Məhkəmə qərarları › İş №2-1(103)-1285/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1285/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1285/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X5) “kompensasiyanın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5691/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs X5) Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Bakı şəhəri, Yasamal rayonu, 12- Nərimanov, döngə 1 ünvanında yerləşən fərdi evin iddiaçı ilə razılaşdırılma aparılmadan sökülməsi ilə əlaqədar etdiyi hərəkət və hərəkətsizlikləri ona münasibətdə qanunsuz hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 12-Nərimanov, döngə 1 ünvanında yerləşən fərdi evin sökülməsi ilə əlaqədar həmin evin ümumi sahəsinin, onun mülkiyyəti olan 1/2 hissəsinə görə kompensasiyasının verilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5691/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5691/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, iddiaya mahiyyəti üzrə baxılmasının təmin olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2-1(112)-5691/2022 saylı qərardadı əsaslı sayıla bilməz. Belə ki, iddia tələbi üzrə cavabdeh icra hakimiyyətinin sökdüyü binada iddiaçıya aid hissə var və həmin hissənin ona aidliyini təsdiq edən notariat sənədi vardır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5691/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını, iddiaya mahiyyəti üzrə baxılmasının təmin olunmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5691/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X3 lazımi qaydada məlumat verilməsinı baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5691/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Yasamal rayonu, 12-ci Nərimanov döngəsi, dalan 1, 2 saylı fərdi yaşayış evinə dair məlumat və sənədlərin verilməsi haqqında müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi baxılmışdır. Bildirilir ki, İddiaçı və X2 adlarına ünvan 2 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. ünvan 2 ünvanında bir neçə daşınmaz əmlak aşkar edilmişdir. Ünvan haqqında ətraflı məlumat (sahəsi, otaq sayı) təqdim edildikdə sorğuya yenidən baxılacaqdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Yasamal Rayon İcra Hakimiyyətinə daxil olan sorğunuza baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 2 ünvanında yerləşən əmlakın sökülməsi ilə bağlı İddiaçı mülkiyyətində və istifadəsində sözügedən evin olmaması səbəbindən həmin şəxsə hər hansı kompensasiya məbləği ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladığınız müraciətinizə cavab olaraq bildirilir ki, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barəsində məlumatlar Sizə göndərilir. Həmin məlumatlardan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatda deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin faktiki hallarından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Bakı şəhəri, Yasamal rayonu, 12- Nərimanov, döngə 1, ünvanında yerləşən fərdi evin onunla razılaşdırılma aparılmadan sökülməsi ilə əlaqədar etdiyi hərəkət və hərəkətsizlikləri ona münasibətdə qanunsuz hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 12-Nərimanov, döngə 1, ünvanında yerləşən fərdi evin sökülməsi ilə əlaqədar həmin evin ümumi sahəsinin, onun mülkiyyəti olan 1/2 hissəsinə görə kompensasiyasının verilməsinin təmin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində və istifadəsində olmasını təsdiq edən hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən, İddiaçı alınmanın təsirinə məruz qalan şəxs hesab edilmir. Həmin ünvanda yerləşən fərdi yaşayış evi X2 faktiki sahibliyində və istifadəsində olmuş və daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarın təsirinə düşmüşdür. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq olaraq həmin şəxslə alan orqan arasında alqı-satqı müqaviləsi bağlanaraq sözügedən fərdi yaşayış evi dövlət ehtiyacları üçün satın alınmışdır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbini X5 ilə bağlanılmış xx.xx.2017-ci il tarixli İlkin Müqavilə ilə əsaslandırmışdır. Sözügedən əqdin məzmunundan aydın olur ki, tərəflər razılığa gəliblər ki, X5 Bakı şəhəri, Yasamal rayonu, 12-ci Nərimanov döngəsi, dalan 1, 2 saylı fərdi yaşayış evinin istifadəsində olan 1 otağın müəyyən hissəsini İddiaçı gələcəkdə satacaqdır və Anar İsmayılovun sonuncuya olan 20.000 manat kredit borcu ilə əvəzləşdirilmiş olacaqdır. Lakin qeyd olunan daşınmaz əmlak Anar İsmayılovun istifadəsində olduğu üçün alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Başqa sözlə, sözügedən əmlakın gələcəkdə alqı-satqısı baş tutmağı üçün satıcının mülkiyyətində olmalıdır. Mülkiyyətdə olmayan daşınmaz əmlakın alqı-satqısı mövcud qanunvericiliyin tələblərinə ziddir. Mübahisə predmeti olan evin siyahıya alınması zamanı həmin ev iddiaçının mülkiyyətində, sahibliyində və istifadəsində olmamışdır. Bu səbəbdən də iddiaçının kompensasiya almaq hüququ (subyektiv hüquq) yaranmamışdır. Odur ki, iddiaçının mübahisə predmeti olan evə dair iddia tələbi irəli sürməyə subyektiv hüququ mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının qeyd olunan evə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və həmin ev iddiaçının mülkiyyətində, sahibliyində və istifadəsində olmamışdır. İddiaçı qeyd olunanlarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5691/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar