər Baş Polis İdarəsi X5 idarəsinə təkrar xx.xx.2021-ci ildə rəsmi ərizə göndərərək “Mitsubishi” minik markalı, **- NG-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri R.Behbudov küçəsi ilə hərəkətdə olarkən qaydaları pozmağı ilə əlaqədar video-görüntünün ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 046-123334-3222 nömrəli məktubla ona bildirmişdir ki, “Yol hərəkəti qaydasını pozmağınız həmin ərazidə xidmət aparan patrul avtomobilində quraşdırılmış kameralar vasitəsilə qeydə alınmış videogörüntüyə baxış zamanı öz təsdiqini tapmışdır. Törətdiyiniz inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Müraciətinizə baxılmasının nəticəsindən narazı qaldığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır”. DYPİ-in əməkdaşı xx.xx.2021-ci ildə iddiaçı barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən 388361 nömrəli protokol tərtib etmişdir. DYPİ-in əməkdaşı və onun rəisi polkovnik R.Piriyev heç bir sübut olmadan iddia edirlər ki, o, işıqforun qadağanedici işarəsi olduğu halda hərəkəti davam etdirmişdir. Yəni işıqforda qırmızı işarə olduğu halda yola girmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsininn tələbini pozmuşdur. Cavabdeh videogörüntülərin avtomobildə yerləşdirildiyini əsas gətirərək ona təqdim etməkdən imtina etmişdir. Bütün bunlar və digər qanunazidd hərəkətlər ona deməyə əsas verir ki, ümumiyyətlə inzibati xəta hadisəsi baş verməyib, qarşı tərəf onun barəsində yalan protokol tərtib edib, onu 60 manat cərimə etməklə əsassız varlanmışdır. xx.xx.2021-ci il tarixdə, saat 13:31 radələrində etibarnaməyə əsasən istifadəsində olan “Mitsubişi Pajero-İO” minik markalı, **-NG-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Bakıxanov küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində sağa dönərkən Bakı şəhər DYP-nin polis serjantı X2 onu saxlatmış TP4300931 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etmiş və onu Azərbaycan Respublikası İXM-in 327.2ci maddəsi ilə təqsirli bilib, 60 manat cərimə etmişdir. Halbuki, o, işıqforun qadağanedici işığında hərəkəti tam dayandırmış, yaşıl işğın yanmasını gözləmiş və hərəkət etmişdir. Protokol tərtib edilən kimi dərhal və yerində video görüntünün və hadisə yerinin fotoşəkilinin təqdim edilməsini xahiş etmişdir. Lakin polis əməkdaşının təqdim etdiyi “hadisə yerinin” video görüntülərində kadrları irəli-geri çəkdiyinə, düzəlişlər və korrektələr etdiyinə görə yolda yalnız onun istifadəsində olan avtomobil görünürdü. Polis serjantı bildirmişdir ki, o işıqforun qırmızı işığında yola girib, sağa dönmüşdür. Halbuki, işıqforun qırmızı işığında keçib yola girmiş olsaydı, sol tərəfindən intensiv hərəkətdə olan avtomobillərlə toqquşmalı idi. Kadrlardan görünürdü ki, yolun hərəkət hissəsində yalnız onun idarə etdiyi avtomobil hərəkət edir. Bu səbəbə görə “İnzibati tənbeh vermə haqqında” qərarın heç bir hüquqi əsası xxxxxxx, qərar sadəcə olaraq ondan 60 manat cəriməni almaq üçün tərtib edilib. Polis əməkdaşı da həmin ərazidə yalnız protokol tərtib etmək üçün yerləşdirilir. Gün ərzində yüzlərlə belə protokol tərtib edilir və vətəndaşlara cərimə yazılaraq pul yığılır. O, xx.xx.2021-ci il tarixdə Bakı şəhər DYPİ-də olub həmin video görüntünü və protokolun təqdim edilməsini xahiş etmişdir. Lakin ona tələb etdiyi nə video görüntünü, nə də ki, protokolu verməmişlər. Bidirilmişdir ki, həmin sənədlər və sübutlar yalnlız məhkəməyə təqdim edilə bilər. Ona görə də məcbur olub dəfələrlə Azərbaycan Respublikasının DİN-nə müraciət etmişdir. Əlində Azərbaycan Respublikası DİN-nə müraciət etməyi ilə bağlı sənədlər vardır. Polis əməkdaşı sadəcə olaraq onu cərimələmək üçün “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etmişdir. Qanunverciliyin tələblərinə görə DYP əməkdaşlarının tərtib etdiyi protokol və “İnzibati tənbeh vermə haqqında” qərarları DİN ləğv edə bilər. Bu səbəbə görə və qanunvericiliyə uyğun olaraq Bakı şəhər DYPİ-nin polis sejantı X1 tərtib etdiyi TP4300931 nömrəli, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın əsassız hesab olunaraq ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahişi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə xx.xx.2021-ci il tarixdə şikayət göndərmişdir. Şikayəti Azərbaycan Respublikası DİN-nə xx.xx.2021-ci il tarixdə çatıb. Lakin həmin müddətdən bir ay ötməsinə baxmayaraq, bu günə kimi ona heç bir məlumat verilməmişdir. Səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(112)-8613/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8613/2022 nömrəli inzibati iş üzrə qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın tərtib edilməsi üçün əsas olmuş video görüntülərin verilməsindən imtinanın qanunsuz hərəkətsizlik hesab olunması və video görüntülərin verilməsi vəzifəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi bir neçə məhkəmə iclası keçirmiş, BDYPİ-nə sorğular verib sənədlərin və video-görüntülərin təqdim edilməsini tələb etmiş, aylar sonra məlum etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı varmış. Eləcə də, altı ay sonra məlum edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bakı İnzibati Məhkəməsi isə bunu etmək əvəzinə iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edərək ona qaytarmışdır. Bakı İnzibati Məhkəməsində baxılan həmin iş nə mülki, nə də cinayət işidir, lakin mahiyyət etibarı ilə dövlət orqanı qanunsuz hərəkət və həkətsizlik etdiyinə, barəsində əsassız inzibati protokol tərtib etdiyinə, sübutları məhkəməyə təqdim etməkdən imtina etdiyinə görə işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə cavabdehi məhkəməyə çağırmır, onun məhkəməyə gəlməsini təmin etmir, sübutların məhkəməyə təqdim edilməsini tələb etmir, əksinə icra və siyasi orqan olan DİN-in göstərişlərini yerinə yetirərək onun qanuni tələbini mümkünsüz hesab olunmasına dair qərardad qəbul edir. Məhkəmə qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli və Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli qərarlarını yanlış təfsir etmiş və səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Eyni Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iddia tələbi iddiaçı ilə inzibati orqan arasında yaranmış münasibətlərdən irəli gəlsə də, bu münasibət bilavasitə inzibati icraatla deyil, inzibati xətalara dair iş üzrə icraatla bağlı və həmin icraatın iştirakçıları (subyektləri) arasında yaranmışdır. Qanunverici isə həmin münasibətləri inzibati icraatın nizamasalma predmetinə aid etmir. Qeyd edilən iddia tələblərində inzibati mübahisəyə əsas ola biləcək hallar mövcud deyil. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Qərarının 15.2-ci bəndinə əsasən İPM-in 8.2-ci bəndində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(112)-8613/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1284/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1284/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver