Məhkəmə qərarları › İş №2-1(103)-1285/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1285/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1285/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2- 1(112)-2427/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 13.09.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23.04.2021-ci tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyasından qanunsuz tutulmuş pulların geri qaytarılması və Filialın qanunazidd hərəkətlərinin qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23.04.2021-ci tarixli, **********5 nömrəli qərarı ilə onun əmək pensiyasından 3.161,34 manat məbləğində pul tutulması qərara alınmışdır. Həmin qərarın təsviri hissəsi “ilkin pensiya təyinatı zamanı pensiyanın sığorta hissəsinin düzgün nəzərə alınmaması nəticəsində vətəndaş İddiaçı əmək pensiyasına 18.10.2008-ci il tarixdən 01.05.2021-ci il tarixə kimi 3161,34 manat məbləğində artıq ödəniş edilməsilə” əsaslandırılmışdır. Qeyd edilən qərar aşağıdakı səbəblərə görə ləğv edilməli, onun əmək pensiyasından qanunsuz tutulmuş pullar geri qaytarılmalı və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qanunazidd hərəkətləri qadağan edilməlidir. İlkin pensiya təyinatı 13 il bundan əvvəl 2008-ci ildə olmuşdur. Bu zaman pensiyanın sığorta hissəsinin düzgün nəzərə alınmamasında dövlət orqanının səlahiyyətli və ya vəzifəli şəxsləri səhvə yol veriblərsə bu səhvə görə 13 ildə hissə-hissə yığılmış zərərin məbləği, 13 ildən sonra məhkəmə qərarı olmadan ondan tutula bilməz. Bu qərar tam qanunsuz qərardır. Bilərəkdən belə bir hərəkətin edilməsi isə vəzifə səlahiyyətlərini aşmadı. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət”dən bəhs edən 1100-cu maddəsinə əsasən “Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir”. “İlkin pensiya təyinatı zamanı pensiyanın sığorta hissəsinin düzgün nəzərə alınmaması” inandırıcı deyil. Bu onun pensiyanın düzgün hesablanmamasına dair 30.03.2021-ci il tarixli müraciətindən (1968-1973-cü illərdə təhsil aldığı dövrün sığorta stajına əlavə edilməsi barədə) sonra Mərkəzi Filialının aşkar etdiyi yeni kəşfidir. Odur ki, iş üzrə müvafiq ekspertiza keçirilməli və ya aidiyyəti mütəxəssis cəlb edilib bu məsələlərə tam aydınlıq gətirilməlidir. Bundan əlavə, hər hansı işçi və ya vəzifəli şəxs tərəfindən 13 il bundan əvvəl “ilkin pensiya təyinatı zamanı pensiyanın sığorta hissəsinin düzgün nəzərə almamasına” görə onun üzərinə heç bir cavabdehlik və ya məsuliyyət qoyula bilməz. Hətta bu hallar həqiqət olsa belə (ekspertiza rəyindən və ya mütəxəsis araşdırmasından sonra dəqiq məlum olacaq) guya hər ay artıq ödənmiş “5 manat” pul ondan deyil, həmin işçidən tutula bilərdi. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 23.04.2021-ci il tarixli, **********5 nömrəli qərarın etibarsız hesab edilməsi, qeyd olunan qərar əsasında onun əmək pensiyasından qanunsuz tutulmuş pul məbləğinin onun pensiyasına bərpa olunmaqla, geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi və məhkəmə qərarı və ya onun razılığı olmadan pensiyasından tutulmalarla bağlı hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(112)-2427/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 23.04.2021-ci il tarixli, **********5 nömrəli qərarın etibarsız hesab edilməsi, qeyd olunan qərar əsasında İddiaçı əmək pensiyasından qanunsuz tutulmuş pul məbləğinin onun pensiyasına bərpa olunmaqla, geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi və məhkəmə qərarı və ya iddiaçının razılığı olmadan sonuncunun pensiyasından tutulmalarla bağlı hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 01.01.2006-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Onun əmək pensiyasının növü 18.10.2008-ci il tarixli müraciəti əsasında dəyişdirilmiş və əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Həmçinin iddiaçının 30.03.2021-ci il tarixli təhsil illərinin sığorta stajına daxil edilməsi ilə bağlı müraciəti əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Onun yaşa görə əmək pensiyası 01.09.1968- 30.06.1973-cü illər təhsil aldığı dövr, 08.10.1973-31.01.1983-cü illər, 10.02.1983- 27.10.1993-cü illər, 01.11.1993-31.12.2005-ci işlədiyi illər üzrə ümumi 37 il 9 gün sığorta stajı əsasında yenidən hesablanmışdır və əmək pensiyasının məbləği 589 manat 69 qəpik müəyyən edilmişdir. İlkin pensiya təyinatı zamanı təhsil illəri sığorta stajına daxil edilmişdir. Yenidən hesablama zamanı İddiaçı əmək pensiyasına 18.10.2008- ci il tarixindən 01.05.2021-ci il tarixinədək 3161,34 manat artıq ödəmə məbləği müəyyən edilmişdir. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi” haqqında 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən İ və İİ qrup əlillərə (müharibə əlilləri və onlara bərabər tutulanlar istisna olmaqla), sosial pensiyaçılara 6 manat aylıq müavinət verilir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman qeyd edilən müavinət əmək pensiyasının sığorta hissəsinə əlavə edilərək, ödənilirdi. Lakin yaşa görə əmək pensiyasına keçən zaman onun əmək pensiyası sığorta hissəsinə 6 manat əlavə edilərək hesablanmağa davam etmişdir. İddiaçının təqdim etdiyi 17.10.2017-ci il tarixli “sığortaolunanın fərdi uçot məlumatlar əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışa əsasən İddiaçı 01.03.2006-cı il tarixindən 01.01.2017-ci il tarixinədək 10 il 10 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 7932.89 manat pensiya kapitalı, 06.11.2017-ci il tarixli arayışa əsasən 01.03.2006-cı il tarixindən 01.01.2017-ci il tarixinədək 14.279,2 manat pensiya kapitalı, 23.04.2018-ci il tarixli arayışa əsasən isə 01.03.2006-cı il tarixindən 01.09.2017-ci il tarixinədək 16215.1 manat pensiya sığorta kapitalı müəyyən olunmuşdur. Həmin arayışlarda 01.01.2006-cı il tarixindən 01.11.2008-ci il tarixinədək olan pensiya sığorta kapitalı istifadə edildiyi halda əmək pensiyası yenidən hesablanarkən həmin illər üzrə pensiya kapitalı təkrar nəzərə alınmışdır. Nəticədə İddiaçı yaşa görə əmək pensiyası 12598,90 manat əvəzinə 16215,10 manat pensiya kapitalı əsasında yenidən hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci, 28.1.2-ci, 63.1-ci və 64.1-ci maddələrinə əsasən İddiaçı əmək pensiyasına 18.10.2008-ci il tarixindən 01.05.2021-ci il tarixinədək 3161,34 manat (yuxarıda qeyd olunan cədvəldə qeyd olunmuş hesablanmayadək olan məbləğlərlə uyğun olaraq hesablandıqdan sonra olan məbləğlər arasındakı fərq məbləğinin cəmi) artıq ödəmə məbləği müəyyən edilmişdir. Həmin məbləğ bölünərək 01.07.2021-ci il tarixindən 31.10.2023-cü il tarixinədək hər ay 112.90 manat olmaqla onun əmək pensiyasından Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. İşin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında cavabdehin 23.04.2021-ci tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyasından qanunsuz tutulmuş pulların geri qaytarılması və Filialın qanunazidd hərəkətlərinin qadağan edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək,onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,onun təmin edilməməsini xahiş etdi Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - “ASAN 1” tərəfindən 08.02.2014-cü ildə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23.04.2021-ci il tarixli **********5 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı 18.10.2008-ci il tarixindən 01.05.2021-ci il tarixinədək artıq ödənilmiş 3161,34 manat məbləğində əmək pensiyasının artıq ödənilməsinə dair sənədlər nəzərdən keçirilərək, xx.xx.1951-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan İddiaçı ödənilmiş 18.10.2008-ci il tarixindən 01.05.2021-cl il tarixinədək 3161,34 manatın hər ay əmək pensiyasından tutulması qərara alınmışdır. - iddiaçının müraciətinə cavab olaraq, inzibati orqan tərəfindən verilmiş 06.07.2021-ci il tarixli **********9 saylı məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi ilə 01.11.2008-ci il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin araşdırılması zamanı ona təyin olunmuş əmək pensiyasının məbləğinin artıq hesablanaraq ödənildiyi aşkar edilmişdir. Onun 30.03.2021- ci il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanmışdır və 01.09.1968- 30.06.1973-cü illər təhsil aldığı dövr sığorta stajına əlavə edilmişdir. Qnunun 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Yenidən hesablanma zamanı məlum olmuşdur ki, ilkin pensiya təyinatı zamanı pensiyanın sığorta hissəsi düzgün nəzərə alınmadan ödənilmişdir. Nəticədə 18.10.2008-ci il tarixindən 01.05.2021-ci il tarixinədək 3161,34 manat artıq ödəmə məbləği aşkarlanmışdır. Qeyd olunanlar nəzərə alınaraq Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın **********5 saylı 23.04.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və 01.01.2021 -ci il tarixindən 589,69 manat müəyyən edilmişdir. Bu səbəbdən, 18.10.2008-ci il tarixindən 01.05.2021-ci il tarixinədək artıq ödənilmiş 3161,34 manat vəsait bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, məhkəmənin mövqeyi ilə razı deyil. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsiəmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Həmin Qanunun 5.3-cü maddəsi əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının ilkin tələbi cavabdehin 23.04.2021-ci tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyasından qanunsuz tutulmuş pulların geri qaytarılması və Filialın qanunazidd hərəkətlərinin qadağan edilməsi olmuş, daha sonra birinci instansiya məhkəməsi tərəfindən ona iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməsi təklif edilmişdir. İşin birinci instansiya icraatı zamanı iddiaçı dəqiqləşdirilmiş iddia tələbi barədə ərizə təqdim edərək “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 23.04.2021-ci il tarixli, **********5 nömrəli qərarın etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi işin birinci instansiya icraatı zamanı iddia tələbi 23.04.2021-ci il tarixli, **********5 nömrəli qərarın etibarsız hesab edilməsi ilə əlaqəli olmuş, işin hazırkı apellyasiya icraatı zamanı tələb dəqiqləşdirilərək, müvafiq qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçının iddianı qaldırarkən məqsədi və iddianın gələcəkdə uğurluluq ehtimalı nəzərə alınaraq onun nümayəndəsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməsi təklif edilmiş və müvafiq ərizə təqdim edilərək, iddia tələbinin “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında cavabdehin 23.04.2021-ci tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyasından qanunsuz tutulmuş pulların geri qaytarılması və Filialın qanunazidd hərəkətlərinin qadağan edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir Məhkəmə kollegiyası hesab edir ki, aktın etibarsız hesab edilməsi və aktın ləğv edilməsi fərqli anlayışlardır və hüquqi nəticələri fərqlidir. Aktın etibarsızlığına və qanunsuzluğuna səbəb olan hallar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun normalarına əsasən bir-birindən fərqlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının razılığı olmadan və məhkəmə qərarı olmadan cavabdeh iddiaçının pensiyasından tutulma barədə 23.04.2021-ci tarixli, **********5 nömrəli qərar qəbul etmişdir ki, bu yuxarıda qeyd edilən normanı, habelə “İnzibati icraat haqqında” Qanunun normalarını pozmuşdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçının mübahisələndirdiyi qərar iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı qəbul edilməmişdir, iddiaçıya təyin edilmiş pensiyasından müəyyən məbləğin, cavabdehin artıq ödənilmiş hesab etdiyi məbləğin tutulması barədə qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: - 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən hazırkı iş üzrə yuxarıda qeyd edilən hallardan hər hansı birinə istinad edilməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(112)-2427/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 23.04.2021-ci il tarixli, **********5 nömrəli qərar ləğv edilsin . Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək pensiyasından qanunsuz tutulmuş pul məbləği geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar